Avqust ayında Ukraynanın şərq cəbhəsində “Achilles Company” adlı özəl PUA komandası tərəfindən həyata keçirilən hücum onların müasir iqtisadi müharibənin ən son nöqtəsində manevrdən ilk istifadələri idi: Sürü.
PUA-lardan görüntüləri ötürən eynək taxan dörd pilot təxminən 15 km uzaqlıqdan əllə idarəetmə ilə hücumu istiqamətləndirdi. Hər biri bir neçə yüz dollara başa gələn PUA-ların zərbəsi təxminən 30 metrik ton ağırlığında tırtıllı vasitəyə quraşdırılmış “Tulpan” və ya “Tulip” adlı rus minaatanını yandırıb və məhv edib.
92-ci Mexanikləşdirilmiş Briqadanın xüsusi bölməsinin bir hissəsi olan “Achilles” Bölüyü Ukrayna hökumətinin Dron Ordusu adlandırdığı uzaqdan idarə olunan PUA-ların istifadəsini və innovasiyasını təşviq etmək səylərinin ən yeni elementlərindən biridir.
Ukraynadakı münaqişə PUA-ların adi döyüşlərdə istifadəsi üçün inkubatora çevrildi. Əvvəlcə hərbi qulluqçular və mülki şəxslər toyların fotoşəkillərini çəkmək üçün nəzərdə tutulan PUA-ları düşmən hərəkətlərini aşkarlamaq və onları artilleriya atəşi ilə hədəf almaq, yaxud dayandırmaq üçün uyğunlaşdırdılar.
Hazır modellərə sahib havadan PUA aşkarlama komandaları sürətlə ordunun hər yerinə yerləşdirildi. Daha sonra ukraynalılar partlayıcı qurğuları birbaşa PUA-lardan atmaq üçün 3D çap qarmaqları hazırlamağa və öz PUA-larını sıfırdan yığmağa başladılar. Bu yaz onlar öz arsenallarına FPV yarış PUA-larını və ya birinci şəxs görünüşlü dronları əlavə etdilər və bir neçə ay ərzində onlardan daha böyük hədəfləri vurmaq üçün eyni vaxtda istifadə etməyi sınaqdan keçirdilər.
Sürü adlanan bu vasitələr Hava Hücumundan Müdafiəni (HHM) məğlub edə və ya həssas hissələri bombalayaraq zirehlərə nüfuz etməyə kömək edə bilər. Rusiya kəşfiyyat və bombardman üçün PUA-lardan istifadəni genişləndirərək, onlara yetişməyə başladı.
Pentaqon da bu hadisələri yaxından izləyir. Ötən ay o, Ukraynanın döyüş meydanında uğur qazanmasına təkan verən çoxlu sayda istifadəyə yararlı PUA-ları toplamaq üçün “Replicator” adlı proqram elan etdi. Ukrayna hərbi qulluqçuları taktikalarını təkmilləşdirmək və PUA-larını daha iddialı missiyaları yerinə yetirəcək və ya siqnal pozma kimi yeni rus əks tədbirlərindən yayınacaq şəkildə modernləşdirmək üçün mühəndislərlə əl-ələ işləyirlər.
Bu səylərin başında Ukrayna Prezidenti Vladimir Zelenskinin ötən ilin yayında başlatdığı, ordu üçün PUA-lar almaq üçün donorlardan 100 milyon dollar toplamağa söz verən və yeni hədəflər əlavə etməyə davam edən “Dron Ordusu” təşəbbüsü var. Bu səylərə nəzarət edən 32 yaşlı rəqəmsal transformasiya naziri Mixaylo Fedorov boşluqları doldurmaq və özəl sektorun düşüncə tərzini aşılamaq üçün yüksək səviyyəli hərbi rəhbərlərlə işləyir.
Fedorovun məsləhətçilərindən biri Georgi Tsxakaia deyir: “Bizim əsas məqsədimiz yeni tipli orduya sahib olmaqdır. Hava qüvvələri və artilleriya qüvvələri olduğu kimi, PUA-lar da olacaq. Ordunun içində fərqli bir ordu”. Bu yay Ukrayna ilk növbədə kəşfiyyat və artilleriya hədəfləri üçün 10 000 yeni PUA operatoru hazırlayıb və daha 10 000 operator hazırlayır.
