Ordu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial media hesabında dərc etdiyi paylaşımda Moskvanın Ukraynada tükənmiş qüvvələrini gücləndirmək üçün tezliklə “böyük səfərbərlik kampaniyasına” başlaya biləcəyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Rusiya daxilindən və işğal olunmuş Ukraynadan yüz minlərlə əsgər cəlb etməyə çalışacaq.
Ukrayna Baş Qərargahı səfərbər ediləcək hərbi qulluqçuların sayının 400 mindən 700 minə qədər ola biləcəyini iddia edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada qeyd olunur ki, rus bölgələrinin sakinləri olan sadə vətəndaşlar növbəti dəfə “yem” kimi cəbhəyə gedəcəklər.
Ötən ilin oktyabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu 300 mindən çox hərbi qulluqçunun Ukraynada yerləşdirilmək üçün səfərbər edildiyini açıqlamışdı.
Rusiya həmçinin rus kişilərin orduya səfərbər oluna biləcəyi maksimum yaş həddini 65-dən 70-ə qaldırıb.
Kiyevin hərbi kəşfiyyat hesabatına görə, hazırda Rusiyanın Ukraynada 420 min hərbi qulluqçusu var.
Sevinc Əliyeva
Ordu.az