At polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbəlik seriyasını inamla davam etdirir - FOTOLAR

2023/09/992-5082988173.jpg
Oxunub: 215     10:59     10 Sentyabr 2023    
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbəlik seriyasını inamla davam etdirir.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşmış və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanmışdır.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 topfərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacardı.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello kecirdi.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5hesabıyla ispanlar qalib oldular.

Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu 10 sentyabr tarixində keçiriləcəkdir.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlmişdi.

Final oyununda idmançılarımızın növbəti zəfəri münasibətilə müzəffər bayrağımızın milli himnimizin sədaları altında ən yüksəyə ucaldılmasını səbirsizliklə gözləyir, bu şanlı yolda yığmamızın hər bir üzvünə müvəffəqiyyətlər arzulayırıq!




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Almaniya  


Bizi "telegram"da izləyin