Metyu Brayza: "Antiterror tədbirlərinin dayandırılması Azərbaycanın mühüm diplomatik qələbəsidir”

2021/03/fbffa-1614874663.jpg
Oxunub: 288     17:06     20 Sentyabr 2023    
“Bu gün lokal antiterror tədbirlərinin dayandırıldığının elan olunması Azərbaycanın mühüm diplomatik qələbəsini göstərir. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda sıxışan erməni separatçılarına heç bir dəstək təklif etmədiyini nəzərə alsaq, bu razılaşma sülh sazişinin yolunu açır”.

Ordu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Diplomat onu da vurğulayıb ki, Azərbaycan öz ərazilərini müdafiə etmək haqqına sahibdir: "Mənim diplomatik karyeram boyunca öyrəndiyim ən önəmli dərslərdən biri odur ki, silahlı atışmalar, hərbi münaqişələrə dair ilkin məlumatlar veriləndə bu hesabatlarda çox vaxt qeyri-dəqiqliklər olur. Ona görə də hazırkı şərhimdə bir qədər ehtiyatlı davranmaq istəyirəm. Ancaq hazırda aşkar faktlar var, onlardan biri budur ki, Azərbaycan Müdafiə Nazirliyi bəyanat verərək Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlılarına qarşı dəqiq planlaşdırılmış zərbələr endirmək niyyətini izah edib. Həmin videonu gördüm. Azərbaycan Müdafiə Nazirliyi prosesi açıq şəkildə göstərir. Əlbəttə ki, Azərbaycan bunu ərazisini başqa bir ölkənin hərbi qüvvələrindən müdafiə etmək üçün etdi. Azərbaycan hökuməti onu da bildirdi ki, mülki əhalinin təhlükəsiz şəkildə erməni hərbçilərinin olduğu yerlərdən uzaqlaşmasını təmin edəcək".

Metyu Brayza əlavə edib ki, Azərbaycan nə qədər haqlı olmasından asılı olmayaraq, hərbi güc istifadə etdiyi üçün erməni tərəfinin və onu dəstəkləyənlərin kəskin tənqidinə məruz qalacaq: "İkinci Qarabağ müharibəsində də belə bir hal yaşandı, üçtərəfli bəyanat imzalanandan sonra Fransa Xarici İşlər Nazirliyi müharibədə Azərbaycanı günahlandırdığını açıqladı. İndi də Ermənistan Azərbaycanın təxribata əl atdığını deyəcək. Ancaq ən böyük təxribat Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin hələ də Azərbaycanın Qarabağ regionunda olmalarıdır. 2020-ci il 10 noyabr bəyanatına əsasən, onlar Azərbaycan ərazisini tərk etməlidirlər. Hesab edirəm ki, lokal antiterror tədbirləri Müdafiə Nazirliyinin bəyanatına uyğun icra edildiyinə görə dünya Azərbaycana haqq qazandıracaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Metyu-Brayza  


Bizi "telegram"da izləyin