Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.
"Tələbələrdən və idmançılardan təşkil olunmuş dəstələr İrəvanda iğtişaşlar yaratmağa çalışır. Qruplardan biri, əldə etdiyimiz məlumata görə, Ermənistanın keçmiş rəhbərlərindən birinin oğlu ilə bağlıdır. Digərləri isə Qarabağın ən yüksək dairələrinə bağlı tələbələrdən ibarət qrupdur. Amma kim olur-olsun, reaksiya çox sərt olacaq", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, vətəndaşlar daha sürətli və sərt reaksiya istəyirlər və bu olacaq. Eyni zamanda, o qeyd edib ki, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyir. Bununla belə, Baş nazir Paşinyanın sözlərinə görə, hakimiyyət sərt davransa da, qanun və “mandat”ı çərçivəsində hərəkət edəcək.
"Biz öz həmvətənlərimizi, hətta bizi təhqir edənləri də sevirik", - Paşinyan bildirib.
Hökumət başçısının sözlərinə görə, hüquq-mühafizə sistemi yerindədir, işləyir və həbslər davam edəcək, günahkarlar cəzalandırılacaq. O, insanları sakit olmağa, qanun çərçivəsindən çıxmamağa çağırıb.
Qeyd edək ki, İrəvanda etirazçılar mərkəzi küçələrlə yürüşlərini davam etdirirlər. Fəallarla polis əməkdaşları arasında toqquşmalar baş verir. Qarabağda baş verənlər fonunda İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar və yürüşlər keçirilir.
Ordu.az