Fransa Nigerdəki çevrilişə “Yox”, Qabondakı çevrilişə isə “Hə” deyir? – Afrikadakı çevrilişlərə ikiüzlü münasibət

2023/09/555-1694770416.jpg
Oxunub: 592     14:21     15 Sentyabr 2023    
Maraqlıdır ki, Fransa mətbuatı Nigerdəki çevrilişə sərt reaksiya versə də, Parisin bu günə qədər əhəmiyyətli dəstəyi ilə ayaqda qalan Qabonda Bonqo ailəsinə qarşı hərbi çevrilişə dəstək verib.

27 iyul 2023-cü il səhəri Nigerdə özlərini “Vətənin Müdafiəsi üzrə Milli Şura” adlandıran bir qrup Niger hərbi qulluqçusu Niger Dövlət Televiziyası ORTD-də yayımlanan çevriliş bəyannaməsində Niger Prezidenti Məhəmməd Bazumun ölkədə bir müddətdir davam edən qarışıqlıq və nizamsızlıq səbəbiylə iyulun 26-da vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Prezident Bazumun hələ də Prezident Mühafizə Alayının nəzarətində olduğu məlumdur. Lakin Bazumun taleyi, harada olması və vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Enerji böhranına da zərbə

Niger 1960-cı ildə Fransadan müstəqillik qazanıb. 25 milyon əhalisi və 1,25 milyon kvadrat kilometr ərazisi olan Niger xüsusilə minerallar və radioaktiv elementlər, uran və nikel baxımından dünyanın ən zəngin ölkələrindən biri olsa da, ən kasıb ölkələr sırasındadır. Hazırda Fransanın enerji istehsalı üçün ehtiyacı olan uranın 25-30 faizini ödədiyi mühüm strateji təchizat mərkəzidir.

Xüsusilə Ukrayna-Rusiya müharibəsi ilə bütün dünyada başlayan və hətta Avropa İttifaqını (Aİ) tərk etdiyi kömürdən yenidən elektrik enerjisi istehsal etməyə məcbur edən enerji böhranı ilə Nigerin mövcud strateji əhəmiyyəti hədsiz dərəcədə artdı. Çevriliş prosesi illik 30 milyard kubmetr Nigeriya qazının Niger üzərindən Mərakeş-Əlcəzair vasitəsilə “Gazoduc” layihəsi çərçivəsində 13 Qərbi Afrika ölkəsinin layihəyə daxil edilməsi şəklində, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) koordinasiyası üzərindən Aİ-yə nəqli üçün təxminən 13 milyard avroluq “Təbii Qaz Boru Kəməri” layihəsi müqavilələrinin imzalanması prosesinin sürətlə davam etdiyi dövrə təsadüf etdi.

Bu layihələr dünyanın və Afrikanın ən az inkişaf etmiş ölkələri arasında yer alan Nigerin Avropanın enerji defisitini aradan qaldırmaqda əsas ölkə olduğu üçün əhəmiyyətini fərqli bir ölçüyə çatdırır.

Mali, Burkina-Faso kimi bəzi ECOWAS üzvü ölkələr və Çad, Mərakeş və Əlcəzair kimi regional ölkələr Fransanın təşkilatlanmasına və yönləndirməsinə qarşı çıxsalar da, hazırkı hərbi şuranı prezident Bazumu dərhal azad etməyə və Konstitusiya nizamına qayıtmağa məcbur etdilər. Fransa Nigerə iqtisadi məhdudiyyətlər tətbiq etmək qərarına gəldi, əks halda hərbi müdaxilə olacağını bildirdi. Tərəflər arasında aparılan danışıqlara baxmayaraq, heç bir nəticə əldə olunmayıb və diskurslar regionda qeyri-müəyyənliyi artırıb və xaosu gücləndirib.

Qlobal güclər və regional ölkələrin çevrilişə baxışı

Nigerin müstəqilliyini əldə etdiyi 1960-cı ildən sonra ölkədə 4 faktiki çevriliş olduğunu və naməlum sayda uğursuz çevriliş cəhdinin olduğunu bilmək üçün bugünkü mənzərəni anlamaq və şərh etmək vacibdir. Bütün ekoloji müqavimətlərə baxmayaraq hələ də elektrik enerjisi ehtiyacının böyük bir hissəsini nüvə enerjisindən əldə edən Fransanın ciddi iqtisadi daralmaların və enerji böhranının yaşandığı Avropada elektrik enerjisinə olan ehtiyacının 15-20 faizi Nigerdən tədarük olunacaq urandan asılıdır.

Başda Fransa olmaqla Aİ-nin xarici siyasət ünsürləri, onların təsiri altında olan qurumlar və ölkələr Nigerdəki çevrilişi rədd edərək, Rusiya və Çini, hətta dolayı yolla Türkiyəni də prosesə qatmağa çalışıblar. Buna baxmayaraq, Nigerdəki çevriliş şurası indiyə qədər qeyd olunan təhdid və məhdudiyyətlərdən asılı olmayaraq və ECOWAS rəsmiləri ilə əlaqələrini kəsmədən öz planlarını davam etdirir. Tanınmış demokratiya tərəfdarları Nigerdəki vəziyyətə kəskin etiraz edir, konstitusiya quruluşuna dərhal keçid və prezident Bazumun azadlığa buraxılması ilə bağlı diskurslarını davam etdirirlər.

Bölgənin etnik quruluşu və bölgədəki zəifliklərə görə Çad, Əlcəzair və Mərakeş kimi ölkələr bölgədəki təhlükəsizlik və sabitlikdən son dərəcə narahat olduqlarını, Mali və Burkina-Faso ilə birlikdə Nigerə qarşı hər hansı hərbi müdaxiləyə qarşı olduqlarını bildirirlər.

Qabonda çevriliş və Bonqo ailəsi idarəetməsi

Nigerdə bu proses özünəməxsus şəkildə davam edərkən, Nigerin cənubunda yerləşən Böyük Səhradan cənubdakı Afrika ölkəsi Qabonda avqustun 30-da çevriliş həyata keçirilib. 1960-cı ildə fransızlardan müstəqillik qazanan Qabon 2,5 milyon əhalisi və təxminən 270.000 kvadrat kilometr ərazisi olan neft və təbii qazla zəngin bir ölkədir.

Qabonda keçirilən ümumi seçkilərdə qalib gəldiyini elan edən Prezident Əli Bonqonun yeni səlahiyyət müddətini bəyan etdiyi saatlarda Prezident Mühafizə Alayının komandiri bir qrup yüksək rütbəli hərbçi ilə birlikdə seçkilərin ədalətsiz keçirildiyini, Əli Bonqonun təqaüdə göndərildiyini, ölkənin indiki mənfi gəlir bölgüsü və kursunu yenidən təşkil etmək üçün hökumətin ələ keçirildiyini və qurulan şuranın dəyərləndirilməsindən sonra yeni açıqlamaların veriləcəyini açıqlayaraq, Qabon Prezident Əli Bonqoya qarşı hərbi çevriliş elan etdi.

Bonqo ailəsi 1960-cı ildə Fransadan müstəqillik qazanan Qabonu təxminən yarım əsrdir idarə edir. Özünəməxsus xüsusiyyətləri ilə tanınan Əli Bonqo 2009-cu ildə atasından dağılmaq üzrə olan hökuməti bir çox təkmilləşdirmə vədləri ilə təhvil aldı. Lakin o vaxtdan bəri ölkədə, xüsusən də gəlir bölgüsü və ictimai rifah baxımından heç bir irəliləyiş olmadı və mövcud Ömər Bonqo sistemi eyni formada davam etdi. Bu arada Fransa Bonqo ailəsinin bir çox üzvünü Fransada korrupsiya və qanun pozuntularında ittiham edib və ailənin Fransada əldə etdiyi daşınmaz əmlakı gündəmə gətirib.

Fransanın ikiüzlü münasibəti

Digər tərəfdən, çevrilişə əvvəldən rəhbərlik edən Respublika Qvardiyasının komandanı, general Brice Oliqui Nguemanın prezident kimi and içməsinin ardından sentyabrın 4-də vəzifəyə başlamasından sonra hökumətin qurulacağı açıqlanıb. Bunun ardınca Qabonun sərhədlərinin quru, hava və dəniz nəqliyyatı üçün açılacağı açıqlanıb. Mərakeşdə kadr hazırlığı alan general Nguema uzun müddət Mərakeş və Seneqalda Qabon hərbi attaşesi vəzifəsində çalışıb.

Maraqlıdır ki, Fransa xarici siyasətinin bir elementi olan Fransa mətbuatı Nigerdəki çevrilişə sərt reaksiya verərkən, Parisin əhəmiyyətli dəstəyi ilə mövcudluğunu saxlayan Qabonda Bonqo ailəsinə qarşı hərbi çevrilişə dəstək verdi. Fransa xalqın çevrilişə rəğbət bəslədiyini və yoxsulluq üzündən vəd edilən yeni paylaşım nizamını böyük ümidlə gözlədiyini bəyan edir. Nigerdəki hərbi çevrilişə görə Rusiya, Çin və qismən də Türkiyəni ittiham edən bu mənbələrin Qabondakı hərbi çevrilişə ictimaiyyətin həsrətini və dəstəyini ifadə etmələri də ağıllarda suallar yaradır.

Hərbi çevrilişlər normal həyatın bir parçası halına gələndə və xüsusilə bir çox radioaktiv strateji elementlər, neft və təbii qaz baxımından dünyanın əhəmiyyətli qaynaqlarına sahib olan Böyük Səhradan cənubdakı Afrika və Qərbi Afrikadakı iqtisadi və siyasi inkişaflar diqqətlə qiymətləndirildikdə, biz 2000-ci illərdən bəri bölgənin sürətli dəyişikliyə və inkişafa məruz qaldığını görə bilərik.

Ancaq bu çevrilişlərin xalqın iradəsini nə dərəcədə əks etdirdiyi, ölkənin gələcəyi və sabitlik baxımından bölgəyə ciddi töhfə verib-verməyəcəyi mübahisəlidir. Fərqli anlayış və yanaşma ilə mövcud nizamı təmin etməyə, ictimaiyyətin reaksiyasını sakitləşdirərək müasir istismar nizamını yeni sima və yanaşma ilə davam etdirməyə çalışan status-kvo yaxşı ayırd edilməli və nəticədə yaranan bulanıqlıq yanlış təqdim edilməməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Niger   Çevriliş   Qabon  


Bizi "telegram"da izləyin