Rusiya İnstitutu: Moskva və Ankara situativ müttəfiqlikdən strateji müttəfiqliyə keçməlidir

2020/03/e2c45-1583472442.jpg
Oxunub: 151     14:27     04 Sentyabr 2023    
“Rusiya Türkiyəni uzunmüddətli perspektiv üçün vacib və etibarlı strateji tərəfdaş kimi görür. Moskva və Ankara situativ müttəfiqlikdən strateji müttəfiqliyə keçməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun “Rusiya və Türkiyə: situativ müttəfiqlikdən strateji müttəfiqliyə” adlı məruzəsində bildirilib.

Qeyd olunub ki, son il yarım ərzində Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq müxtəlif sahələrdə - ticarət və logistikadan tutmuş enerji və təhlükəsizliyə qədər dəfələrlə artıb: “Tərəfdaşlıqlar zamanın sınağından və xarici təzyiq altında güc sınağından keçdi. Moskva ilə Ankara arasındakı situativ müttəfiqliyi tamhüquqlu strateji müttəfiqliyə çevirməyin vaxtı çatıb. Söhbət müştərək dominantlıq naminə və xarici düşmənlərdən qorunmaq üçün səylərin birləşdirilməsindən gedir. Belə bir ittifaq siyasi praqmatizmə, milli və ümumi maraqların nəzərə alınmasına, sinergetik effekt əldə etmək üçün potensialların birləşdirilməsinə əsaslanır. Qeyd olunan ittifaqda ölkələrin hər biri öz müstəqilliyini, sərbəstliyini və mədəni kimliyini qoruyub saxlayacaq. Bizim birliyimiz təkcə postsovet məkanında deyil, bütün Avrasiya regionunda ən mürəkkəb və “dondurulmuş” münaqişələri həll etməyə qadirdir. Sadə dillə desək, Rusiya və Türkiyə birlikdə Avrasiyada güc balansını tamamilə dəyişə bilər”.

Daimi fəaliyyət göstərən Rusiya-Türkiyə Strateji Mexanizmi yaradılmalıdır

Məruzədə bildirilib ki, Moskva ilə Ankara arasında, ilk növbədə, ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında mütəmadi fikir mübadiləsi aparmaq üçün daimi fəaliyyət göstərən Rusiya-Türkiyə Strateji Mexanizmi yaratmaq lazımdır: “Prezidentlər səviyyəsində Türkiyə və Rusiya arasında hər il iki ölkədə növbə ilə keçiriləcək Strateji Əməkdaşlıq Forumunun yaradılması lazımdır. Bu Forum Türkiyə ilə Rusiya arasında əməkdaşlığın perspektivli sahələrinin müzakirəsi üçün platformaya çevriləcək, ikitərəfli münasibətlərin möhkəmlənməsinə, işgüzar əlaqələrin şaxələndirilməsinə, eləcə də iki dövlətin hökumət rəsmiləri, iş adamları, ekspert və analitikləri arasında ünsiyyət üçün xidmət göstərəcək.

Rusiya və Türkiyə Təhlükəsizlik Şuraları arasında ayrıca əməkdaşlıq sazişi imzalanmalı və müntəzəm olaraq Ankara və Moskvada növbə ilə birgə iclaslar keçirilməlidir. Həmçinin, diplomatik qurumların işinin əlaqələndirilməsi, hər iki ölkənin Xarici İşlər nazirliklərinin strukturunda xarici siyasətin əsas istiqamətləri üzrə xüsusi məşvərət orqanlarının yaradılması lazımdır.

Ölkələrimizin müdafiə nazirliklərinin, Baş Qərargahlarının və hərbi sənaye komplekslərinin səylərini birləşdirmək üçün çox iş görülməlidir. Rusiya və Türkiyə Avropanın sərhədlərində ən güclü və ən səmərəli iki orduya malikdir və onlar öz resurslarına önəm verərək sürətləndirilmiş modernləşmədən keçirlər. Rusiya müttəfiqini Su-57 platforması əsasında birgə beşinci nəsil qırıcının yaradılması layihəsinə qədər ən son aerokosmik və raket sistemlərinin birgə istismarı və istehsalı üçün bütün imkanlarla təmin etməyə hazırdır. Rusiya-Hindistan “BraMos” layihəsinə bənzər, “Kalibr” sistemi əsasında yeni nəsil qanadlı raketlərin istehsalı üçün Rusiya Federasiyası ilə Türkiyə arasında birgə müəssisə yaradıla bilər. Rusiya potensial olaraq Türkiyənin “Bayraktar” PUA-larının və onlar üçün istehsalın 100% lokallaşdırılması ilə dəqiq idarə olunan hərbi sursatların istehsalı üçün zavod tikməkdə maraqlıdır”.

Moskva və Ankaranın fəaliyyətinin koordinasiyası Avrasiyada prinsipial olaraq yeni kollektiv təhlükəsizlik sistemi yaradacaq

Sənəddə qeyd olunur ki, kəşfiyyat və xüsusi xidmət orqanlarının hərəkətlərinin əlaqələndirilməsi üzrə işlər həm Rusiyada, həm Türkiyənin özündə, həm də ona bitişik ərazilərdə təhlükəsizliyi kəskin şəkildə artıra bilər. Moskva, həmçinin, türkiyəli tərəfdaşlarını terrorçu elementlərlə effektiv mübarizə, cinayətkar və qeyri-qanuni qruplaşmaların axtarışı üçün zəruri olan Təhlükəsiz Şəhər kompleksinin ən son texnologiyaları ilə təmin etməyə hazırdır. Hüquq-mühafizə və xüsusi xidmət orqanları vasitəsilə operativ məlumat mübadiləsi, cinayətkarların axtarışı və ekstradisiyasına dair yeni sazişlər daxili siyasi vəziyyəti sabitləşdirməyə kömək edəcək, terrorçuluq və düşmən agentutası qarşısında etibarlı sədd çəkəcək. Ümumiyyətlə, Moskva və Ankaranın xarici siyasət, müdafiə və kəşfiyyat sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi Avrasiyada prinsipial olaraq yeni kollektiv təhlükəsizlik sistemi yaradacaq.

Cənubi Qafqaz Rusiya və Türkiyənin ortaq maraqlar zonası olaraq qalır

“Rusiya ümumilikdə Türkiyənin regional fövqəldövlət rolunda qüdrətinin artmasına dəstək verir. Moskva Türkiyənin konstruktiv tərəfdaşlığa qadir və qarşılıqlı maraqları nəzərə alan güclü strateji müttəfiq kimi inkişafında maraqlıdır. Rusiya Ankaranın hər şeydən əvvəl Osmanlı İmperiyasının ənənəvi arealında - Yaxın Şərq və Balkanlardakı təsirinin tədricən güclənməsinə anlayışla yanaşır. Cənubi Qafqaz və Mərkəzi Asiya Rusiyanın siyasi moderator və təhlükəsizlik donoru kimi çıxış etdiyi, Türkiyənin isə mədəniyyət, ticarət və logistika layihələrini həyata keçirdiyi ortaq maraqlar zonası olaraq qalır. Moskva və Ankaranın birgə fəaliyyəti Suriyadakı vəziyyəti sakitləşdirməyə və kürd problemini effektiv həll etməyə kömək edəcək”, - deyə Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi dərc olunan məruzəsində vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Müttəfiqlik  


Bizi "telegram"da izləyin