DSEI 2023 sərgisində İnsansız Dəniz Platformaları və PUA-lar – FOTOLAR

2023/09/2023--1695101379.jpg
Oxunub: 131     17:24     19 Sentyabr 2023    
Londonda keçirilən DSEI 2023 sərgisində İnsansız Dəniz Sistemləri diqqət çəkib. Xüsusilə Rusiya-Ukrayna müharibəsi zamanı Qara dəniz bölgəsində istifadə edilən İnsansız Dəniz Platformaları (İDP) və Pilotsuz Uçuş Aparatlarının (PUA) uğurlu olması bir çox ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) bu sistemlərə maraq göstərməsinə səbəb olub.

İnsansız sualtı qayıq layihəsi: “Cetus”

Sərgidə Kral HDQ üçün üzərində işlənilən insansız sualtı qayıq layihəsi “Cetus” nümayiş olunub. “Cetus” layihəsi Kral HDQ-ni böyük insansız sualtı platformalarla təmin etməyi hədəfləyir. Onun məqsədi bu cür avtonom sistemlərin qlobal əməliyyatları dəstəkləmək üçün necə istifadə oluna biləcəyini nümayiş etdirməkdir. O, bu sistemləri okeanın o tayında yerləşdirməklə təhdidlərə cavab vermək üçün çevikliyi artırmağı hədəfləyir.


Böyük Britaniya Müdafiə Nazirliyi gələcək sualtı döyüş meydanında insansız sualtı qayıqların istifadəsini araşdırmaqda Kral HDQ-yə dəstək olmaq üçün Plimutda yerləşən “MSubs” şirkəti ilə müqavilə imzalayıb. Mifoloji dəniz canavarından adını götürən və “Project Cetus” kimi tanınan yeni platforma müstəqil olaraq fəaliyyət göstərə bilən, gələcəkdə inşası planlaşdırılan “Astute” sinfinə məxsus ekipajlı sualtı qayıqlarla yan-yana missiya yerinə yetirə bilən operativ böyük ölçülü İnsansız Sualtı Sistemləri (XL-AUV) olacaq.

“Cetus” sualtı döyüş sahəsini başa düşməyə və insanlara təhlükə yaratmadan tədqiqatlar aparmağa kömək edəcək. Bundan əlavə, müxtəlif məqsədlər üçün uyğunlaşdırıla bilən faydalı yüklərə malik bu sistemlər infrastrukturun mühafizəsi, müşahidə, kəşfiyyat və sualtı döyüşlərdə köməkçi vəzifələrini yerinə yetirə biləcək.


“Cetus” insansız sualtı qayıqları təxminən 12 metr (40 fut) uzunluğunda, təxminən 17 ton ağırlığında olacaq, müxtəlif avadanlıq və imkanlar üçün çeviklik təmin edən 8 kubmetr faydalı yük sahəsinə malik olacaq. Diametri 2,2 metr olan akkumulyatorla işləyən “Cetus” insansız sualtı qayığı istənilən ekipajlı sualtı qayıqlardan daha dərinə enə biləcək və 1000 mil məsafə qət edə biləcək. Layihə hazırda inşa mərhələsindədir və “Cetus”un 2025-ci ilin əvvəlində suya endirilməsi gözlənilir.

“Banshee” hədəf PUA-sı

Kral HDQ tərəfindən istifadə edilən, “Kinetic” tərəfindən istehsal olunan “Banshee” hədəf PA-ları donanma stendində nümayiş etdirildi. HDQ-nin istifadə etdiyi hədəf PUA-ları adətən parlaq rənglərə boyanır, lakin sərgidə nümayiş etdirilən model daha tünd rəngə boyanmışdı. “Banshee” hədəf PUA-ları kəşfiyyat məqsədləri üçün istifadə olunur.

Kral HDQ sabit qanadlı sürətli reaktiv PUA-ları idarə etmək təcrübəsi qazanmaq üçün daha yüngül, daha yavaş “Puma”ları işə salırdı. Lakin indi Kral HDQ 360 düyündən çox sürətə çata bilən reaktiv mühərrikli PUA-lardan istifadə etməyi planlaşdırır. HDQ-də 8 PUA və 2 uyğun buraxılış qurğusu var. Bu yaxınlarda “Banshee” hədəf PUA-ları aviadaşıyıcı gəmidən buraxılıb və bəzi sınaqlara məruz qalıb.


Britaniyanın “Malloy” şirkəti tərəfindən istehsal edilən T150 adlı 8 pərli model təxminən 150 funt (68 kq) yük daşıya bilir. Şirkətin müxtəlif yükləri qaldıra bilən və logistik ehtiyaclar üçün istifadə oluna bilən başqa modelləri də var. Kral HDQ bu PUA-ları donanma dəstək gəmilərindən hərəkət zamanı yükləmə və digər əməliyyatlar üçün istifadə etməyi düşünür.


UMS “Skeldar” V-200 UAS PUA-sı “Sonobuoy” texnologiyası ilə sərgidə nümayiş etdirildi. Xüsusilə kiçik gəmilərdə istifadə edilən İnsansız Dəniz Helikopteri V200 sualtı qayıqların aşkarlanmasında mühüm rol oynayır. Sərgini ziyarət edən rəsmilər V200-ün Avropada böyük diqqət çəkdiyini bildirsələr də, hazırda konkret müştəriləri açıqlamayıblar.


Almaniya və Belçika HDQ-ləri V200-dən istifadə edir. Şirkət tərəfindən iki il əvvəl Almaniya HDQ-yə təhvil verilən V200 PUA-sı K-130 korvetlərində fəaliyyətə başlayıb. Bundan əlavə, müqavilə çərçivəsində yeni versiya İnsansız Dəniz Helikopterlərinin tədarükü davam edir. Belçika və Niderland Konsorsiumu ilə birlikdə inşa edilən MCM Mina gəmiləri layihəsində istifadə edilməsi planlaşdırılan V200-lərin yoxlama və uçuş sınaq mərhələsi davam edir. Şirkət gələn il onu son müştəriyə çatdırmağı planlaşdırır.

“Sonobuoy”lar sualtı qayıqları tapmaq və izləmək üçün sualtı səs siqnallarını aşkar etmək məqsədilə su səthinə atılan portativ sualtı aşkarlama cihazlarıdır.

“Jackal” PUA-sı LMM raketi ilə təchiz edildi

İlk dəfə olaraq LMM raketləri dəsti ilə təchiz edilmiş “Jackal Hybrid” VTOL PUA-sı nümayiş etdirilib. Bu kombinasiya ilə şaquli olaraq havaya qalxa bilən “Jackal Hybrid” PUA-sı dəniz əməliyyatları üçün dəyərli bir qabiliyyət olaraq görünür. Bacarıqlarını sübut edən “Thales” şirkətinin istehsalı olan LMM raketi (Lightweight Multi-Mode Missile) ilk dəfə olaraq “Wildcat” helikopterində xidmətə daxil oldu. LMM raketi hava, dəniz və quru platformaları vasitəsilə müxtəlif hədəflərə qarşı istifadə oluna bilən çoxfunksiyalı raketdir. Ümumiyyətlə kiçik və orta ölçülü hədəfləri vurmaq üçün üstünlük verilir. Xüsusilə yüksək manevr qabiliyyətinə malik hədəflərə və sürətli hücum qayıqlarına qarşı uğurla sınaqdan keçirilib.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   DSEI-2023   Cetus  


Bizi "telegram"da izləyin