Qardaş dəstəyi özünü bir daha göstərdi - Türkiyənin müdafiə sənayesi nümayəndə heyəti kritik dövrdə Azərbaycandadır

2023/09/1695449962.jpg
Oxunub: 376     10:16     23 Sentyabr 2023    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərlik etdiyi Türkiyə müdafiə sənayesindən nümayəndə heyəti rəsmi təmaslar aparmaq üçün Azərbaycana gəlib.

Ordu.az xəbər verir ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri başa çatdıqdan dərhal sonra Türkiyənin müdafiə sənayesindən nümayəndə heyəti Azərbaycana gəlib.

Türkiyə MSK-nin sədr müavini Gökhan Uçarın rəhbərlik etdiyi nümayəndə heyətinə müxtəlif müdafiə sənayesi şirkətlərinin nümayəndələri daxildir.

Nümayəndə heyəti Türkiyənin Bakıdakı səfiri Cahit Bağcıya da baş çəkib və səfir Bağcıya Milli Döyüş Təyyarəsi “Kaan” modelini təqdim edib. Azərbaycan son aylarda Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi “Kaan”ın hazırlanması məqsədilə həyata keçirilən Milli Döyüş Təyyarəsi Layihəsinə daxil olub.

Digər tərəfdən, Türkiyə MSK-nin xaricdə təşkilatlanması istiqamətində görülən işlər çərçivəsində Azərbaycana ilk “müdafiə sənayesi müşaviri” təyin edilib.

Hazırda Azərbaycan “Akıncı”, “Bayraktar TB2”, TRG-300, TRLG-230, MAM-L, MAM-C, MAM-T, LGK, KGK və HAKİM kimi Türkiyənin müdafiə sənayesi məhsullarından fəal şəkildə istifadə edir. Lakin məlumata görə, Azərbaycanın yaxın vaxtlarda Türkiyədən hücum helikopterləri, haubitsalar, hava hücumundan müdafiə sistemləri, taktiki raketlər və radioelektron döyüş vasitələri tədarük edəcəyi gözlənilir.

Azərbaycan Ordusunun inventarındakı mövcud sovet istehsalı olan texnikanın modernləşdirilməsində Türkiyənin müdafiə sənayesi sektoru da fəallıq göstərir. Bu çərçivədə Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Su-25” döyüş təyyarələri TUSAŞ tərəfindən modernləşdirilərək “Su-25ML Modernləşdirilmiş Laçın” adlandırılıb. Modernləşdirilmiş təyyarələrə Türkiyə müdafiə sənayesi tərəfindən istehsal edilən idarəolunan sursatlar da inteqrasiya edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin