BMT Baş Assambleyasının 78-ci sessiyasında Fransanın hüquqazidd davranışları müzakirə olunur

2023/09/64f6a-1693889570.jpg
Oxunub: 35653     17:42     22 Sentyabr 2023    
BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin mənzil qərargahında Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı dəyirmi masa öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, tədbirdə BMT rəsmiləri, beynəlxalq təşkilata üzv ölkələrin hökumət nümayəndələri, xüsusilə, dünyada müstəmləkəçiliyə məruz qalan dövlətlərin və xalqların (Karib adaları, Cənubi Amerika ölkələri, Sakit okean və Hind okeanı xalqları) təmsilçiləri iştirak edirlər.

Gün ərzində davam edəcək müzakirələrdə tarixən müstəmləkəçiliyi dövlət siyasətində ən sistemli və qəddar şəkildə tətbiq edən Fransanın beynəlxalq hüquqazidd davranışları müzakirə olunacaq.

Dəyirmi masada "Bakı Təşəbbüs Qrupu"nun İcraçı direktoru Abbas Abbasov iştirakçılara açılış müraciəti edib. O xatırladıb ki, Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı yan tədbir keçirilib.

"Bu tədbir bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər. Bakıda keçirilən tədbirin davamı, eləcə də Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 22 sentyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında "Bakı Təşəbbüs Qrupu" tərəfindən "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans keçirilib. Konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak etdilər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər. Daha sonra konfrans iştirakçılarına yeni yaradılmış "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkatının koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışılıb, iştirakçlar tərəfindən təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edilib və dekolonizasiya mövzusu ilə bağlı iştirakçılar arasında geniş müzakirələr aparılıb. Sonda yekun bəyanat oxunub və qəbul edilib", - deyə A.Abbasov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT-Baş-Assambleyası   Fransa  


Bizi "telegram"da izləyin