Yaraqlılar Meksikanın ABŞ ilə sərhədyanı bölgəsində avtomobil karvanına hücum edib

2023/09/1694320314.jpg
Oxunub: 17094     04:19     10 Sentyabr 2023    
ABŞ-dən Meksika istiqamətində hərəkət edən avtomobil karvanı yaraqlıların hücumuna məruz qalıb.

Ordu.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisədə 3 nəfər, o cümlədən Amerika vətəndaşları yaralanıb.

Meksikanın Tamaulipas ştatının Dövlət Təhlükəsizlik Departamenti bildirib ki, hücum beynəlxalq körpüdə - Migel Aleman şəhəri ilə ABŞ-nin Texas ştatının Roma şəhərini birləşdirən yerdə baş verib. Qurum əvvəlcə 9 nəfərin yaralandığını açıqlasa da, sonradan sadəcə 3 nəfərin güllə yarası aldığını, 6 nəfərin isə təlaş tutması keçirdiyini bildirib.

Qeyd olunub ki, Texasdan Migel Alemana daxil olan avtomobillər öncə əldəqayırma zirehi olan yük maşını tərəfindən vurulub, daha sonra atəşə tutulublar. Şübhəlilər olay yerindən qaçıblar.

Son aylar Tamaulipas ştatında zorakılıq dalğası başlayıb ki, bu da federal hökuməti yüzlərlə əsgəri patrul üçün sərhədyanı San-Fernando, Reynosa və Matamoros şəhərlərinə göndərməyə vadar edib. Sözügedən bölgələrdə Körfəz Kartellərinin özəkləri və digər cinayətkar qruplaşmalar fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   ABŞ  


Bizi "telegram"da izləyin