Şuşaya növbəti səfər
I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvləri və yaxınlarının Şuşaya səfəri təşkil olundu. Bu o ailələrdir ki, əsir düşən ailə üzvləri uzun müddət burada saxlanılıb və işgəncələrlə qətlə yetirilib. Bu azmış kimi, soydaşlarımızın barəsində olan məlumatların da ermənilər tərəfindən gizlədilməsi itkin hesab edilənlərin yaxınlarının ürəyində daha bir ağrılı dağ yaşadır.
Ordu.az komandası olaraq, müharibə acısı yaşayanların Şuşa səfərilə bağlı təəssüratlarını sizlərə çatdırmağa çalışacağıq.
Məlum olduğu kimi, 1994-cü ilə kimi davam edən müharibənin aktiv dövürlərində Azərbaycanda 3 min 890 itkin düşümüş hesab edilən soydaşlarımız var. Yaxınlarının ən böyük arzuları əzizlərinin talehinə aydınlıq gəlməsidir. İşğaldan azad edildikdən sonra tapılan kütləvi məzarlıq bu şəxslərin talelərinə aydınlıq gətirilməsi ümidini bir az da artırıb.
Kədərli anlar
İtkin ailələrinin Şuşaya səfəri zamanı ziyarət etdikləri yerlərdən biri də, hələ sovetlər dönəmində məhbusdlara xüsusi işgəncə verən əməkdaşlarıyla seçilən Şuşa türməsiydi. Əslində ailələrin buraya səfəri təsadüf deyildi. Deyirlər ki, etdikləri ziyarət, onlar üçün mənəvi təskinlik gətirir. Kütləvi məzarlığı acı göz yaşlarıyla ziyarət edən ailələrin hansı anları yaşadıqlarını öz dillərindən eşidək.

Fəridə Veysova I Qarabağ müharibəsi zamanı iki yaxınını itirib. F. Veysova deyir ki, 30 ildən çoxdur ki, Qarabağ uğrunda gedən döyüşlərdə itirdikləri yaınlarından xəbər gözləyirlər. 1993-cü ildə bacısının həyat yoldaşı və qardaşı ermənilərlə müharibədə itkin düşüb: “30 ildən çoxdur ki, biz ümidlə yaşayırıq. Ailədən iki itgimiz olub. Onlardan biri bacımın yoldaşı Məmmədov Vahid Şahvələd oğlu, o biri də qardaşım Hüseynov Ağası Rauf oğludur. Hələ də ümidimizi itirməmişik. Əslində bu inandırıcı görünmür. Amma biz onların yoxluğunu qəbul etmirik. Elə bilirik ki, onların nə vaxtsa sağ xəbərlərini alacağıq. İki nəfərin sorağını gözləmək zarafat gəlməsin. Hər qapımız döyüləndə qapını açana qədər yüz xəyal keçir beynimizdən. Həm bacımgildə, həmdə bizdə eyni hissləri yaşayırıq. Ümid edirik ki, açılan qapıda onlardan birini görəcəyik.”
Sözləri qırıq-qırıq deyir. Özünü ələ almağa çalışsa da göz yaşları ona güc gəlir. Fəridə xanım sözlərini bir birinin ardınca deməyə çətinlik çəkir. Bu səbəbdən də təəssüratlarını ifadə edə bilmir. Hansı hissləri yaşadığını isə sözlərə ara verərək belə çatdırır:
“Onlar, Qarabağda gedən döyüşlərin çoxunda iştirak ediblər. 1993-cü ildən hər ikisindən xəbər yoxdur. Bura gələndə sanki onları görəcəyim və onlardan xəbər alacağım inamıyla gəlmişdim. Halbuki, bunun baş verməyəcəyini bilirdim. Şuşa türməsində kütləvi məzarlığın dərinliyi bizə çox mətləblərdən xəbər verir. Biz burda olanda verilən işgəncələrin səslərini hiss etməmək mümkün deyil”.

Ziyarətçilər düşündüklərini dilə gətirdikcə dəhşətə gəlirsən. Uzun illərdir yolunu gözlədikləri əzizlərinin sağ qalması mümkünsüz olsa da, hələ də onların yaşadığına dair ümidləri üzməmişdilər. Necə deyərlər acı həqiqətin zülmündə özlərinə təsəlli edərək reallığı qəbul etmək istəmirdilər. İşğaldan azad edilən ərazilərdə tapılan kütləvi məzarlıq onlarda ümid yaratsa da, yenə də yaxınlarının sağ tapılacağına inanırdılar. Səfər iştirakçılarından biri də Amaliya Məmmədovadır. Onunla həmsöhbət olarkən türməni, burada tapılan kütləvi məzarlığı ziyarəti zamanı hiss etdiklərini dilə gətirdikcə, bura səfər edənlərin hər biri eyni hissləri yaşadığının şahidi olursan.

Amaliya Məmmədova itkin düşən şəxsin, qardaşı Babayev Elçin Siyasət oğlu olduğunu bildirir: “Artıq 30 il keçdi qardaşımın itkin düşməsindən. 1993-cü il mart ayının 31-də Laçın rayonu Güləbird kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş yoldaşlarının dediyinə görə ağır yaralı olub. Ona görə də götürə bilməyiblər. O vaxtdan da xeyli axtardıq, hər dəfə əsirlər dəyişdiriləndə qardaşımdan xəbər almaq ümidilə soraq gözlədik. Amma bu vaxta qədər soraq ala bilmədik. İndi kütləvi məzarlıqlar aşkar olunduqca ümidimiz də artır. Elə bilirik ki, hər açılan məzardan çıxan nümunələr bizə qardaşımızı bir az da yaxınlaşdırır. Bu zamana qədər sağ olmasına inanmıram. Amma, nə olursa-olsun, ondan bir xəbərin gəlməsin istəyirik”.
Məzarlığı ziyarət edərkən və yaxud türmənin otaqlarına baxarkən nələr hiss edirdiniz?
- Desəm bəlkə də inandırıcı görünməyəcək. Amma türmənin divarlarında sanki əks-səda verən çığırtı, səs-küy, ağlaşma səsləri duyur adam. Elə hiss edirəm ki, işgəncələrlə qətlə yetirilən ana-bacılarımız, qardaşlarımız gözümüzün qarşısındadır. Bura gələnə qədər mən belə hisslər keçirmirdim. Burda tam fərqli bir abu-hava tutur adamı. Buranı ziyarət etdikdən sonra, itkin, şəhid, əsir adı gələndə müharibənin ən dəhşətli vəhşiliklərini hiss edəcəm.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.
İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb. İşğaldan azad edildikdən sonra aşkarlanan kütləvi məzarlıqlardan tapılan qalıqlar, itkin yolu gözləyən ailələrin sevincinə səbəb olacaq sonuncu ümid yeridir.
Bu kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i isə Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib.
Daşqın Güneyli
Ordu.az