Ordu.az xəbər verir ki, çərşənbə günü axşam televiziyada ictimaiyyətə müraciət edən Polşanın Baş naziri Mateuş Moravetski bunun əvəzinə ordularını daha müasir silahlarla təchiz etməyə diqqət edəcəklərini deyib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışından sonra Ukraynanın Varşavadakı səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Zelenski çıxışında bildirib ki, bəzi ölkələr sanki Ukrayna ilə həmrəymiş kimi davranıb.
Polşa isə Zelenskinin sözlərinə “O, müharibənin ilk günlərindən Ukraynaya dəstək verən Polşaya qarşı haqsızlıq edir” deyərək reaksiya verib.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsi və Qara dənizdəki blokada Kiyev administrasiyasını taxıl ixracı üçün alternativ yollar axtarmağa məcbur edib. Buna görə də Mərkəzi Avropada böyük miqdarda taxıl yığılıb.
Avropa İttifaqı (Aİ) fermerləri qorumaq məqsədilə ittifaqa üzv olan 5 ölkəyə (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya) Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyub. Çünki bu ölkələrin fermerləri Ukrayna taxılının yerli bazarda qiyməti aşağı salacağından narahat olublar.
Aİ-nin qadağası sentyabrın 15-də başa çatıb və ittifaq qadağanı uzatmayıb. Lakin Macarıstan, Slovakiya və Polşa qadağanı saxlamaq qərarına gəlib.
Aİ-nin icra orqanı olan Avropa Komissiyası ticarət siyasətini birliyə üzv dövlətlərin deyil, Komissiyanın müəyyən etməli olduğunu dəfələrlə vurğulayıb.
Bu həftə Ukrayna Ümumdünya Ticarət Təşkilatında Slovakiya, Polşa və Macarıstana qarşı kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması ilə bağlı iddia qaldırıb.
Kiyev administrasiyası üç ölkəni beynəlxalq öhdəliklərini pozmaqda ittiham edib. Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko deyib: “Bizim üçün sübut etmək vacibdir ki, Avropa İttifaqına üzv dövlətlər təkbaşına Ukrayna mallarının idxalına qadağa qoya bilməz”. Lakin Polşa “Ümumdünya Ticarət Təşkilatı qarşısındakı şikayət bizə təsir etmir” deyərək qadağanı davam etdirəcəyini açıqlayıb.
Qadağaya baxmayaraq, Polşa, Macarıstan və Slovakiya taxıl məhsullarının öz ölkələri vasitəsilə başqa bazarlara daşınmasına icazə verəcəklərini açıqlayıblar.
Sevinc Əliyeva
Ordu.az