Ordu.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” bildirib.
ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib ki, gücdən istifadə yolverilməzdir və regionda sülhün bərqərar edilməsi səylərinə ziddir.
Dövlət katibinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən uzunmüddətli sülhün əldə edilməsi prosesinə Ermənistan və Azərbaycan liderlərinin böyük töhfəsi var.
“Beləliklə, bu həftə şahidi olduğumuz hərəkətlər, sadəcə olaraq, çalışdığımız ədalətli və davamlı sülhün bərqərar edilməsi səyləri ilə ziddiyyət təşkil edir. Bu səylər regionun hər iki ölkəsi üçün son dərəcə faydalıdır və 30 illik münaqişədən sonra müsbət dəyişiklik gətirəcək”, - deyə Blinken vurğulayıb.
Londonda yerləşən “Conciliation Resources” təşkilatının Qafqaz proqramının direktoru doktor Lorens Broyers bu məsələyə son dərəcə ehtiyatla yanaşır.
Onun sözlərinə görə, bu son hadisələrdən sonra belə görünə bilər ki, indi Azərbaycan Qarabağda bütün məqsədlərinə nail olub və sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməyə hazırdır.
Bununla belə, analitik hesab edir ki, qısamüddətli perspektivdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası danışıqların təşkil edilməsi böyük problemdir.
“Mən bunun Cənubi Ermənistanın tranzit marşrutlarına necə təsir edəcəyindən narahatam. Söhbət Türkiyədə və Azərbaycanda Zəngəzur dəhlizi adlandırılan layihədən gedir”, - deyə Broyers bildirib.
Onun sözlərinə görə, bu həftə baş verənlər onu göstərir ki, məcburetmə siyasəti işləyir və məcburetmə öz nəticəsini verir.
“Bu, ABŞ və Aİ-nin dialoqun asanlaşdırılmasında Avro-Atlantik yanaşmasının dramatik şəkildə rədd edilməsidir. Vaşinqton və Brüssel Xankəndi və Bakı arasında beynəlxalq vasitəçiliyə malik dialoq mexanizminin yaradılmasına çağırıb, Azərbaycan isə bunu rədd edib, bunun onun daxili işi olduğunu və heç bir kənar müdaxiləni qəbul etməyəcəyini bildirib. Beləliklə, hesab edirəm ki, baş verənlər Aİ-nin legitimləşdirilməsinə və ümumiyyətlə, Qərbin Cənubi Qafqazda təsirinin daha da dəyərdən düşməsinə gətirib çıxaracaq”, - deyə Broyers vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az