Ordu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: “Milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq”.
A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: “Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub”.
XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: “Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb”.
Ordu.az