BMT-nin qərargahı dünya liderlərini qarşılamağa hazırlaşır

2023/09/42355-1694838406.jpg
Oxunub: 164     05:39     16 Sentyabr 2023    
BMT-nin Nyu-Yorkdakı qərargah binasında beynəlxalq təşkilatın Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsinə ciddi hazırlıqlar gedir.

Ordu.az xəbər verir ki, sentyabrın 19-da başlayacaq yüksək səviyyəli həftəyə hazırlıqlar çərçivəsində BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayacaq təşkilat binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, binada ölkə lideləri və hökumət nümayəndələrinin görüşləri, eləcə də, media nümayəndələrinin fəaliyyəti üçün xüsusi pavilyonlar yaradılıb.

Həftə çərçivəsində sentyabrın 19-da ilk olaraq Baş Assambleyanın tribunasında Braziliya, sonra isə ABŞ Prezidenti çıxış edəcək. Ənənəyə uyğun olaraq sessiya zamanı dünya liderləri və hökumət nümayəndələri çıxışlarla yanaşı, ikitərəfli görüşlər keçirəcək, müxtəlif müzakirələrdə iştirak edəcəklər. Builki sessiyaya Trinidad və Tobaqo Respublikasından olan diplomat Dennis Fransis rəhbərlik edəcək. Sammit dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda D.Fransisin müəyyən etdiyi "İnamın bərpası və qlobal həmrəyliyin yenidən alovlanması: hamı üçün sülh, firavanlıq, tərəqqi və davamlılıq istiqamətində 2030-cu il Gündəliyi və onun Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi" mövzusu altında fəaliyyət göstərəcək.

BMT rəsmilərinin təxmini hesablamalarına görə, 100-dən çox ölkə liderləri səviyyəsində təmsil olunacağı builki sesiyada pandemiyadan sonra ilk dəfə rekord sayda iştirakçı olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədən sonra ilk dəfə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edəcək.

Qeyd edək ki, Assambleyanın 78-ci sessiyasında Azərbaycan nümayəndə heyəti də yüksək səviyyədə iştirak edəcək. Həftədə Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində nazirlər səviyyəsində tədbirlərə ev sahibliyi edəcək.

Baş Assambleyanın hər il sentyabr ayında baş tutan ənənəvi sessiyası təşkilata üzv olan 193 ölkənin BMT-nin büdcəsini müəyyən etdiyi, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvləri seçdiyi və müxtəlif məsələlərlə əlaqədar sessiya çərçivəsində keçirilən iclaslarda iştirak etdiyi dövrdür.

Yüksək səviyyəli həftə sentyabr ayının 25-də yekunlaşacaq.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Nyu-York  


Bizi "telegram"da izləyin