“Barbaros”ların yarım ömür modernləşdirilməsi necə həyata keçirilir? – ASELSAN-dan daha bir gövdə göstərişi

2023/08/29_64-1693458705.jpg
Oxunub: 488     16:10     31 Avqust 2023    
“Barbaros” sinfinə məxsus freqatların Yarım Ömür Modernləşdirməsi Layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQK) inventarında olan 4 freqatın mövcud döyüş və naviqasiya sistemlərinin yerinə, müasir platforma dizaynı ilə yerli və milli müharibə və naviqasiya sistemi həllini əhatə edir.

“Barbaros” sinfinə məxsus freqatlar Almaniyanın “Blohm+Voss” Gəmiqayırma Zavodu tərəfindən dizayn edilən və dünyanın bir çox ölkəsinin donanması tərəfindən istifadə edilən MEKO (Mehrzweck-fregatten Konzept) sinfinə məxsus döyüş gəmiləridir. MEKO 100, 200 və 300 kimi müxtəlif uzunluqlarda və subasımlarında dizayn edilmiş gəmilər Türkiyə, Nigeriya, Argentina, Portuqaliya, Yunanıstan, Almaniya, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Əlcəzair, Malayziya və Polşa kimi bir çox ölkə tərəfindən aktiv şəkildə istifadə olunur.

1987-1989-cu illər arasında Türkiyədə “Track-I” versiyası olaraq inventara daxil olan “Yavuz” sinfinə məxsus freqatlar, TCG “Yavuz” (F-240), TCG “Turgutreis” (F-241), TCG “Fatih” (F-242) və TCG “Yıldırım” (F243) aktiv olaraq istifadə olunmağa davam edərkən, 1997-2000-ci illər arasında Türkiyə HDQK-nin inventarına daha 4 MEKO sinfinə məxsus freqat əlavə edilib.

“Track-II” versiyası olaraq inventara daxil olan 4 freqat öz sinfinin ilk gəmisi olan TCG “Barbaros”dan ilhamlanaraq “Barbaros” sinfinə məxsus freqat adlanır. İnventara alınma sırasına görə TCG “Barbaros” (F-244), TCG “Oruçreis” (F-245), TCG “Salihreis” (F-246) və TCG “Kemalreis” (F-247) Türkiyə donanmasının ən qiymətli freqatları kimi xidmətini davam etdirir.

İstifadə müddətlərinə görə bütün dünyada yarım ömür modernləşdirmələri gündəmdə olan MEKO sinfinə məxsus freqatlardan “Anzak” sinfindən 8 freqatın Avstraliya və Yeni Zelandiya donanmalarının birgə işi ilə 2016-cı ildə başlayan modernləşdirmə fəaliyyətləri davam edir. Modernləşmə çərçivəsində Sonar Sistemi, Torpedo Qarışdırma və Aldatma Sistemi, Döyüş İdarəetmə Sistemi və Elektron Skanedən Antena Sistemi kimi radar sistemləri yer alır.

Türkiyədə 2015-ci ildə başlayan “Yavuz” MEHS layihəsi çərçivəsində Milli Radioelektron Müharibə Sistemi “Yavuz” sinfinə məxsus freqatlara inteqrasiya edilib. İnteqrasiya işləri 2019-cu ildə uğurla başa çatdırılıb. Dəyişən döyüş taktikası və texnologiya transformasiyası ilə Türkiyə donanmasının ən təchizatlı döyüş gəmiləri olan “Barbaros” sinfinə məxsus freqatlar üçün modernizasiya fəaliyyəti üçölçülü axtarış radarlarının modernləşdirilməsi və ESSM (Evolved Sea Sparrow Missile) inteqrasiyası ilə 2017-ci ildə tamamlanıb.

ASELSAN “Smart-S” Radarı “Barbaros” və “Gabya” siniflərinə məxsus freqatlarda quraşdırıldığı halda, yenə eyni gəmilər üçün ASELSAN ANS-510D “Gyro” Sistemi İnteqrasiya Layihəsi və “ASELSAN-Kulaç” Səs Sistemi İnteqrasiya Layihəsi ilə modernləşdirmə işləri davam etdirilib. “Barbaros” Müharibə İdarəetmə Sistemi (B-SYS) Layihəsi çərçivəsində HAVELSAN tərəfindən təmin edilən “Advent” Döyüş İdarəetmə Sistemi, ASELSAN tərəfindən təqdim edilən 5-54 Top Atəşini İdarəetmə Sistemi və “Kırlangıç” Elektro-Optik Kamera Sisteminin istifadəsinə qərar verilib.

Sözügedən modernləşmə fəaliyyətləri ilə yanaşı, “Barbaros”lar üçün daha əhatəli modernləşmə ehtiyacı da ön plana çıxdı. Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (MSİK) 2017-ci ildə qəbul etdiyi qərarla “Barbaros” sinfinə məxsus freqatların yerli və milli müasir silah və sensorlarla təchiz edilməsi tələbi təsdiqləndi və beləliklə, “Barbaros” Sinfinə Məxsus Freqatların Yarım Ömür Modernləşdirməsi Layihəsinə start verildi. 2018-ci il aprelin 3-də Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə ASELSAN-HAVELSAN Biznes Tərəfdaşlığı arasında Türkiyə tarixində ən əhatəli freqat modernizasiya layihəsi olan B-YÖM layihə müqaviləsi imzalandı. Layihə çərçivəsində ASELSAN döyüş sistemlərinin və döyüş gəmilərinin modernləşdirilməsi fəaliyyətlərinin əsas inteqratoru kimi çıxış edir.