Yanvar ayında Ukraynanın ali hərbi komandiri general Valeriy Zalujniy “Achilles” Bölüyü kimi hava hücumu-dron bölmələrinin yaradılmasına göstəriş verib. Dron Ordusunun hücum bölmələri artıq yüzlərlə rus tankını, artilleriya qurğusunu, HHM bölmələrini və zirehli texnikasını məhv edərək, az xərclə böyük ziyan vurub. İndi məqsəd onları hər bir ordu briqadasına daxil etməkdir.
Eyni zamanda, Rusiyanın nəzarətində olan ərazilərin dərinliklərində və hətta Rusiyanın özündə də uzaqmənzilli hücumların artması Moskvanı vətəninə qarşı gözlənilməz və görünməmiş təhlükə ilə üz-üzə qoyub. Avqustun sonunda Ukrayna Rusiyadakı hərbi obyektlərə indiyə qədər ən böyük PUA hücumunu həyata keçirib. Tsxakaia bildirib ki, əsasən bir sıra digər xüsusi təyinatlılar tərəfindən həyata keçirilən bu cür hücumlar Dron Ordusunun fəaliyyət dairəsinə daxildir.
Tsxakaia qeyd edib: “Bu, heç vaxt bitməyən bir prosesdir. Həmişə “Ar-Ge” mərhələsindədir”. Omahadakı Nebraska Universitetinin politoloqu və terrorla mübarizə üzrə tədqiqatçısı Ostin Doktor bildirib ki, bu hadisələr birlikdə PUA-ların nizami quru qüvvələrinə misli görünməmiş miqyasda inteqrasiyasına işarə edir.
O qeyd edib: “Biz, yəqin ki, real vaxtda, müxtəlif növ münaqişələrdə, o cümlədən dövlətlərarası mübarizə, üsyan və digər sahələrdə irəliləyən yeni düşmənçilik planının həyata keçirildiyini görürük”. Müharibə uzandıqca, Rusiya ucuz PUA-lar hazırladı və ukraynalıların öz PUA taktikalarından bəzilərini mənimsədi.
Hərbi qulluqçular deyirlər ki, Rusiya istehsalı olan FPV-lər cənubda əks hücumu davam etdirən Ukrayna zirehli texnikası və piyadaları üçün əhəmiyyətli və davamlı təhlükə yaradır. Ukraynanın “Achilles” Bölüyü ilk dəfə may ayında FPV-ləri sınaqdan keçirdi, onları qoşunların cəmləşməsi və gözətçi qüllələri kimi yumşaq hədəflərə qarşı bir-bir işə saldı.
Gündə ondan çox hücum etdiklərində, zirehli hədəfləri məhv etmək üçün bir neçə FPV-ni birlikdə uçurmağı sınadılar və radioelektron müharibə kimi Rusiyanın əks tədbirlərinə uyğunlaşdırma təmin edərkən faydalı yük qabiliyyətini artırdılar. Ordudan və sektordan olan şəxslərin sözlərinə görə, sadə kommersiya PUA-larından daha çox işləmə bacarığı tələb edən FPV-lər hazırda Ukraynaya Çin və Qərbdəki istehsalçılardan ayda minlərlə gətirilir, habelə bir çoxu könüllülər tərəfindən bağışlanır.
Yerli istehsalçılar ilin sonuna qədər istehsalı eksponent olaraq artırmağı qarşıya məqsəd qoyublar. Kiyevdə ayaqqabı mağazası olan və müharibə başlamazdan əvvəl “Warner Bros”da prodüser işləmiş “Achilles” Bölüyünün könüllü çavuşu Oles Maliareviç qeyd edib: “FPV-lər göstərdi ki, onlar çox effektivdir, çox bahalı deyil, sürətlidir və piyadaları öz mövqelərindən çıxara bilir”.
Bölmənin digər üzvü, Kiyev hava limanının keçmiş işçisi partlayıcı qurğuları cəbhənin yaxınlığındakı tərk edilmiş evin zirzəmisində dizayn edir. Birləşmiş Ştatlar Ukraynaya kaset bombaları vermək qərarına gəldikdən sonra “Achilles” Bölüyü onları sökmək və içindəki kiçik bombaları PUA-lara necə bağlamaq lazım olduğunu anladı.
Dəyanət Ağalarlı
Ordu.az