Ordu.az xəbər verir ki, bütün federal binalarda dövlət bayraqları endirilib, şəhərdə 1 dəqiqəlik süküt elan olunub və kilisələrin zəngləri çalınıb.
9/11 Memorialının olduğu ərazidə həlak olanların adları oxunub. Nyu-Yorkun Manhetten adasında keçirilən mərasimdə şəhər meriyası və ABŞ-nin vitse-prezident Kamala Harris də iştirak edib. Faciə qurbanlarının yaxınları onların adılarının yazıldığı mərmər lövhələrin önünə çiçək dəstələri buraxıblar. 9/11 Memorialının nizamnaməsinə görə, faciə qurbanlarından doğum günü olan şəxslərin adlarının üzərinə ağ qızılgüllər qoyulub.
Rəsmi mərasimdən sonra Ümumdünya Ticarət Mərkəzinin yerində ucaldılmış "Sıfır Nöqtəsi" xatirə memorialı və 9/11 Muzeyi ziyarətçilərə açılıb. Anım mərasimi gün ərazində davam edəcək və ABŞ-ın bir çox ştat və şəhərlərində gələn minlərlə insan ənənəvi olaraq gün batımında Nyu-York səmasında qüllələri təcəssüm etdirən iki işıq şüasının göyə doğru şölələnməsini izləmək üçün əraziyə axın edir.
Qeyd edək ki, ABŞ-də 11 sentyabr tarixi Vətənpərvərlik Günü və Dualar Günüdür.
Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-də dünya tarixində misli görünməmiş terror aktları törədilib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300 nəfərə yaxın isə yaralanıb. Ölənlər arasında iki türk vətəndaşları da olub. Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında "Boeing 767" tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, "Boeing 757" tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. "Boeing 757" tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. "American Airlines" və "United Airlines" aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.
Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. Əkiz binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb.
Ordu.az