Ukrayna müharibəsi İran-Rusiya hərbi əlaqələrinin şaxələnməsinə, dərinləşməsinə və strateji xarakter almasına səbəb olub. Bununla belə, hesab edilir ki, bu strateji münasibətlər kontekst və xarici faktorlarla bağlı dinamika çərçivəsində məhduddur. Bu kontekstdə İranın Pilotsuz Uçuş Aparatı (PUA) və kamikadze PUA platformalarının Rusiyaya tədarükü ilə xüsusilə aerokosmik sahədə hərbi əməkdaşlığın dərinləşməsi konkretləşdi. Bundan əlavə, peyk texnologiyaları sahəsində irəliləyişlər əldə edilib, Rusiya ilə ortaq istehsal müəssisələri quraraq döyüş təyyarələri və kamikadze PUA-larının inkişafı baxımından da inkişaflar ön plana çıxıb. Lakin Rusiyanın “Su-35” döyüş təyyarələrinin İrana tədarükü ilə bağlı hadisələr hələ konkretləşməyib.
Ukrayna müharibəsi başlayandan etibarən İran mediasının təktərəfli surətdə irəli sürdüyü media fərziyyələrinin əksinə olaraq, İranın hərbi qərar qəbul edən şəxsləri satınalmaların baş tutmayacağına eyham vurublar. Lakin “Su-35”in tədarük olunmayacağına dair işarələrin artması nəticəsində İran yerli müasir döyüş təyyarələrinin hazırlana biləcəyi ilə bağlı arqumentlərini gücləndirməyə başlayıb. Bu arqumentlər arasında diqqəti çəkən məsələ İranın yaxın aylarda pilotsuz döyüş təyyarəsi təqdim edəcəyi ilə bağlı iddialardır. Hətta bu iddiaları gücləndirmək və dəstəkləmək üçün turbo reaktiv mühərrikin sınaqlarının görüntüləri də təqdim edildi. Ancaq yayımlanan görüntülər araşdırıldığında, sözügedən reaktiv mühərrikin (J85) ilk dəfə 2016-cı ildə Həsən Ruhaninin prezidentlik dövründə “Uç” adı ilə təqdim edildiyi müxtəlif media mənbələrində qeyd edilir.
İranın öz müasir döyüş təyyarələrini istehsal edə biləcəyininə dair iddiaları gücləndirmək üçün “Kaher-313” adlı, əvvəlcə pilotlu stels təyyarə olacağı bildirilən, sonra pilotsuz stels döyüş təyyarəsi olaraq təqdim edilən platformada görüntüləri yayımlanan turbo reaktiv mühərrikdən istifadə ediləcəyi ilə bağlı spekulyasiyalar gündəmə gətirilir. Ziddiyyətli arqumentlər kontekstində inkişaf edən bu kurs İranın Rusiyadan “Su-35” döyüş təyyarələri almayacağı ehtimalını gücləndirir. Bənzər şəkildə İranın Rusiyaya tədarük edəcəyi “Fəth” və “Zülfüqar” ballistik raketləri ilə bağlı konkret nümunə araşdırması müşahidə olunmayıb.
Ukrayna müharibəsi kontekstində, xüsusən də beynəlxalq müdafiə və təhlükəsizlik meyllərinin artdığı bir şəraitdə, başda Rusiya olmaqla, hərbi ehtiyatları və sursatları qorumaq meylinin getdikcə daha çox özünü göstərdiyi görünür. Bu vəziyyət Rusiyanı asan və praqmatik təchizatla təmin etməyə sövq edir və onu mövcud hərbi ehtiyatların azalmasının qarşısını alacaq addımlara yönəldir.
Bu tendensiyaya misal olaraq, Tatarıstanda Alabuqa PUA montaj və istehsal müəssisəsinin və Belarusda PUA zavodunun açılması ilə bağlı razılığın əldə olunması ilə bağlı son hadisələr mühüm hesab edilir. “Washington Post”un iddialarına görə, Tatarıstandakı Alabuqa obyektində İranın texniki və logistik dəstəyi ilə 2025-ci ilə qədər 6000 ədəd “Şahid-136” variantlı kamikadze PUA-sı istehsalı planlaşdırılır.
Ukrayna kəşfiyyatının qiymətləndirmələrinə görə, Belarusda yaradılacaq montaj-istehsalat müəssisəsində “Şahid-136” variantlarının istehsal ediləcəyi gözlənilir. Bu inkişaflara uyğun olaraq, Ukrayna müharibəsinin yeni mərhələsinə keçid zamanı Rusiyanın silah-sursat və hərbi ehtiyatlarını artırmaq üçün təchizat resurslarını şaxələndirdiyi anlaşılır. Təchizat mənbələrinin şaxələndirilməsi tendensiyası zorakılığın, əsasən taktiki hava hücumlarının qarşısının alınması ilə əməliyyatların prioritetləşdirilməsi meylinin davam etdiyinə işarə edir.
İranın “Şahid-136” kamikadze PUA-sının xüsusilə rus variantlarının hazırlandığı və bunların döyüş meydanında müxtəlif nümunələr təqdim etdiyi görünür. “Şahid-136” törəmələrini “Geran” adlandıran Rusiyanın yeni variantlarında konstruksiya komponentlərində, xüsusilə platformanın gövdə örtüyündə də dəyişikliklər müşahidə edilir. Bu dəyişikliklər sürətli istehsalı asanlaşdıracaq, asanlıqla tədarük edilə biləcək və eyni zamanda qənaətcil olan komponentlərə doğru tendensiyaya işarə edir.
