Türkiyə ABŞ-ni YPG-dən üz döndərməyə ərəb tayfaları ilə inandıracaq? – ANALİZ

2023/09/4332-1694367405.jpg
Oxunub: 237     16:34     11 Sentyabr 2023    
Üsyan regiondakı demoqrafik quruluşun və Amerika Birləşmiş Ştatlarının (ABŞ) yanlış siyasətinin nəticəsidir, lakin bu üsyanın hara aparacağı iki əsas amildən asılıdır: Türkiyə nə edəcək, ABŞ siyasətini dəyişəcəkmi?

Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində ərəb tayfaları terror təşkilatı YPG-yə qarşı üsyan qaldırıb. Münaqişə nəticəsində ərəb tayfaları bölgənin böyük hissəsinə nəzarətin ələ keçirilməsinə, YPG ünsürlərinin bölgədən çıxarılmasına nail olublar. Əslində üsyan regiondakı demoqrafik quruluşun və ABŞ-nin yanlış siyasətinin nəticəsidir, lakin bu üsyanın hara aparacağı iki əsas amildən asılıdır: Türkiyə nə edəcək, ABŞ siyasətini dəyişəcəkmi?

ABŞ-nin mümkün siyasət dəyişikliyi də Türkiyənin addımlarından asılı olduğundan, həlledici aktor Türkiyə olacaq. Türkiyənin 200 kilometr cənubunda baş verən hadisələrin taleyi üsyanın başlanmasında heç bir rolu olmayan Türkiyənin əlindədir. Üsyanın nəticəsi Türkiyənin terrorla mübarizəsində kritik və uzunmüddətli qazanclar əldə etmək potensialını daşıyır.

Üsyanın demoqrafik, siyasi və hərbi səbəbləri

Deyr əz-Zor bölgəsində ərəb tayfalarının üsyanının arxasında sadə demoqrafik reallıq dayanır. YPG-nin nəzarətində olan ərazilərdə 3 milyon insan yaşayır. Bölgədə suriyalı kürdlərin payı 19,9 faiz, ərəblərin nisbəti isə 76,6 faizdir. Deyr əz-Zor bölgəsində iki böyük tayfa var: Akidat və Bekkara. Deyr əz-Zorda Akidat və Bekkara tayfalarından başqa Abid, Kulayin, Şammar, Zubeyd, Duleym, Cəbur, Tayy, Ebu Saraya və El Rifai tayfaları yaşayır. Hətta Suriya kürdlərinin əksəriyyəti YPG-yə dəstək vermədi, YPG-nin ərəb tayfaları üzərində hökmranlığı davamlı olmadı və üsyana səbəb oldu.

Siyasi və hərbi səbəblərə baxanda YPG-nin Deyr əz-Zor bölgəsində qurduğu Hərbi Məclis strukturu önə çıxır. Bu hərbi məclislər yerli ərəb əməkdaşlarının iştirak etdiyi və vitrin xüsusiyyətinə malik olan qurumlardır. Onlar rəsmi olaraq YPG-nin rəhbərlik etdiyi SDG-nin bir hissəsidir. Lakin Deyr əz-Zor Hərbi Məclisi digər hərbi məclislərlə müqayisədə YPG-dən ən çox muxtariyyət əldə edən və hərbi baxımdan da ən güclü qurum idi. Bu yaxınlarda, xüsusilə ABŞ-dəki Hudson İnstitutunun hesabatında və sonrakı xəbərlərdə ABŞ-nin YPG-dən imtina edərək, ərəb tayfaları və Deyr əz-Zor Hərbi Məclisi ilə bölgəyə xas bir quruluşla işləyəcəyi arqumentləri irəli sürülürdü.

YPG bu siyasət təklifini və bu istiqamətdəki xəbərləri təhdid kimi qəbul etməli idi, ona görə də YPG komandirləri bu məsələ ilə bağlı mediaya təkzib açıqlamaları verdilər. Ancaq bu risk YPG tərəfindən ciddiyə alındı, YPG Deyr əz-Zor Hərbi Məclisinin sədri Əbu Həvləni toplantıya çağıraraq onu saxladı və həbs etdi. Həmin vaxt YPG eyni hərəkəti Raqqadan olan Liva əl-Rəqqə qruplaşmasının lideri Əbu İsaya da etmişdi. YPG-nin məqsədi özünə alternativ ola biləcək mümkün birləşmənin qarşısını almaq idi.

YPG-nin gözləmədiyi və görə bilmədiyi ərəb tayfalarının nə qədər tez reaksiya verəcəyi və birləşəcəyi idi. Uzun illər ərəb tayfalarını parçalamaq üçün böyük səylər göstərən YPG ərəb tayfalarının birləşib, ona qarşı üsyan edəcəyini gözləmirdi. YPG ərəb tayfalarının Əbu Havledən boş qalan yeri doldurmaq üçün yarışacağını proqnozlaşdırırdı.

Üsyan edən ərəb tayfaları qısa müddətdə Deyr əz-Zorda bir çox yaşayış məntəqəsini nəzarətə götürə bildilər. YPG-nin ABŞ-dən tələb etdiyi hava dəstəyi gəlməyincə, ayaqlarında başmaq olan ərəb tayfa döyüşçüləri YPG-ni bir çox bölgədən qovmağa müvəffəq oldular. ABŞ-nin illərdir təlim keçdiyi YPG ünsürlərinin qaçması Əfqanıstanda “Taliban” qarşısında qaçan Əfqanıstan ordusu qüvvələrini xatırlatdı.

Bu inkişaflar Suriyanın cənub-şərqində baş verərkən, Deyr əz-Zor tayfaları da şimal-qərbdə fəallaşdılar. Əslində YPG-dən qaçaraq Türkiyənin yaratdığı təhlükəsiz bölgələrə sığınan 250 minə yaxın Deyr əz-Zor sakini var. Döyüş çadırları quran tayfa üzvləri daha sonra Münbicin qərbindən və şimalından YPG-yə qarşı əks hücuma keçdi.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) tərəfindən dəstək verilməyən hücumun ilk 3 saatında YPG və Əsəd rejiminin birgə nəzarətindən 4 kənd və 2 təpə ələ keçirildi. Lakin Rusiya Hərbi Hava Qüvvələri (HHQ) YPG-nin köməyinə gəldi. Rusiyanın təşkil etdiyi hava zərbələri və təhlükəsiz zonalar üzərində uçuşlar nəticəsində ərəb tayfaları qazandıqları mövqeləri tərk etməli oldular.

Üsyanın potensialı

Ərəb tayfalarının YPG-yə qarşı üsyanı Türkiyə üçün son dərəcə kritik bir hadisədir. Əvvəla, Türkiyənin arqumentlərinin nə qədər doğru olduğunu göstərən bu inkişaf ABŞ-nin YPG ilə əməkdaşlıq etməsinin yanlış olduğunu bir daha xatırladır. Üsyan həmçinin sosiologiya ilə müharibə aparmağın yanlış olduğunu və Türkiyənin haqlı olduğunu göstərdi. Bundan əlavə, YPG-nin neft bölgələri üzərində hökmranlığı və neft gəlirləri də mənfi təsir gördü.

Ərəb tayfaları uğur qazansa, YPG təkcə neft gəlirlərini deyil, vergi gəlirlərini və ABŞ-nin bölgədəki dəstəyini də itirə bilər. Əslində ABŞ-nin qalib ərəb tayfaları ilə birgə işləməsi ehtimallar arasındadır. Digər gələcək ssenari YPG-nin İŞİD üzvlərini həbsxanalardan azad etməsi və ərəb tayfa üsyanını qeyri-legitim hala gətirməsi ola bilər. YPG ərəb tayfa üsyanını İŞİD qiyamı kimi təqdim edə bilsə, ABŞ-nin dəstəyini qazanıb, ərəb tayfalarını sərt güclə darmadağın edə bilər.

