KİV: “Azərbaycan Fransanın icazəsi olmadan Korsikaya yardım göndərsəydi, Parisin reaksiyası necə olardı?”

2023/09/1694156855.jpg
Oxunub: 6808     10:33     08 Sentyabr 2023    
“Azərbaycan Fransanın icazəsi olmadan Korsikaya yardım göndərsəydi, Parisin reaksiyası necə olardı?”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyet” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Ermənistan, Türkiyə və Azərbaycan arasında sülhün bərqərar olması yolunda ən mühüm maneələrdən biri Qarabağ münaqişəsidir.

“Ermənistanın baş naziri Paşinyan 44 gün davam edən İkinci Qarabağ müharibəsində uduzsa da, ölkəsində keçirilən seçkilərdə qalib gəlib. Bu səbəbdən Azərbaycanla sülh danışıqlarında onun əli gücləndi. Paşinyanın əsas xüsusiyyəti onun qərbyönlü olmasıdır. Əvvəlki rəhbərlər isə keçmiş “Qarabağ klanı”nı təmsil edirdilər. Məsələn, Serj Sarkisyan. O, Xocalı qətliamını etiraf edib. Bölgədə türk-erməni düşmənçiliyi ən çox bu iki xalqa və ölkəyə ziyan vurur”, - deyə qəzet yazıb.

Daha sonra son vaxtlar Rusiya ilə Ermənistan arasında yaşanan son gərginlik analiz edilib: “Azərbaycan işğal olunmuş ərazilərini müharibə yolu ilə azad edib. İndi orada 120 min erməni yaşayır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq yenə də Qarabağda olanlara müstəqillik istəyənlər var. İddialarını davam etdirə biləcəkləri yeganə yol onları Laçın vasitəsilə Ermənistanla birləşdirən yoldur. Hər bir ölkənin öz ərazisindən keçən yollara nəzarət etmək hüququ var. Qarabağ erməniləri isə Azərbaycandan asılı olmayaraq Ermənistanla əlaqə qurmaq istəyirlər. Erməni diasporunun təsiri altında olan bir çox ölkələr bu yolun açılmasını istəyir. Məsələn, Fransa. Ermənistanın göndərdiyi “yardım maşınları”nın rahat keçməsini istəyir. Bəs görəsən, Azərbaycan Fransanın icazəsi olmadan Korsikaya yardım maşınları göndərmək istəsəydi, Parisin reaksiyası necə olardı? Ermənistan indi əl sıxmalı və sərhədləri tanınmış müstəqil qonşunun ərazisinə daxil ola bilməyəcəyini qəbul etməlidir. Əsas problem budur. Bütün digər problemlər bu əsasda həll edilə bilər”.

Məqalədə vurğulanır ki, Rusiya lideri Vladimir Putin müharibədən əvvəl Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi: “Rusiyanın narahatlığı ABŞ və Qərbin regionun işlərinə müdaxiləsidir. Qafqazda türk və ermənilərin barışmamasında ən çox itirən Türkiyə, Azərbaycan və Ermənistandır. Türkiyə soyqırımı iddialarını qonşusu ilə də müzakirə edə bilər, Qərblə də məşğul olmayacaq. Qarabağ Azərbaycanın və Türkiyənin mövqelərinin bir olduğu məsələdir. İki ölkə bu məsələdə tam əməkdaşlıq nümayiş etdirir. Bunu türk xalqı da təsdiqləyir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Korsika   Fransa  


Bizi "telegram"da izləyin