İkitərəfli hərbi əlaqələrin inkişafı ilə bağlı da yeni inkişaflar olub. Bu istiqamətdə İran Rusiyada keçirilən “Ordu-2023” (ARMY-2023 Expo) beynəlxalq müdafiə sənayesi sərgisində stend açıb və İranın hərbi məhsullarının sərgiləndiyi stendi xüsusilə Rusiya müdafiə naziri Sergey Şoyqu və yüksək səviyyəli Rusiya hərbi rəsmiləri ziyarət ediblər. Ziyarət zamanı PUA əleyhinə sistemlərin və radioelektron müharibə texnologiyalarının Şoyquya təqdim edilməsi gündəmdə olub. Bu sistemlərə olan marağı son günlər Rusiyada baş verən kamikadze PUA-sı hücumlarına qarşı çarə axtarışları ilə izah etmək olar.
Çünki radioelektron müharibə texnologiyaları və antidron sistemləri bu hücumların qarşısını almaq üçün əsas həllər arasındadır. Bundan əlavə, 2023-cü il avqustun 22-də İran Quru Qoşunlarının komandanı briqada generalı Kiyumers Heydəri Moskvaya səfər edib və Rusiya Quru Qoşunlarının komandanı general Oleq Salyukov ilə görüşüb. Səfər zamanı tərəflər hərbi əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirmək üçün öhdəliklərini təzələyiblər.
Danışıqlardan sonra Rusiya ilə İran arasında xüsusilə mülki aviasiya ilə bağlı yeni razılaşmaların olduğu qiymətləndirilir. Əslində Rusiyanın mülki sərnişin təyyarələrinin İrana tədarük ediləcəyi ilə bağlı arqumentlərin getdikcə artdığı görünür. Bu baxımdan, İranın “Su-35” döyüş təyyarələrinin alınması ehtimalı ağırlaşdıqdan sonra onu başqa tədarüklə əvəzləməyə çalışdığını qiymətləndirmək olar.
“Su-35”lər (4.5 nəsil) müasir döyüş təyyarələri sinfində olduğu üçün regional hava gücləri arasında status-kvoya təsir etmək potensialına malikdir. Bu vəziyyət İsraili xüsusilə narahat edir. ABŞ ilə gərgin proses yaşayan və təhlükəsizlik prioritetlərinə uyğun alternativlər hazırlamağa meylli olan İsrail Rusiya ilə təmaslarını bir növ davam etdirir. Baş nazir Benyamin Netanyahu dövründən əvvəl Rusiya ilə gərginlik olsa da, Netanyahunun Baş nazir olması prosesində Putin-Netanyahu yaxınlığı həlledici oldu.
İsrailin İrana qarşı həyata keçirəcəyi mümkün hava əməliyyatında “Su-35” döyüş təyyarələrinin mühüm problem sahəsi yaradacağı nəzərə alınaraq, bu tədarükün uğursuzluğuna xarici aktor kimi İsrailin də ciddi təsir göstərdiyi düşünülür. Digər tərəfdən, İranın ABŞ ilə məhdud mini anlaşma prosesinə daxil olduğu bu dövrdə İranın Rusiyaya “Şahid-136” satışını dayandırması, bəzi iddialara görə, razılaşmanın şərtləri arasındadır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “Rusiya hakimiyyəti bizi əmin etdi ki, Ukraynaya qarşı İran texnikasından heç vaxt istifadə etməyiblər və istifadə etməyəcəklər” ifadəsindəki kontekstual vurğular da (başqa bir ifadə ilə Ukraynada “Şahid 136” istifadə olunmadığı) bu şərti təsdiqləyir.
Nəhayət, İranın Rusiyaya hərbi tədarüklərində başda ABŞ və Qərblə əlaqələr həlledici olarkən, Rusiyanın da İranla hərbi əlaqələrində İsrail mühüm təsir faktoru təklif edir. Bütün bunlara əsaslanaraq demək olar ki, İran-Rusiya ikitərəfli hərbi əlaqələrinin kontekst və xarici faktorlara əsaslanan məhdudiyyətləri var. Mövcud kontekstin dinamikasını kökündən dəyişdirən yeni amil ortaya çıxmadığı müddətcə, tərəflərin bu balanslara riayət edəcəyi düşünülür.
Əslində İranın Rusiyaya ballistik raketlər verə bilməməsində İranın Avropa ölkələri ilə münasibətlərinin və qarşılıqlı şəkildə müəyyən edilmiş “qırmızı xətlər”in təsirli olduğunu söyləmək mümkündür. İranın ballistik raketlərinin 2000 km məsafəni keçməməsi də bu “qırmızı xətlər”dən biri kimi tanınır. Bu məqamda anlaşılır ki, “Su-35” döyüş təyyarələrinin tədarükü ilə bağlı konkret inkişaf olmasa da, ballistik raketlərin tədarükü də dondurulur və ya ləngiyir.
İkitərəfli hərbi əlaqələrin hazırkı vəziyyəti qısaca qiymətləndirildikdə, “Şahid-136” və Rusiya variantları üçün montaj və istehsal müəssisələrinin yaradılması istisna olmaqla, Rusiya-İran hərbi əlaqələrində konkret irəliləyiş yoxdur. Rusiyaya məxsus “Su-35” döyüş təyyarələrinin İrana tədarük edilməməsi, İranın Rusiyaya ballistik raketlər verməməsi Rusiya ilə İran arasında əməkdaşlıq zonalarından ayrılan və bir növ dondurulmuş yeni böhran sahəsi kimi qiymətləndirilə bilər.
Firuz Bağırov
Ordu.az