Azərbaycanın Qarabağda antiterror tədbirləri| Paşinyan hakimiyyətdə qala biləcək?– ANALİZ

2023/09/1695404744.jpg
Oxunub: 395     21:23     22 Sentyabr 2023    
Azərbaycanın öz ərazisi olan Qarabağda başlatdığı antiterror tədbirləri Aİ və ABŞ-nin vasitəçiliyi ilə davam edən sülh danışıqlarının nəticə verməməsi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin nəticəsidir.

İkinci Qarabağ müharibəsindən sonra regionda qalan məsələlərin həlli istiqamətində davam edən diplomatik danışıqlar və müzakirələr müsbət nəticə vermədi. İkinci Qarabağ müharibəsində 30 ildir işğal altında olan 13 min kvadrat kilometr ərazinin 10 min kvadrat kilometri Azərbaycan Ordusunun nəzarəti altına keçib, qalan 3 min kvadrat kilometrə isə 2025-ci ilə qədər rus sülhməramlı kontingenti yerləşdirilib. Azərbaycan tərəfi mülki şəxslərə zərər verməmək üçün erməni mülki əhalinin yaşadığı bu bölgəyə daxil olmadığını, humanitar mövqe nümayiş etdirdiyini bildirib və Prezident İlham Əliyev bundan sonra məsələnin sülh yolu ilə həll ediləcəyini bəyan edib.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyannaməyə əsasən, bölgəyə yerləşdirilən rus sülhməramlı kontingenti dinc əhalinin və bölgənin təhlükəsizliyini təmin etməli, rus sülhməramlı kontingentinin gəlişi ilə isə buradakı erməni silahlı birləşmələri bölgəni tərk etməli idi. Lakin bu üçtərəfli bəyannamədən 3 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bölgədə qalmaqda davam edir. Əslində, erməni tərəfi bu silahlı qüvvələri burada saxlamaqla onları diplomatik danışıqlarda alət kimi istifadə etməyi qarşısına məqsəd qoymuşdu. Buradakı silahlı qüvvələr Azərbaycanla dialoq prosesinə başlamaq istəyən bölgədəki ermənilərin də iradəsini girov götürüb.

Ermənistan silahlı qüvvələri bölgədə qalmaqla kifayətlənməyib, Azərbaycanın işğaldan azad edilmiş ətraf rayonlarda quruculuq fəaliyyətlərini təhdid edib, bu ərazilərə soxularaq minalar yerləşdirib, insanların həlak olmasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bölgədə 10 minə yaxın qanunsuz erməni silahlısı, 100-dən çox tank, zirehli texnika və raket kompleksləri mövcud idi.

Uzun müddətdir Azərbaycanın haqlı tələblərinə baxmayaraq, bu silahlı şəxslər bölgədən çıxarılmayıb. Nəhayət, sentyabrın 18-də bu silahlı birləşmələr işğaldan azad edilmiş ərazilərə soxularaq, asfalt yola minalar düzüb, minanın partlaması nəticəsində 7 Azərbaycan polisi və tikintidə çalışan 1 mülki şəxs həyatını itirib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti öz bəyanatında bu hadisəni terror kimi qiymətləndirib. Yerləşdirilən minalar nəticəsində son 3 ildə 61 azərbaycanlı həyatını itirib, 253 azərbaycanlı yaralanıb. Məsələ ilə bağlı xəbərdarlıqlara baxmayaraq, baş verən bu son hadisədən sonra Azərbaycan tərəfindən antiterror tədbirləri başladıldı.

Antiterror tədbirləri

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda konstitusiya quruluşunun bərpası üçün antiterror tədbirlərinə başladığını açıqladı. Nazirlik bəyan etdi ki, hədəf mülki şəxslər deyil, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə qeyri-qanuni silahlı birləşmələri məhv etməkdir. Bəyanatda bu qoşunların Azərbaycanın tikinti-quruculuq işlərini gecikdirdiyi, azərbaycanlılara mina terroru ilə hücum etdiyi, dinc sakinlərin geri qayıtmasını gecikdirdiyi bildirilib. Müdafiə Nazirliyi açıqlamasında mülki əhalinin hərbi hədəflərdən uzaq durmalı, silahlı birləşmələrə yardım etməməli və təhlükəsiz bölgələrdə məskunlaşmalı olduqlarını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 90-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda döyüşün ilk anında Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.

Digər tərəfdən, əməliyyatlar davam edərkən, Azərbaycan Prezident Administrasiyasının verdiyi bəyanatda Qarabağın erməni sakinlərinin nümayəndələri reinteqrasiya prosesini müzakirə etmək üçün yenidən görüşməyə dəvət edildi. Lakin antiterror tədbirlərinin dayandırılması üçün üç şərt irəli sürülüb: Bütün silahlıların silahlarını yerə qoyması və təslim olması, Qarabağdakı “prezidentlik”, “parlament”, “nazirlik” kimi qeyri-qanuni strukturların ləğv edilməsi. Nəticə isə hər kəsə məlumdur, Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olundu və Yevlaxda ilk görüş baş tutdu.

Türkiyənin dəstəyi

Bu əməliyyatlar davam edərkən ən güclü dəstək Türkiyədən gəlib. Əməliyyatın davam etdiyi saatlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı addımları dəstəkləyirik” deyə açıqlama verib. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu haqlı addımlarını dəstəklədiklərini deyib, müdafiə naziri Yaşar Gülər isə “Hər zaman olduğu kimi indi də Azərbaycanın yanındayıq” açıqlamasını verib.

Rusiya cəbhəsi

Rusiya sülhməramlıları bildiriblər ki, Azərbaycan onlara antiterror əməliyyatı barədə məlumat verib. Rusiya sülhməramlılarına yalnız dinc sakinləri təhlükəsiz ərazilərə köçürmək və yaralıları müalicə etmək tapşırılıb. Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında sadəcə qeyd edib ki, Azərbaycan tərəfi əməliyyat barədə Rusiyanı son anda məlumatlandırıb. Ermənistan tərəfi Rusiyanı bu məlumatı onlarla bölüşməməkdə ittiham edib.

Əməliyyatın fonu

Əməliyyatdan bir neçə gün əvvəl Tbilisidə Azərbaycan və Ermənistan QHT-ləri və ziyalı nümayəndələri arasında xalq diplomatiyası adı altında, yəni xalqlar arasında barışıq yollarını araşdırmaq üçün görüş keçirilib. İclasda iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev X hesabında erməni tərəfinin tezisləri ilə bağlı yazıb: “Erməni tərəfi 10, 20 və ya 30 ildən sonra Azərbaycanın zəifləyəcəyini və Qarabağı yenidən işğal edəcəyini düşünür”. Artıq Azərbaycanda belə bir şübhə yaranmışdı ki, Ermənistan vaxtı uzadaraq, sülh sazişi imzalamaq istəməyəcək. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 5-də İlham Əliyevlə Qranada görüşündə sənəd imzalamayacağını bəyan edib.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni ilə bağlı təkliflərdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəflər arasında fikir ayrılıqlarının davam etdiyini açıqlayıb. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa belə, Qarabağa xüsusi status verilməsini və bunun qurulacaq beynəlxalq mexanizmlə dəstəklənməsini, Azərbaycanın oradakı suverenliyinin beynəlxalq mexanizmə keçməsini istəyir.

Ermənistanda nümayişlər

Antiterror tədbirlərinin başlaması ilə Paşinyan Təhlükəsizlik Şurasını toplayıb, məsələni müzakirə edib və hərbi müdaxilə etməyəcəklərini bəyan edib. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sakit olduğunu bildirib. Lakin Ermənistan müxalifəti Paşinyana qarşı nümayişlərə başlayıb, onun istefası və devrilməsi tələblərini irəli sürür. Ermənistan cəbhəsində Rusiyaya qarşı reaksiyalar da artıb. Hələlik Ermənistanda ordu və polis Paşinyanın nəzarətindədir və Qərb dövlətləri də onu dəstəkləyir. Ancaq Rusiyanın və ölkədə çox da güclü olmayan müxalifətin Paşinyandan narazılığı səbəbindən etirazçıların istefa çağırışının necə inkişaf edəcəyi yaxın günlərdə bəlli olacaq.

Əslində bu son hadisələr ABŞ və Avropa İttifaqının (Aİ) uğursuz diplomatiyasının nəticəsidir. Çünki Azərbaycan və Ermənistan tərəfləri son zamanlar ABŞ və Aİ vasitəsilə sülh danışıqları aparırlar və açığı, Azərbaycanda problemin bu yolla həll olunacağına ümid var idi. Lakin son vaxtlar hər iki tərəfin Ermənistanın tələblərini birtərəfli qaydada ifadə etməsi və Azərbaycana ədalətsiz tələblər irəli sürməsi, Fransanın radikal anti-Azərbaycan mövqeyi, ABŞ Senatında Azərbaycan əleyhinə bəyanatlar verilməsi və Ermənistanın razılaşmaları pozmasına məhəl qoyulmaması sülh danışıqlarının nəzarətdən çıxmasına səbəb olub.

Bu vəziyyət bir tərəfdən Azərbaycanda ciddi reaksiyalara səbəb olsa da, digər tərəfdən də məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyü düşüncəsinə səbəb olub. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan və orada qanunsuz silahların mövcudluğundan xəbərdar olan Qərb ölkələrində bu əməliyyata qarşı çıxan səslər Azərbaycanın Qərbə inamsızlığını daha da artırır.

Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanın öz ərazisində - Qarabağda başlatdığı son antiterror tədbirləri Aİ və ABŞ-nin vasitəçiliyi ilə davam edən sülh danışıqlarının nəticə verməməsinin və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin nəticəsidir. Bu tədbirlərin məqsədi İkinci Qarabağ müharibəsi nəticəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində Azərbaycanın suverenliyini təmin etməkdir. Bu məqsədlə 10 noyabr üçtərəfli bəyannaməsinə uyğun olaraq buradakı qeyri-qanuni strukturların ləğvi, Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılması və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

Cavid Vəliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin