Antarktidada geosiyasi mübarizə kəskinləşir! Region yeni döyüş meydanına çevriləcəkmi?

2023/09/1693994365.jpg
Oxunub: 431     12:42     07 Sentyabr 2023    
XX əsrdən etibarən dünyada nizamlı insan həyatının olmadığı yeganə qitə olan Antarktidada elmi araşdırmalar aparılmağa başlandı. XIX əsrin birinci yarısında kəşf edilən buzlaq qitəsi bəzi ölkələrin suverenlik iddiaları ilə yanaşı, üzərində aparılan elmi araşdırmalarla da xatırlandı. 1959-cu ildə imzalanan Antarktika haqqında konvensiya ilə beynəlxalq hüquq müstəvisində etibarsız sayılan bu iddialar bu gün və gələcəkdə gərginlik yaratma potensialına malikdir.

Antarktidanın kəşfi ölkələrin müstəmləkə yarışında olduğu XIX əsrdə baş verdi və dövrün ruhuna uyğun olaraq, bir çox ölkə XX əsrin ortalarına qədər qitə üzərində suverenlik iddiasında idi. Argentina, Avstraliya, Böyük Britaniya, Fransa, Norveç, Çili və Yeni Zelandiya bu torpaqlar üzərində suverenlik iddiasında olan yeddi ölkəni tşkil edir. Bu iddiaların bəziləri bir-biri ilə ziddiyyət təşkil etdiyindən və 190-a yaxın ölkədən reaksiyalar yarandığından, geosiyasi gərginlik buzlu qitədə davam edir.

1959-cu ildə əlamətdar diplomatik səylər nəticəsində Antarktika haqqında konvensiya imzalandı və 1961-ci ildə qüvvəyə mindi. Bu tarixi saziş ərazi mübahisələrini həll etməklə yanaşı, elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün Antarktidanın qorunmasının vacibliyini qəbul etdi. Əvvəlcə 12 ölkə tərəfindən imzalanan və hazırda 56 tərəfin imzaladığı müqavilə qitədən dinc məqsədlərlə istifadəni təşviq edərkən hərbi fəaliyyətləri, nüvə sınaqlarını və faydalı qazıntıların çıxarılmasını qadağan edir.

Razılaşmaya imza atan ölkələr arasında regionda haqq iddia edən 7 ölkə var. Antarktika haqqında konvensiyanın ən mühüm elementi onun ərazi iddialarını dayandırmasıdır. Müqaviləyə əsasən, ölkələr Antarktidada suverenlik iddialarını qoruyub saxlasa da, razılaşma müddətində bu iddiaları həyata keçirməməyə və ya yenilərini yaratmamağa razılaşır və öhdəlik götürür. Bu kompromis elmi tədqiqatlara, ekologiyanın qorunmasına və dinc səylərə diqqətin yönəldilməsinə asanlaşdırıcı təsir göstərir.

Antarktika haqqında konvensiya ilə təmin edilmiş hərtərəfli çərçivəyə baxmayaraq, ərazi mübahisələri və müqavilə müddəalarının müxtəlif şərhləri ilə bağlı problemlər qalmaqdadır. Diplomatik səylər və danışıqlar bu münaqişələrin idarə olunmasında mühüm rol oynayır və xalqların sülh yolu ilə həllə sadiqliyini nümayiş etdirir. İqlim dəyişikliyi və resursların qıtlığı ilə bağlı qlobal narahatlıqlar artdıqca, Antarktidanın geosiyasi əhəmiyyəti vəziyyəti daha da çətinləşdirir.

Antarktidanın təmiz ətraf mühiti və unikal ekosistemləri bu bölgəni qorumaq öhdəliyinə ilham verdi. 1998-ci ildə qüvvəyə minən Antarktidanın mühafizəsi üçün hüquqi qüvvəyə malik Madrid Ətraf Mühitin Mühafizəsi Protokolu Antarktidanı “sülh və elmə həsr olunmuş təbii qoruq” kimi müəyyən edir və ən azı 50 il müddətinə bütün mineral ehtiyat fəaliyyətlərini qadağan edir.

Antarktidanın əhəmiyyəti

Antarktida təbii ehtiyatlar, baza yaradılması və təhlükəsizlik fəaliyyətləri, dəniz yurisdiksiyası kimi səbəblərə görə ölkələrin diqqətini çəkir. Con Kinqstonun 1991-ci ildə ABŞ Daxili İşlər Nazirliyinin Geoloji Tədqiqat Bölməsi üçün yazdığı araşdırma hesabatındakı məlumata görə, Antarktidada 3 kub kilometr təbii qaz və 19 milyard barrel çıxarıla bilən neft olduğu təxmin edilir. Kinqstonun təxminləri sübut olunmamış ehtiyatlara əsaslanırdı.

Vladimir Afanasiev və İain Esaunun 2023-cü ilin fevralında “Upstream Online”da dərc olunan məqalələrində Rusiyanın dövlət geoloji agentliyi “Rosgeologia”nın Antarktidanın karbohidrogen ehtiyatlarının 2020-ci ildə 500 milyard neftə bərabər olacağını təxmin etdiyi bildirildi. Antarktidadan əldə ediləcək torpaq parçaları bir ölkəyə dəniz sahəsi və bu yeraltı sərvətləri çıxarmaq hüququ verəcək.

Antarktidadakı ərazisindən okeanın 200 dəniz mili məsafələrinə qədər uzanan Müstəsna İqtisadi Zona (MİZ) əldə etmək ölkənin bu ərazilər üzərində suverenliyinə malik olması deməkdir. MİZ elanı balıqçılıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı ölkələrə geniş hüquqlar təmin edir və böyük əhəmiyyət kəsb edir. Antarktida yerləşdiyi yerə görə hava əlaqəsinin ən asan olduğu bölgə olaraq seçilir və kosmos tədqiqatları baxımından kritik əhəmiyyətə malikdir.

Ağ qitədə çəkişmə

Ölkələr 2048-ci ildə başa çatacaq Antarktika haqqında konvensiya üçün artıq hazırdırlar. “World Atlas”a görə Argentina, Avstraliya, Belarus, Belçika, Braziliya, Bolqarıstan, Çili, Çin, Çexiya, Ekvador, Finlandiya, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Pakistan, Peru, Polşa , Rumıniya, Rusiya, Cənubi Afrika, Cənubi Koreya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya, ABŞ və Uruqvay qitədə tədqiqat obyektlərinə malikdir.

28 aprel 2023-cü ildə “Time” jurnalında dərc olunan məqalədə İan Bremmer Çinin qitədə elmi-tədqiqat obyektlərinin tikintisini artırmaq cəhdini “Pekinin Antarktidanın gələcəyində söz sahibi olmaq üçün sərmayələri” kimi qiymətləndirir. CSIS-ə yazan Daniel Rand və Henri Zaymer də Çinin stansiyalar açmaq cəhdini “Antarktidanın böyük güclərin rəqabətinə səhnə olmaq potensialının artdığını” və Pekinin laboratoriyalarının “asanlıqla hərbi məqsədlərə xidmət edə biləcəyini” sübut kimi qiymətləndirir.

Nəzərə almaq lazımdır ki, Rand və Zaymerin “hərbi məqsədlərə xidmət edəcək obyektlər” üçün ifadə etdikləri ehtimal bölgədəki digər obyektlərə də aiddir. Bölgədə hərbi fəaliyyət qadağan edilsə də, bu vəziyyət narahatlıq mənbəyi olaraq qalır.

2014-cü ildə Antarktidaya gedən və təəssüratları ilə bağlı BBC üçün məqalə yazan Metyu Teller qitədə torpaq sahibi olduğunu iddia edən Çili və Argentinanın Antarktida materikində daimi ordu saxladığını və bəzi ölkələrin hərbi qüvvələrini gizli saxlamasından və ya hərbi missiyaları yerinə yetirmək üçün mülki subpodratçıları işə götürməsindən narahat olduğunu bildirib. Dünya Sülh Təşkilatı üçün yazan Dzhari Çauvet bildirir ki, Antarktika haqqında konvensiyada hüquqi boşluqlar yenilənməsə, region yeni münaqişəyə meylli olacaq.

Çauvet “elmi araşdırma” termininin əhatə dairəsinin müqavilə boyunca dəqiq müəyyən edilmədiyini və müqavilədəki qanuni çərçivənin müqavilənin ən böyük problemi olaraq adada hərbi qüvvə toplanmasına mane olmayacağını bildirir. Ölkələrin diqqət mərkəzində olan və yüksək iqtisadi potensiala malik olduğu təxmin edilən bu qitə buz örtüyünün əriməsi ilə daha əlçatan olacaq. Hazırda “elmi araşdırmalar” hesabına qitədə yaşayış məntəqələri inşa edən ölkələr bu halda öz iddialarına başlaya bilər və bu, münaqişələrə səbəb ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Antarktida   Geosiyasi-mübarizə  


Bizi "telegram"da izləyin