Fehlingerin NATO çağırışı və Ermənistan-ABŞ hərbi təlimi nə deməkdir? – ANALİZ

2023/09/554-1694770957.jpg
Oxunub: 757     15:35     15 Sentyabr 2023    
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın hələlik yeni bir mübarizəyə daxil ola bilməyəcəyini anlayan ABŞ və Aİ-yə üzv ölkələr atdıqları addımlarla bu böhranı fürsətə çevirməyə və gərginliyin daha da artmasına səbəb olmağa çalışırlar.

Ermənistanla ABŞ arasında hərbi təlimlər nə deməkdir?

Soyuq müharibə dövrünün başa çatması ilə Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) ölkələri Cənubi Qafqaza üz tutmağa başladılar. Sovet İttifaqının dağılması ilə Qərb dünyası həm rəngli inqilablar, həm də Qafqazda dondurulmuş məsələlərlə Rusiyanı əhatəyə almaq siyasətini davam etdirdi.

Bu proses istər Gürcüstan hadisələri, istərsə də Rusiya-Ukrayna müharibəsi ilə region ölkələrində əhəmiyyətli izlər buraxsa da, bir çox yeni problemlərin yaranmasına da səbəb olub. Çünki Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verən hadisələr bütün dünya kimi Qafqaza da təsir etdi. Bu, regionun strateji əhəmiyyətini daha da artırdı. Cənubi Qafqazın tarixi, mədəni və enerji əhəmiyyəti ilə yanaşı, strateji və geosiyasi mövqeyi regionun parlayan ulduza çevrilməsinə səbəb olub. Region keçmişdə olduğu kimi həm beynəlxalq, həm də regional miqyasda xarici siyasət, enerji və təhlükəsizlik siyasətləri baxımından Qərb dünyasının diqqətini çəkir.

Cənubi Qafqaz Qərb dövlətləri ilə yanaşı, qeyri-regional aktorların da diqqətini cəlb edir. Xüsusilə Çin və Hindistanın regionla bağlı siyasətləri bunun ən mühüm göstəricisidir. Digər tərəfdən, İran regional aktor kimi Cənubi Qafqazdakı balansları yaxından izləyir. Bu səbəbdən Cənubi Qafqazın bu kimi məsələlərlə, xüsusən də Qarabağ məsələsi ilə böyük dövlətlər arasında yeni mübarizə meydanına çevrilməyə başladığını söyləmək olar.

Bu kontekstdə ABŞ-nin 11-20 sentyabr tarixlərində Ermənistanla keçirəcəyi “Qartal Tərəfdaş 2023” təlimi də beynəlxalq ictimai rəydə böyük əks-səda doğurub. Sözügedən təlim Rusiya başda olmaqla bir çox ölkə tərəfindən “regional sülh və əmin-amanlığa töhfə verməyəcək bir addım” olaraq qiymətləndirilib.

Digər mühüm məsələ Ermənistanın Rusiyadan asılılığını ilk dəfə olaraq “strateji səhv” kimi dəyərləndirməsi idi. Çünki tarixdə olduğu kimi bu gün də belə görünür ki, Ermənistan Rusiyaya güvənməyin və Rusiya tərəfindən yıxılmanın məyusluğunu yaşayır. Unutmaq olmaz ki, bu proses zamanı ABŞ-nin Ukraynadakı proseslərdən sonra Ermənistanda da oxşar problem yaratmağa çalışdığına dair böyük ictimai rəy formalaşıb.

Xüsusilə NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin (QHT) sədri Günter Fehlingerin Ermənistanı NATO-ya üzv olmağa çağırması və “Ermənistanı qoruyun” açıqlamaları Rusiyanı təhrik etmək məqsədilə ortaya atılan bəyanatlar kimi dəyərləndirilə bilər. Fehlingerin “Ermənistanı NATO-ya üzv olmağa çağırıram” şəklindəki ifadələri və ABŞ Prezidenti Co Baydenə ünvanlanan “Ermənistanı qoruyun” ifadələri Ermənistan üzərində Şərq-Qərb qütbləşməsinin yeni addımları kimi qiymətləndirilib. Onu da qeyd etmək lazımdır ki, Qərb dünyasının alternativ enerji axtarışları ABŞ-nin bu addımının əsasını təşkil edir.

Rusiyanın hərbi təlimə münasibəti necədir?

Rusiya Ermənistanın ABŞ ilə yaxınlaşmasını və birgə hərbi təlim keçirməsini “narahatedici” vəziyyət kimi qiymətləndirir. Birgə hərbi təlimlə yanaşı, Ermənistanın Rusiyaya “Rusiyadan asılılıq strateji səhvdir” bəyanatı ilə Nikol Paşinyan üzünü Qərbə çevirdiyini bəyan edib. Bu səbəbdən də Rusiyanın hələlik susacağını və yalnız narahatlığını ifadə edəcəyini söyləmək olar. Rusiya-Ukrayna müharibəsi Rusiyanı kifayət qədər yorduğuna görə, Moskva ən azından hələlik daha çox cəbhədə vuruşmağa üstünlük verməyəcək. Əvəzində Rusiya Sülhməramlı Qüvvələrinin hərbi qulluqçularının bölgədə olması ilə Ermənistana bəzi mesajlar verəcək.

Digər tərəfdən, görünür, İran, eləcə də Rusiya ABŞ-nin NATO vasitəsilə regionda genişlənmək cəhdlərindən narahatdır. Tarixi bağlara əsaslanaraq regionun bir çox problemlərində Ermənistanın yanında olduğunu göstərən İran Qərb qarşısında Rusiyanın yanında, eyni zamanda Ermənistanla müttəfiq kimi mövqe tutur və hər platformada regional aktor kimi varlığını ifadə etməkdə davam edir. İran regionda Qərbin dəstəklədiyi hər bir addımı təhlükə kimi qəbul etdiyi üçün son hadisələrlə bağlı Rusiyanın tərəfində durur.

Bütün bu proseslər fonunda Paşinyana olan sosial təzyiqləri, siyasi iradənin təzyiqlərini, böhranları, ictimai gözləntiləri və beynəlxalq prosesləri nəzərə alsaq, İrəvanın paradiqma dəyişikliyinə doğru getdiyini söyləmək olar. Lakin qeyd etmək lazımdır ki, Rusiya bu paradiqma dəyişikliyi qarşısında səssiz qalmayacaq. Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın hələlik yeni bir mübarizəyə daxil ola bilməyəcəyini anlayan ABŞ və Aİ-yə üzv ölkələr atdıqları addımlarla bu böhranı fürsətə çevirməyə və gərginliyin daha da artmasına səbəb olmağa çalışırlar.

Azərbaycanla Ermənistan arasındakı gərginlik yenidən müharibəyə çevrilə bilərmi?

Azərbaycanla Ermənistan arasında gərginlik yüksək olsa da, bunun uzunmüddətli münaqişəyə və ya 2020-ci ildə İkinci Qarabağ müharibəsi kimi prosesə çevrilməsi ehtimalı azdır. Çünki Ermənistan artıq 44 günlük müharibədə ciddi itkilər verib və Paşinyan bir çox dairələrin tənqidinə məruz qalıb. Bu məqamda oxşar addımın atılması həm regional, həm də qlobal təsirlərə malik olacaq, ona görə də münaqişələr baş versə belə, onların kiçik miqyaslı olacağı gözlənilir.

Üstəlik, yeni dövrdə Türkiyənin daha əvvəl təşəbbüs göstərdiyi 6 Tərəfli Platforma təklifinin arxa planda qaldığı görünür. Bunda Rusiya-Ukrayna müharibəsinin gedişatının mühüm payı olsa da, qlobal proseslər də həlledici idi. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında mümkün münaqişə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müəyyən təsir göstərəcək.

Məlum olduğu kimi, Türkiyə-Azərbaycan münasibətləri “bir millət, iki dövlət” devizi ilə formalaşır. İkinci Qarabağ müharibəsindən sonra Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu çərçivədə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməsi qərara alınıb. Bu məsələ əvvəllər Ermənistan tərəfindən dəfələrlə təsdiqlənsə də, İrəvanın bu yaxınlarda Türkiyə ilə münasibətlərin gedişatının Azərbaycanla danışıqlardan asılı olmayacağı barədə bəyanatı Ermənistanda ciddi paradiqma dəyişikliyinin olduğunu göstərir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fehlinger   NATO   Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin