Zaporojye şəhərinin cənub-şərqi bu günə qədər ən strateji əhəmiyyətli bölgədir. Azov dənizinə doğru bu istiqamətdə irəliləyiş uğurlu olarsa, Rusiyanın Rostov-na-Donu şəhərini Krıma birləşdirən təchizat xətlərinin pozulmasına səbəb ola bilər.
Zaporojye bölgəsindəki Robotine və Verbove kəndlərinin ətrafı istisna olmaqla, bu cəbhədə çox da irəliləyiş əldə olunmayıb. Əgər Ukrayna bu əsas təchizat yolunu kəsə bilsə, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda nəhəng qarnizonunu saxlaması demək olar ki, mümkün olmayacaq.
Ukrayna qoşunlarının əhəmiyyətli maneələrə baxmayaraq, cənub cəbhəsində Rusiyanın müdafiə xəttini yardığı təsdiqlənib. Verbove yaxınlığındakı cəbhə xəttindən çəkilmiş və sosial mediada yayımlanan 9 videonu yoxladıq. Videolardan dördü Ukrayna qüvvələrinin Verbovenin şimalında Rusiya müdafiəsini yardığını göstərir.
Lakin bu vəziyyət Ukraynanın regiona nəzarəti ələ almağa müvəffəq olduğunu göstərmir. Hələlik biz görürük ki, yalnız Ukrayna piyadaları Rusiya müdafiəsini yarıb. Ukraynanın zirehli birliklərinin bölgədən keçərək, ələ keçirilən ərazini qoruduğunu isə müşahidə etmirik.
Ukrayna ordusunun daha sürətlə irəliləməsinə nə mane olur?
Geniş əraziyə yerləşdirilən minalar Ukraynanın irəliləyişini ləngitdi. Bəzi yerlərdə hər kvadratmetrə 5 mina düzülür. İyun ayında Ukraynanın bu minalanmış əraziyə ilk hücum cəhdi uğursuzluqla nəticələnib. Qərb ölkələrinin Ukrayna ordusuna göndərdiyi müasir zirehli maşınlar hücum zamanı sıradan çıxıb və yanıb. Ukrayna piyadaları da eyni şəkildə minalanmış ərazidə qalıb və dəhşətli itkilər veriblər.
Ukrayna ordusu daha sonra piyada şəkildə yeriyərək irəliləyən hərbi qulluqçuları ilə əsasən gecə və bəzən atəş altında bu minaları təmizləməyə cəhd etməyə məcbur oldu. Bu günə kimi ləng irəliləyişin səbəbi budur. Ukraynanın tankları və zirehli vasitələri Rusiyanın minalarına, Pilotsuz Uçuş Aparatlarına (PUA) və tank əleyhinə raketlərinə qarşı həssasdır.
“BBC Verify” müəyyən edib ki, Böyük Britaniyanın Ukraynaya göndərdiyi “Challenger 2” tanklarından biri Robotine yaxınlığında vurulub. Bu tanklar yalnız minalanmış ərazidə kifayət qədər geniş yol açıldıqda və bölgədəki rus artilleriya birliklərinə qarşı üstünlük təmin edildikdə irəliləyə biləcək.
Ukraynanın əks-hücumunu bundan sonra nə gözləyir?
Ukraynalıların hələ də yaşadıqları problem daha çox qoşunun daxil olub irəliləməsi üçün kifayət qədər böyük bir məkan yaratmaqdır. Bu arada Rusiya bölgəyə əlavə qüvvələr göndərir. Cəbhədəki vəziyyət dinamik və aktivdir. Rusiya hələ də Ukraynanın müharibədə qazandığı uğurları geri qaytara bilər.
Verbove şəhəri yaxınlığında Rusiyanın elit hava-desant bölməsi VDV-nin yerləşdiyi barədə məlumatlar var idi. Rus PUA-sının çəkdiyi videonun geolokasiyasını təyin etdik. Videodan görünür ki, bu xəbərlər doğrudur. Belə görünür ki, Rusiya Ukraynanın əks-hücum zamanı cəbhə xəttində buraxdığı boşluqları doldurmağı hədəfləyir.
Ukrayna qüvvələri cəbhədə Rusiya qüvvələrinin müqaviməti ilə üzləşməkdə davam edir. Rusiya qüvvələri, artilleriya atəşi, PUA zərbələri və müdafiə xətləri ilə yanaşı, Ukrayna siqnallarının pozulmasına və PUA-ların istifadəsinə yönəlmiş radioelektron müharibə tədbirlərindən də geniş istifadə edir.
Ukrayna sahilə gedən yolun cəmi 10 faizindən çoxunu qət etsə də, reallıqda daha çox təfərrüat var. Rusiya qüvvələri üç aylıq intensiv hücumlardan, o cümlədən təchizat xətlərini hədəf alan uzun mənzilli zərbələrdən sonra tükənib. Yəqin ki, onlar həmçinin ruhdan düşüblər. Əgər Ukrayna Rusiyanın qalan müdafiəsini aşaraq Tokmak şəhərinə çata bilsə, Rusiyanın Krıma aparan dəmir yolu və avtomobil təchizatı xətləri artilleriya mənzilinə daxil olacaq.
Əgər Ukrayna ordusu bunu edə bilsə, o zaman əks-hücum uğurlu kimi qələmə verilə bilər. Bu, çox güman ki, 2024-cü ilə və bəlkə də daha uzun müddətə uzanacaq müharibəyə son qoymaya bilər, lakin bu, Moskvanın müharibə səylərini ciddi şəkildə sarsıdacaq və sülh danışıqları başlayanda Ukraynanı daha güclü vəziyyətə salacaq.
Bununla belə, Kiyev üçün vaxt daralır. Bir neçə həftədən sonra yolları palçığa çevirən və irəliləyişə mane olan yağışlı mövsüm başlayacaq. ABŞ-də prezident seçkilərinin gətirəcəyi qeyri-müəyyənlik də var. Çünki respublikaçılar qalib gəlsələr, bu, kəskin şəkildə azala bilər. Rusiya Prezidenti Vladimir Putin də ukraynalıların əks-hücumda uğur qazanmalı olduqlarını bildikləri kimi anlayır ki, ABŞ prezident seçkilərinə qədər çətinliklərə tab gətirmək lazımdır.
Dəyanət Ağalarlı
Ordu.az