Üçüncü ssenari isə ABŞ-nin vasitəçiliyi ilə ərəb tayfalarının YPG ilə razılığa gəlməsi və bölgədəki gərginliyin sona çatmasıdır. Ola bilsin ki, ərəb tayfaları müqaviləni qəbul etsinlər. Əslində Əsəd rejimi və İran Fəratın qərb sahilində ciddi məskunlaşıb. Əgər ABŞ-nin himayəsi olmasaydı, İran və onun dəstəklədiyi şiə silahlı dəstələri Fərat çayını keçib, sünni ərəb tayfalarını qıra bilərdilər. Bu təhlükədən qorxan ərəb tayfaları ABŞ-ni bölgədə saxlamaq üçün YPG ilə razılığa gələ bilər.

Bəs Türkiyə?

Qeyd etdiyimiz üç ssenari Türkiyənin hadisəyə qarışmadığı ssenarilərdir. Türkiyə fürsətdən istifadə edərək, hərbi baxımdan YPG-yə qarşı hərəkətə keçərsə, şimalda SMO və TSQ, cənubda isə ərəb tayfaları YPG-yə təzyiq edəcək. TSQ və SMO hücum etməyib, sadəcə ön cəbhədə cəmləşsələr belə, YPG bütün qüvvələrini cənubdan şimala köçürməli olacaq və ərəb tayfalarının yolu açılacaq.

Digər bir hərbi ehtimal isə Türkiyənin Rusiyanı çəkindirə və ərəb tayfalarının YPG-yə qarşı yolunu açmasıdır. Ukrayna ilə məşğul olan Rusiyanın YPG üçün Türkiyəni qarşısına alma gücü məhduddur. Təhlükəsiz bölgələrdən YPG-yə hücum edən ərəb tayfaları Rusiyanın hava hücumu təhlükəsi olmadan YPG-yə qarşı sürətlə irəliləyəcək. Əslində, Münbic və Raqqadakı ərəb tayfaları YPG-yə qarşı hələ üsyan qaldırmayıblar. Əgər ərəb tayfaları xaricdən irəliləyəcəklərsə, o tayfaları da daxildən hərəkət edəcəklər.

Türkiyə hərbi addımlarla yanaşı, diplomatik yolla ABŞ-yə konkret təkliflər verə bilər. Türkiyə ABŞ-nin YPG-dən imtina edib bölgədəki ərəb tayfalarından yeni bir hərbi quruluş qurmasını və bölgə xalqı ilə işləməsini təşviq edib birbaşa dəstək verə bilər. Türkiyənin dəstəyi sayəsində ərəb tayfaları YPG-ni çıxaracaq və ABŞ artıq YPG yerinə Deyr əz-Zorda ərəb tayfaları ilə çalışacaq. ABŞ də YPG-yə məhkum olmadığını və alternativlərinin olduğunu görəcək.

YPG-nin Suriyadakı fəaliyyətlərinə qarşı Deyr əz-Zorda ərəb tayfalarının üsyan etməsi Türkiyənin terrorla mübarizəsində çox əhəmiyyətli bir fürsətdir. Türkiyə terror təşkilatı PKK ilə mübarizədə Suriyanın şimalında SMO, İraqın şimalında Peşmərgə və Suriyanın cənub-şərqində ərəb tayfaları kimi müttəfiqlərə malik olacaq. YPG-nin Suriyada qurmaq istədiyi “dövlət”in maddi sıxıntısı olacaq və dörd tərəfdən hərbi mühasirəyə alınacaq. YPG-nin ABŞ üçün əhəmiyyəti azalacaq. YPG-nin yumşaq qarnı olan Deyr əz-Zor Türkiyənin terrorla mübarizəsində göründüyündən də önəmlidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   YPG   Terror  


Bizi "telegram"da izləyin