İsrailin yeni nəsil əsas döyüş tankı – BARAK

2023/09/11-1695406410.jpg
Oxunub: 527     22:21     22 Sentyabr 2023    
İsrail ordusunun Zirehli Birlikləri üçün Süni Zəka (SZ), sensorlar, radar və kiçik kameralarla təchiz edilmiş yeni “Barak” tankını təqdim edib.

Müdafiə Nazirliyi bildirib ki, tank sistemləri 360 dərəcə ətraf mühitin müşahidə texnologiyası əsasında düşmən mövqelərini aşkar edərək və döyüş meydanındakı qoşunlara hədəfləri təmin edərək, İsrail qoşunlarına üstünlük verəcək.

Briqada generalı Oren Giber deyib: “Barak” tankı IDF (İsrail Müdafiə Qüvvələri) hərbi qulluqçularını bütün döyüş vəziyyətlərində qalib gəlməyə imkan verəcək daxili çevikliyə malik silah sistemi ilə təmin etmək üçün kövrəklik əleyhinə konsepsiya əsasında hazırlanıb”.

Nazirlikdən “Defense News”a verilən məlumata görə, “Barak”, əvvəlki nəsil “Merkava” tankları kimi, Müdafiə Nazirliyinin yerli olaraq MANTAK kimi tanınan zirehli döyüş vasitələri idarəsi tərəfindən hazırlanıb. Nazirlik sifariş edilən vahidlərin sayını, yerləşdirmə qrafikini və ya dəyərini açıqlamasa da, texnoloji sıçrayışa baxmayaraq qiymətin “Merkava 4M”ə bənzədiyini bildirib.

İsrail Müdafiə Qüvvələri üçün “Merkava 4M” tankının dəyəri təxminən 3,5 milyon dollardır.


“Barak”ın təqdim olunması “Merkava 4” tanklarının IDF inventarına daxil olmasından təxminən iyirmi il sonra baş verdi. “Barak”ın inkişaf etdirilməsi beş il çəkdi və son bir il ərzində sınaqdan keçirildi. Nazirlik ordunu hər il onlarla tankla təmin etməyi gözlədiyini və təxminən iki ildən sonra ilk “Barak” briqadasının yaradılacağını bildirib.

Bu prosesdə köhnə “Merkava 4” tankları adi taborlardan ehtiyat taborlara əl dəyişdirəcək. “Barak”ın 2025-ci ilin sonuna qədər 401-ci Briqadadakı bütün “Merkava 4” tanklarını əvəz edəcəyi gözlənilir. “Barak” tapşırıqların yerinə yetirilməsi üçün sensor ekranlara və əməliyyat proqramları qutusuna malikdir.

Tankın sistemi tez bir zamanda məlumat yarada və çıxara, sonra həmin məlumatları hədəf bankın bir hissəsi kimi zərbə bölmələrinə ötürə, həmçinin real vaxt rejimində hərbi birliklər arasında kəşfiyyat məlumatlarını paylaşa bilər. Zirehli Birliklərin məlumatına görə, bir cüt “Barak” tankı daha öncə bir taqım və ya bir bölük “Merkava” tankı tələb edən birləşmiş güc tapşırıqlarını yerinə yetirə biləcək.

Korpusdan ehtiyatda olan zabitlərin “Defense News”a verdiyi məlumata görə, zirehli tank bölüyündə adətən 10 tank olur. Yeni tankın kütləvi istehsalına ötən ay başlanılıb və Zirehli Birliklərin 52-ci taboruna bağlı bölük bu yaxınlarda ilk “Barak”ını təhvil alıb. Tankdakı yeniliklərə topçu və komandir üçün təkmil gecəgörmə xüsusiyyətlərinə malik yeni nişangahlar daxildir.

Digər bir yenilik isə qapaqlar bağlı olarkən 360° görmə və artırılmış reallıq məlumatlarını təmin etmək üçün komandirin dəbilqəsinə bağlanan və “Elbit Systems” tərəfindən hazırlanan “IronVision” monitorudur. “Elbit” bildirib ki, “IronVision” adlanan dəbilqə ekipajın avtomobilin zirehinin daxilini görməyə imkan verən görüntü yaradır və hərbi qulluqçulara təbii görmə məhdudiyyətlərini aradan qaldırmağa kömək edərkən, missiyanın səmərəliliyini və təhlükəsizliyini artıracaq.

Qeyd olunur ki, sistem ön hissəni hərəkət etdirərək 360 dərəcə darama icra edilməsinə və SZ imkanlarının köməyi ilə real vaxt rejimində hədəflərin tapılmasına imkan verəcək.


Komandirdə həmçinin IDF-in yeni “Eitan” və “Namer” piyada döyüş maşınlarında quraşdırılmış “Nir-Or” monitoruna bənzəyən sensor monitor var. Bu sistemlər tank komandirinin snayper atəşinə qarşı müdafiəsiz qalacağı və ya ətrafının daha az görünə biləcəyi əvvəlki “Merkava” modellərindən fərqli olaraq, hərbi qulluqçulara tank tamamilə qapalı, heç bir qapaq açıq olmadan döyüşməyə imkan verəcək.

“Barak” tanklarına həmçinin “Rafael” tərəfindən hazırlanan, hazırda “Merkava” tankının və “Namer” zirehli personal daşıyıcılarının köhnə modellərində istifadə edilən qabaqcıl raketdən müdafiə sistemi “Windbreaker” daxildir. İsraildən kənarda “Trophy” sistemi kimi tanınan “Windbreaker” gələn raketləri aşkarlayan və onların trayektoriyalarını proqnozlaşdıran radar aşkarlama sisteminə və gələn raketin tankdan uzaqda partlamasına səbəb olan aktiv qoruma sisteminə malikdir.

Nazirlik bildirir ki, “Barak” tanklarının atəş gücü də “əhəmiyyətli təkmilləşdirmə” əldə edib və ordunun “ölümcüllüyü”nü artırıb. Müdafiə şirkətinin məlumatına görə, “Elbit” tərəfindən hazırlanan atəşə nəzarət sistemi təkmilləşdirilmiş mənzillərlə gündüz və ya gecə “hərəkətsiz və hərəkətdə olarkən dəqiq hücumlar”a imkan verir. Bildirilir ki, “Barak” tankı quruda və havada döyüşən bütün qüvvələr arasındakı atəş halqalarını, döyüşdə zamanı azaldacaq və dəqiqliyi artıracaq imkan və vasitələrə malikdir.

Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrailin 1973-cü il Yom Kippur müharibəsinin 50-ci ildönümünü və ölkəni müdafiə etmək üçün Zirehli Birliklərin hərbi qulluqçularının qəhrəmancasına döyüşlərini qeyd etdiyi bir vaxtda tankın elan edilməsi “simvolik” olub. Qallant verdiyi açıqlamada deyib: “Biz quru manevrlərində əsas və həlledici amil kimi tankın yararlılığına və gücünə dair əlavə sübutlar alırıq”.

O, “Barak” tankının Zirehli Birliklərin imkanlarında əlamətdar sıçrayış olduğunu, müdafiə və hücumda həmişə IDF-nin keyfiyyət üstünlüyünə zəmanət verdiyini bildirib.

“Merkava” 1980-ci illərdən bəri IDF-nin əsas döyüş tankı olub. Son illərdə Zirehli Birliklər “Merkava Mark 3” modellərinin əksəriyyətini 2003-cü ildə təqdim edilən daha müasir “Mark 4” ilə əvəz etdi.

Nazirlikdən verilən məlumata görə, “Barak” sonda Zirehli Birliklərin əsas döyüş tankına çevriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin