Asiya Parlament Assambleyasının komitə iclasında anti-terror tədbirləri barədə məlumat verilib

2023/09/1695296921.jpg
Oxunub: 18037     15:30     21 Sentyabr 2023    
Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxış edib.

Mili Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, təşkilatın Asiya qitəsi daxilində müxtəlif sahələrdə həmrəyliyin təşviqinə və əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyəti xüsusi diqqətə layiqdir.

Sosial və mədəni məsələlər üzrə daimi komitənin bugünkü iclasında Asiya regionunda baş verən bir çox aktual məsələlərə dair qətnamə layihələrinin müzakirə olunacağını deyən spiker Sahibə Qafarova, bunlar arasında yer alan mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası, dünya dinləri arasında dinlərarası dialoqun inkişafı, mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizədə hüquq və qanunvericilik sahələri arasında əməkdaşlıq kimi məsələlərin region üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclisin sədri, bu gün Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsinin də bu iclasda müzakirəyə çıxarılmasını əlamətdar hal adlandırıb. Sahibə Qafarova qətnamə layihəsində əlaqədar problemlərin həlli məqsədilə Asiya Parlament Assambleyası çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasının təklif olunduğunu bildirib.

Asiya qitəsində həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürdüyünü bildirən parlamentin spikeri, ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, Asiya Parlament Assambleyasının institusional strukturunun təkmilləşdirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi önəm verəcəyini qeyd edib, iştirakçı ölkələrin bu sahədə ölkəmizə dəstək olacaqlarına ümidvar olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları, hazırda Cənubi Qafqazda baş verən və regionda sülhə və sabitliyə təsir edən vəziyyət barədə məlumatlandırılıb. Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyi nəzərə çatdırılıb. Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəkli olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib. Spiker Sahibə Qafarova, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb. O, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.

Bildirilib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Milli Məclisin sədri, erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asiya-Parlament-Assambleyası   Azərbaycan  


Bizi "telegram"da izləyin