ASELSAN tərəfindən Korpusa quraşdırılmış Sonar Sistemi, Döyüş Gəmisi Avtomatik Tanıma Sistemi, 25 mm Stabilləşdirilmiş Silah Sistemi (hər gəmidə 2 ədəd), Güc Paylama Sistemi, İstilik Havalandırma Sistemi, Torpedo Qarışdırma Aldatma Sistemi, Dalğıc Aşkarlama Sonarı, Daxili Əlaqə Sistemi, Xarici Əlaqə Sistemi, İnfraqırmızı Axtarış və İzləmə Sistemi , Təkmilləşdirilmiş Lazer Xəbərdarlıq Sistemi, Hava Hücumundan Müdafiə Axtarış Radarı, Atəşə Nəzarət Radarı (hər gəmidə 2 ədəd), Mərkəzi İdarəetmə Sistemi, “Chaff Decoy”/İnfraqırmızı Buraxılış Sistemi, Radioelektron Dəstək Sistemi və Radioelektron Hücum Sistemi çatdırılır.

Modernləşdirmə layihələri yeni gəmiqayırma layihələrindən daha mürəkkəb və idarə olunması çətindir. Gəmidə fəal şəkildə istifadə olunan sistemlərin işinə təsir etmədən belə hərtərəfli döyüş sistemini modernləşdirmək kifayət qədər çətin məsələdir. ASELSAN gəmiqayırma fəaliyyətlərində elektron sistemlərdə yerli və milli gücünü nümayiş etdirib, 2020-ci ildə təhvil verəcəyi sistemlərlə birlikdə müasir bir quruluşda gəmi dizayn fəaliyyətini tamamlayıb. Yerləşmə və dizayn fəaliyyətləri göyərtənin altında və göyərtədə onlarla müxtəlif yerlərdə həyata keçirilib.

“Gölcük” Gəmiqayırma Zavodu Komandanlığının gəmidə istehsal və montaj fəaliyyətləri üçün tələb etdiyi göyərtə üstü və göyərtə altı plan dizaynı, dayanıqlıq və dəniz analizi, elektromaqnit müdaxiləsi və uyğunluq analizi, döyüş sistemləri proqramı və sistem mühəndisliyi həlli kimi mühəndislik fəaliyyətləri ASELSAN tərəfindən həyata keçirilir.

B-YÖM Layihəsinin icrası zamanı “Barbaros” sinfinə məxsus freqatların yerli və milli sistemlərlə təchiz edilməsi ehtiyacları davam etdirilib. Müxtəlif MSİK qərarları çərçivəsində inkişaf etdirilən və “Barbaros” sinfinə məxsus platformalara inteqrasiya qərarı verilən ASELSAN məsuliyyəti altındakı “IFF Mod 5” modernləşdirməsi, “Tumsis X-Bant” Peyk Əlaqə sistemi, “Gökdeniz” Yaxın Hava Hücumundan Müdafiə Sistemi və ROKETSAN-ın təmin edəcəyi “Atmaca” idarə olunan mərmi sistemləri də B-YÖM Layihəsi çərçivəsində yaradılan proqnozlaşdırıcı ümumi yerləşmə modeli ilə asanlıqla inteqrasiya edilə bilən vəziyyətə gəlib.

TCG “Oruçreis”in istifadə edəcəyi bütün silah və sensorlar 2021-ci ildə uğurla tamamlanıb. ASELSAN tərəfindən layihələndirilən baş dirək, orta dirək və digər əsas platforma konstruksiyaları da “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı tərəfindən istehsala alınıb. TCG “Oruçreis”in “Gölcük” Gəmiqayırma Zavoduna daxil olması ilə 2022-ci ilin yanvar ayında gəmi modernləşdirmə fəaliyyətlərinə başlanılıb.

Modernləşdirmədən sonra əvvəlkindən daha bacarıqlı olacaq “Barbaros” sinfinə məxsus freqatlardan birincisi olan TCG “Oruçreis” istehsal, montaj və qəbul işlərinin başa çatması ilə başda Mavi Vətən olmaqla dünya dənizlərində Türkiyə bayrağını qürurla dalğalandırmağa başlayacaq.

“Barbaros” sinfinə məxsus freqatların ikinci gəmisinin istifadə edəcəyi silah və sensorların istehsal və zavod qəbul sınaqları ASELSAN və HAVELSAN tərəfindən 2022-ci ildə uğurla tamamlanıb. Layihə fəaliyyətləri çərçivəsində həyata keçirilən işlər ilə Türkiyədə tarix yazan “Barbaros” Sinfinə Məxsus Freqat Yarım ömür Modernləşdirməsi layihəsi bütün MEKO istifadəçisi dünya dəniz donanmaları tərəfindən də yaxından izlənilir. Çox güclü ixrac potensialına malik olan layihədə ASELSAN bir çox ölkə ilə əlaqə saxlayır.

Bu layihənin həyata keçirilməsi üçün Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Dəniz Qüvvələri Komandanlığı, “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı, Donanma Komandanlığı, ASELSAN, HAVELSAN, ROKETSAN və bir çox subpodratçı şirkət böyük bir fədakarlıqla işləməyə davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Barbaros  


Bizi "telegram"da izləyin