Status yoxdur| Putin Ermənistana 10-15 illik dərs verdi – BAXIŞ BUCAĞI

2023/09/16945-1695113588.jpg
Oxunub: 441     12:20     19 Sentyabr 2023    
"Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, bəs, daha nədən söhbət gedir?", - deyə Rusiya prezidenti Vladimir Putin Rusiyada keçirilən Şərq Forumunda moderatorun sualını cavablandırarkən deyib. Putin qeyd edib ki, 10-15 il ərzində Rusiya nizamlanma planı təklif edib: "Buna əsasən 7 rayondan ikisi (Laçın və Kəlbəcər) və Qarabağ Ermənistan tərəfinə qalır, 5 rayon isə Azərbaycana qaytarılırdı. Lakin Ermənistan tərəfi buna razı olmayıb və nə edəcəklərini soruşduqda onlar belə cavab verib: "Biz döyüşəcəyik".

Qarabağın statusunu Ermənistan həll edirdi. Problem budur. İndi Azərbaycan Prezidenti İlham Əliyev mənə deyir: yaxşı, bilirsiniz ki, Ermənistan Qarabağı bizimki kimi tanıyıb, Qarabağın statusu artıq məsələ deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər bütün ərazini Azərbaycan SSR çərçivəsində hesablayıb və Qarabağın özünün də daxil olduğu bir rəqəmin (86.600 km²) adını çəkib. Bu baş verdi, bu bizim qərarımız deyildi. Bu, Ermənistan rəhbərliyinin bugünkü qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Və nə deyək, əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, burada deyiləcək bir şey yoxdur".

Təbii ki, Putinin dedikləri yeni bir şey deyildi, çünki onun dediyi fikirlər uzun müddət Lavrov və onun Zaxarova tərəfindən səsləndirilib. Məlum olduğu kimi, Nikol Paşinyan onu da deyir ki, 2022-ci ildə Praqaya qədər Azərbaycan artıq Rusiyanın yanaşmalarını və təkliflərini rədd etmişdi, Rusiya isə onların müdafiəsinə qalxa bilməmişdi və 10 noyabr tarixli üçtərəfli bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdi. Nəticədə Ermənistan-Rusiya ittifaqı və funksiyaları İrəvanın Qərbdə həll yolları axtarmasına səbəb oldu.

İndi isə 44 günlük müharibədən sonra Ermənistanda ictimaiyyətin böyük bir hissəsi deyir ki, müharibə nəticəsində minlərlə itki və az qala iki dəfə çox ərazi "itirdikləri" halda, bu variantdan imtina etmək axmaqlıq idi. Burada həqiqətən də əks-arqument yoxdur. Amma yenə də Putinin dediyinə toxunmaq lazımdır. Bu, getdikcə artan çıxılmaz vəziyyəti xeyli azaldacaqdı, yoxsa Rusiyanın Qafqazda daha sakit və inamlı oynaması üçün daha geniş məkan açacaq aralıq razılaşma idi? Buna paralel olaraq başqa bir sual da var: Bəs Azərbaycan? Azərbaycan Putinin təklif etdiyi ilə razılaşırdı?

Putin bu barədə susur. Əvəzində Serj Sarkisyan bu haqda danışıb, bir neçə dəfə Kazanda təqdim olunan təkliflə bağlı fikirlər bildirib və plana imza atmağa hazır olduğunu vurğulayıb. Lakin Bakı bədnam planla razılaşmayıb, birdən on yeni təklif irəli sürüb və məsələ yekunlaşıb. Ermənistanda sual edirlər ki, niyə Bakı 5 rayonu aldı (azad etdi), amma bunun müqabilində heç bir "status" təyin olunmadı? Yəni orta statistik şüursuz erməninin fikrincə hər şey əsas etibarı ilə olduğu kimi qalıb və digər məsələlərlə bağlı proses təbii olaraq davam etməlidir. Lakin vəziyyətin qiymətləndirilməsində ən çox sürüşmənin də elə burada olduğunu görürük.

Hazırda Bakı regional gücə çevrilmək yolunda böyük addımlar atır və bunu region dövlətləri də qəbul edir. Biz bunu real fəaliyyətlərimizlə, ölkə başçısı İlham Əliyevin fəaliyyəti ilə də görürük. Biz təbii olaraq Qafqazla bağlı daha böyük geosiyasi aktorların faəliyyətlərindən də istifadə edərək bu məqsədə doğru irəliləyirik. Putinin 2007-ci ildə Münhendəki çıxışı və bu fonda dünyada baş verən böyük iqtisadi və siyasi böhran məlumatlı subyektlərə təbii ki, hadisələrin böyük ehtimalla geosiyasi qarşıdurmanın kəskinləşməsi məntiqinə uyğun inkişaf edəcəyini təqdim edirdi. Bu şəraitdə rəsmi Bakı hər zaman əldə olunacaq minimumu bilsə də, bu yanaşmaya üstünlük vermir, torpaqlarının tam azadlığına çalışırdı. Təbii ki, işğalçı Ermənistan da cərəyan edən geosiyasi proseslərdən kifayət qədər xəbərdar idi və dalana aparan siyasətini davam etdirirdi.

Hazırda isə elə bir vəziyyət yaranır ki, İrəvan məsuliyyəti Moskvaya, Moskva İrəvana ünvanlayır. Təbii ki, Putin bu məsələdə kartları bir az qarışdıraraq Rusiyanın Ermənistana 10-15 il ərzində bugünkü müharibə və onun nəticələri ilə müqayisədə zəfər kimi təkliflər verdiyini, lakin bunun rədd edildiyini açıqladı. İndi yaxın 10-15 il ərzində ermənilər Rusiyanı niyə rədd etdiklərini izah etməli olacaqlar. Təbii ki, Putin öz güclü mövqeyindən istifadə edərək kifayət qədər mürəkkəb şeylərdən çox aydın danışıb və bu, şübhəsiz ki, Ermənistanın heç bir indiki və ya keçmiş rəhbərinə məsələnin əsl mahiyyətinə cavab verməyə imkan verməyəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin