Burkina Faso parlamenti Nigerə qoşun yeritməyə icazə verən qanun layihəsini qəbul edib

2023/09/1695299878.jpg
Oxunub: 32577     16:53     21 Sentyabr 2023    
Burkina Faso parlamenti Nigerə qoşun yeritməyə icazə verən qanun layihəsini qəbul edib.

Ordu.az xəbər verir ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə mümkün hərbi müdaxiləsi qarşısında bu ölkəyə hərbi qulluqçuların göndərilməsinə icazə verən qanun layihəsi parlamentdə yekdilliklə qəbul edilib.

Buna uyğun olaraq, Nigerə hərbi müdaxilə olacağı təqdirdə Burkina Faso bu ölkədə 3 ay müddətinə hərbi qulluqçu yerləşdirə biləcək və lazım gələrsə, müddət uzadıla bilər.

İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumətə şiddətlə qarşı çıxan ECOWAS ölkədə konstitusiya quruluşunun bərpa olunmayacağı təqdirdə Nigerə hərbi müdaxilə edəcəyini açıqlayıb. Bu çərçivədə ECOWAS-ın seneqallı hərbi qulluqçuları Beninin Nigerlə sərhəd bölgəsinə yerləşdirməyə hazırlaşdığı iddia edilib.

Digər tərəfdən, Mali, Burkina Faso və Niger terrorizmlə effektiv mübarizə aparmaq üçün “Sahel Dövlətləri Alyansı (AES)” adlı ortaq müdafiə gücü yaradıb.

AES-in məlumatına görə, imzalayan ölkələrdən birinə hücum digər üzv ölkələrə hücum kimi qiymətləndiriləcək və bütün tərəflər fərdi və ya kollektiv şəkildə, o cümlədən silahlı güc tətbiq etməklə cavab verə bilər. Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan ümumi sərhəd bölgəsi Liptako-Gourma kimi tanınır. Almaniyanın ərazisindən daha böyük olan Liptako-Gourmada təxminən 7 milyon insan yaşayır.

Bölgə 2015-ci ildən bəri “Əl-Qaidə” və İŞİD-ə bağlı terror qruplarının hücumlarına məruz qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BurkinaFaso   Niger  


Bizi "telegram"da izləyin