ASELSAN üçün bir çox “ilk”lər və “ən”lər yalnız onda cəmlənib – TCG “Anadolu”

2023/08/29_47-1693467088.jpg
Oxunub: 434     17:30     31 Avqust 2023    
TCG “Anadolu” Çoxməqsədli Amfibiya Gəmisi bir amfibiya taboru ilə lazımi döyüş və dəstək vasitələrini hərbi bazanın dəstəyi olmadan böhran bölgələrinə daşıya biləcək, hovuzunda daşıyacağı desant vasitələri ilə desant əməliyyatlarında iştirak edə biləcək, helikopterlər və Pilotsuz Uçuş Aparatları (PUA) ilə gecə-gündüz əməliyyatlarını təmin edə biləcək qabiliyyətlərinə malikdir.

TCG “Anadolu” əməliyyat otağı, rentgen avadanlığı, stomatoloji müalicə bölmələri, reanimasiya və infeksiya otaqları da daxil olmaqla ən azı 30 çarpayılıq revir/xəstəxanaya sahib olacaq və humanitar yardım əməliyyatlarında Xəstəxana Gəmisi kimi xidmət edə biləcək. Tam yüklü subasımı 27.436 ton olan və 232 metr uzunluğa malik olan TCG “Anadolu” Çoxməqsədli Amfibiya Gəmisi Türkiyə Silahlı Qüvvələrinin inventarındakı ən böyük dəniz platforması və flaqmandır.

Türkiyənin amfibiya hücum gəmisi (ing. LHD, “Landing Helicopter Dock”) sinfinə məxsus ilk hərbi gəmisi olan TCG “Anadolu” əsas podratçı “Sedef” Gəmirqayırma Zavodunda inşa edilib və İspaniya Kral Dəniz Qüvvələri tərəfindən istifadə edilən “Juan Carlos-I” ilə Avstraliya Kral Dəniz Qüvvələrində (RAN) xidmətə daxil olan “Canberra” sinfinə məxsus orijinal dizaynlı LHD-lər nümunə götürülərək İspaniya şirkəti “Navantia” tərəfindən dizayn edilib.

TCG “Anadolu”da döyüş sistemlərinin dizaynı və inteqrasiyası ASELSAN-HAVELSAN İş Ortaqlığı tərəfindən həyata keçirilib.

TCG “Anadolu” 12° maili uçuş tramplini üzərindən döyüş təyyarələrinin və Pilotsuz Uçuş Aparatlarının (PUA) havaya qalxmasını asanlaşdıracaq və beləliklə, helikopterlərdən başqa təyyarələrin istifadəsi üçün də uyğun olacaq. Qısa uçuş və şaquli eniş (ing. STOVL, “Short Take-Off Vertical Landing”) xüsusiyyətinə sahib olan F-35B və ya AV8B “Harrier” kimi döyüş təyyarələri LHD-yə enmə və qalxma icra edə bilir.

Gəmidəki 4 LCM tutumlu hovuz sayəsində hər LCM ilə bir tank daşına və eniş əməliyyatı həyata keçirilə bilər. Vasitə göyərtələrində 13 ədəd tank, 27 ədəd Zirehli Amfibiya Hücum Vasitəsi (ZAHV), 6 ədəd Zirehli Personal Daşıyıcısı (ZPD), 33 ədəd müxtəlif vasitə və 15 qoşqu olmaqla, ümumilikdə 94 vasitə daşıya biləcək. Uçuş göyərtəsinə ümumilikdə 10 helikopter və ya 50 zərbə tipli PUA yerləşdirilə bilər və bu rəqəm konfiqurasiyadan asılı olaraq 100-ə çata bilər. Gəmidə tam təşəkküllü xəstəxana obyekti və 2 əməliyyat otağı olacaq.

Bundan əlavə, “Baykar Teknoloji” tərəfindən milli və orijinal olaraq hazırlanan “Bayraktar TB3” zərbə tipli PUA-sının TCG “Anadolu”ya eniş və qalxma icra edə bilməsini təmin edəcək dizayn və peyk rabitəsi üçün infrastruktur işləri tam sürətlə davam edir. İşlər tamamlandıqdan sonra TCG “Anadolu” PUA və zərbə tipli PUA yerləşdirmə konsepsiyasına malik ilk hərbi gəmi olacaq.

TCG “Anadolu” üzərində yerləşdiriləcək zərbə tipli PUA ilə Türkiyə donanması üçün əhəmiyyətli bir güc multiplikatoru əldə olunacaq.

TCG “Anadolu”nun texniki xüsusiyyətləri

• Uzunluq: 232 m
• Uçuş göyərtəsinin uzunluğu: 202 m
• En: 32 m
• Maksimum sürət: 21 düyün
• Davamlı qənaətli sürət: 16 düyün
• Mənzil: 9,000 nm
• Səyahət vaxtı: 30 gün (logistika dəstəyi olmadan)

Tarix

2015-ci il iyulun 29-da “Sedef” Gəmiqayırma Zavodu ilə ASELSAN-HAVELSAN Birgə Müəssisəsi arasında “Hovuzlu Desant Gəmisi Layihəsi Subpodratçı Müqaviləsi” imzalandı. Müqavilə imzalandıqdan sonra gəminin yekun konfiqurasiyasının müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlarda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının əlavə istəkləri istiqamətində F-35B təyyarələrinin gəmiyə yerləşdirilə bilməsi üçün bəzi dəyişikliklər edilib.

Bundan əlavə, 12° mailliyə sahib uçuş tramplininin daha öncə 35 tona qədər enmə/qalxma çəkisinə malik orta və ağır sinif helikopterlər ilə tiltrotorlu (MV-22) hava vasitələri və PUA-ların enmə/qalxmasına uyğun olacaq şəkildə yenilənən və üzərində 6 yer (enmə/qalxma nöqtəsi) olacaq uçuş göyərtəsinin baş tərəfində yer alması dəqiqləşib. Bu dəyişikliklərdən sonra layihənin adı Çoxməqsədli Amfibiya Hücum Gəmisi (LHD) olaraq dəyişdirildi.

ASELSAN-ın “ilk”ləri və “ən”ləri

LHD Layihəsi ASELSAN üçün bir çox “ilk”ləri və “ən”ləri ehtiva edir.

TCG “Anadolu” 13.000 ton polad istifadəsi, 1.300 km kabel, 100.000 əhalisi olan bir bölgəni qidalandıra biləcək elektrik infrastrukturu, ASELSAN-ın təxminən 6.000 alt strukturu və 4.500 kabel ehtiva edən 36 döyüş sistemi inteqrasiyası kimi xüsusiyyətləri ilə indiyə qədər ən geniş konfiqurasiyaya malik gəmidir.

Türkiyənin döyüş sistemlərinin LHD-yə inteqrasiyası üçün giriş təşkil edəcək müxtəlif analizlər ilk dəfə bu kontekstdə və bu ölçüdə həyata keçirilib. 3D gəmi modeli NAVANTIA tərəfindən təqdim olunan 2D ümumi dizayn çertyojlarından tamamilə ASELSAN-ın öz vəsaiti ilə əldə edilib. Döyüş sistemləri, göyərtə altı və göyərtə üstü, fiziki və funksional inteqrasiya, gəmi yolu və qarşılıqlı inteqrasiya, silah/sensor yerləşdirmə dizaynı kimi dizayn və təhlil işləri bu modelə istinadla aparılıb.

Tədqiqatın əhatəsinə verilə biləcək ən yaxşı nümunə 31 rabitə antenası və 44 sensor və silahın bir-biri ilə elektrik və mexaniki təsirə səbəb olmadan gəmiyə müvəffəqiyyətlə inteqrasiyasıdır. Aşağıdakı cədvəldə LHD Layihəsində döyüş sistemi dizayn tədqiqatlarına daxil olan təcrübə sahələrini görmək olar.

Türkiyə donanmasının flaqmanı olan TCG “Anadolu”da ilk dəfə bu layihədə inventara daxil olan Radioelektron Hücum (RH), Radioelektron Dəstək (RD), Radioelektron Müharibə Paketi, IP Əsaslı Döyüş İdarəetmə və Kommutasiya, Uçuş Əməliyyatları Əlaqəsi (WIFCOM), HAVELSAN-ın hazırladığı GENESIS ADVENT Döyüş İdarəetmə Sisteminə tam inteqrasiya olunmuş 25 mm Stabilləşdirilmiş Silah Sistemi (STOP), 1.0 m Anten Sistemli “Ku-Bant” Peyk Rabitə Sistemi və UHF Peyk Rabitə Sistemi, elektron xəritəyə əsaslanan Rəqəmsal İz Cədvəli, İnfraqırmızı Axtarış və İzləmə sistemləri istifadəçidən tam qiymət aldı.

İlk dəfə LHD-yə inteqrasiya olunmuş sistemlər haqqında qısaca danışaq.

• Dəniz Radioelektron Müharibə (RM) Paketi: RF, IR və Lazer diapazonlarında yer alan təhdidlərin öz qəbulediciləri, gəmi üzərindəki digər qəbuledicilər və özünə Taktiki “Data Link” şəbəkəsi vasitəsilə fərqli platformalardan bildirilən məlumatlar ilə təsbit və diaqnoz həyata keçirərək operatora təqdim edilməsinə cavabdehdir. Əlaqəli təhlükələrin CHAFF “Decoy Shot”, IR “Decoy Shot” və Radioelektron Hücum kimi funksional məhvetmə üsulları ilə aradan qaldırılmasını təmin edir. Mərkəzi İdarəetmə, RD, RH və “Decoy Shot” Sistemlərindən ibarətdir.

• PİRİ İnfraqırmızı Axtarış və İzləmə Sistemi (PİRİ-100): Yüksək performanslı İnfraqırmızı (IR) hədəf axtarış və izləmə qabiliyyəti sayəsində hava və dəniz nəqliyyat vasitələrinin və IR idarə olunan raketlərin aşkar edilməsi, izlənilməsi və təsnifatını təmin edir.

• STOP-2: Dəniz platformaları üçün istehsal edilən 25 mm-lik uzaqdan idarə olunan stabilləşdirilmiş top sistemi olan, daşına bilən Həssas Stabilləşdirilmiş Yönləndirici (HSY) ilə STOP-un inkişaf etdirilmiş formasıdır. STOP-2-ni STOP-dan fərqləndirən ən böyük xüsusiyyət termal kamera, gündüz kamerası və lazer məsafə ölçmə qurğusundan ibarət elektro-optik sistemin qüllənin hündürlüyündən və cinah hərəkətlərindən asılı olmayaraq istiqamətləndirilə bilməsidir. Bundan əlavə, dəniz platforması layihəsində ilk dəfə olaraq Döyüş İdarəetmə Sisteminə (DİS) tam inteqrasiya olunmuş silah sisteminin bütün səlahiyyətləri və imkanları DİS vasitəsilə istifadə edilə bilər.

• “X-Bant” Peyk Əlaqə Sistemi: ASELSAN tərəfindən yerli və milli resurslarla inkişaf etdirilən, LHD-də ilk dəfə istifadə edilən və 1,8 m reflektor diametrli antenaya malik “X-Bant” Peyk Əlaqə Sistemi “X-Bant” tezlik diapazonunda səs və məlumat rabitəsinə olan ehtiyacı əsas və ehtiyat peyk idarəetmə mərkəzlərinə ötürərək gəminin TSQ (Türkiyə Silahlı Qüvvələri) şəbəkəsi də daxil olmaqla bütün rabitə şəbəkələrinə qoşulmasını təmin edir.

• Yeni Nəsil İnteqrasiya Edilmiş Rabitə Sistemi: İnteqrasiya Edilmiş Rabitə Sisteminin alt sistemlərindən “Internet Protocol” (IP) əsaslı Rabitə İdarəetmə və Kommutasiya Sistemi, Milli Uzun Mənzilli Dost-Düşmən Tanıma (IFF) Sistemi, Geniş Diapazonlu Anten Sistemi və Uçuş Əməliyyatları Rabitə Sistemi (WIFCOM) ASELSAN-ın Türkiyə donanmasına LHD ilə gətirdiyi yeniliklərdən bəziləridir.

2018-ci ildən etibarən ASELSAN gəmiqayırma zavodunda və gəmidə gündə 100 nəfərə qədər işçi heyəti ilə daşıma, kabel çəkmə və bağlama, montaj, inteqrasiya, istismara vermə və qəbul etmə fəaliyyətlərində öz vəzifələrini uğurla yerinə yetirir. Türkiyənin göz bəbəyi olan TCG “Anadolu”nun Hərbi Dəniz Dəniz Qüvvələri Komandanlığı inventarına daxil edilməsindən əvvəlki son mərhələ olan dəniz qəbul sınaqları rekord hesab edilə biləcək şəkildə 5 ayda tamamlanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TCG-Anadolu  


Bizi "telegram"da izləyin