Dünya ölkələrindən “fayda və zərər” mühasibatı| ÖHK-lər kimə sərf edir?

2023/08/1693231198.jpg
Oxunub: 339     10:57     29 Avqust 2023    
Rusiyada “Vaqner”in 24 iyunda heç də təəccüblü olmayan qiyamı və Moskva istiqamətində başlatdığı “ədalət” yürüşü Özəl Hərbi Kompaniyaları (ÖHK) qlobal gündəmin zirvəsinə çıxardı.

2014-cü ildə Krım müdaxiləsi və ardından onun ilhaqından sonra tanınan “Vaqner” rusların birbaşa adının çəkilməsini istəmədiyi hərbi müdaxilələrin aparıcı aktoru olub. ÖHK-lər indi sorğulanan, dövlətlərin ehtiyatla yanaşdığı və tənzimləməyə çalışdığı bir elementə çevrilib. Rəqabətin, böhranın və münaqişənin intensivliyinin artması ilə əlaqədar olaraq, ÖHK-lərin yaradılması və ya onların nəzarətdə saxlanılması zərurəti indi dövlətin açıq-aşkar narahatçılığına çevrilir. Belə bir müəmmanı araşdırarkən, ÖHK-lərin prosesini, alətləşdirilməsini və sonrakı proqnozlarını “fayda və zərər” mühasibatına tabe etmək faydalı ola bilər.

ABŞ-nin aparıcı rolu və “Vaqner”

ÖHK-lər Soyuq müharibədən sonra geniş yayılmış bir fenomendir. “Vaqner” tipli bir quruluşu nəzərdən keçirməzdən əvvəl, bu kompaniyaların logistika, kəşfiyyat və ya təlim kimi dəstək vəzifələrində daha əvvəl ortaya çıxdığını xatırlamaq lazımdır. Məlumdur ki, dövlətlər artan xərcləri və ixtisaslaşdırılmış hərbi ehtiyaclarını ödəyərkən ÖHK-lərə üstünlük verirlər. Təqaüdə çıxmış və ya öz ölkələrinin silahlı qüvvələrini tərk etmiş hərbi qulluqçuların təcrübələrini ödənişli olaraq istənilən dövlətə və ya aktora keçmək istəmələri də “azad sahibkarlığın” bir hissəsi oldu. Bu sahədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) aparıcı rolunu ifadə etmək lazımdır. Amerikalıların Əfqanıstan və İraqa müdaxiləsindən sonra ÖHK-lər podratçı qismində Amerika ordusuna xidmət etməyə başladı. Bu kontekstdə təhlükəsizlik xidmətlərinin göstərilməsi, logistik fəaliyyətlərin icrası, kəşfiyyat sektorunun texniki ölçüsü və mühəndis və ya texniki işçilər tələb edən texnologiya ilə bağlı vəzifələrin yerinə yetirilməsi kimi ixtisaslı vəzifələr bu kompaniyalar üçün yer açdı.

ABŞ, həmçinin ÖHK-lərin döyüş elementi kimi istifadə edilməsinə yol açdı. 1997-ci ildə “Blackwater” adı ilə qurulan kompaniya ABŞ ordusundan tenderlər almağa başladı. Amerika ordusunun xərc və risk səbəbindən qaçdığı missiyalar bu kompaniya vasitəsilə yerinə yetirildi. Hər bir qurbanın Amerika büdcəsinə və seçici üstünlüklərinə təsiri səbəbindən bu şirkətlərə ödənişli iş verildi. Ancaq yazılı və vizual mediada, sosial mediada insan haqları pozuntuları və qanuni qaydalara zidd davranışlar öz əksini tapdığından ÖHK-lər sorğulanmağa başladı. Məhkəməsiz edamlarla tanınan və Amerika dövlətinin çirkin işlərinə can atan “Blackwater” iki dəfə adını dəyişərək digər ÖHK-lər üçün presedent oldu.

Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin (Spetnas) zabiti Dmitri Utkin 2010-cu ildə “Vaqner”i təsis edib və bu, Rusiyaya bu sahədəki çirkin işlərini inkar etməyə imkan verir. Yevgeni Priqojin isə şirkətə investor kimi rəhbərlik edirdi. “Vaqner” 2014-cü ildə Krımın işğalında aparıcı rol oynayarkən Suriya, Liviya və digər Afrika ölkələrində döyüş elementləri ilə Rusiyaya dəstək verən rejim və ya silahlı qrupları dəstəkləyib. Bu ölkələrdə iqtisadi imtiyazlar da qazanan “Vaqner” dəstəklədiyi qruplardan asılı olmayaraq hərəkət edərək, öz suverenliyi kontekstində “boz zona”lar yaratdı.

Faydalı ölkələr və onların tələbləri

ÖHK-lərdən faydalanan ölkələr 3 əsas başlıq altında araşdırıla bilər. Əvvəla, hərbi strukturu institusional olan ölkələr bu kompaniyalardan həm öz ölkələrində, həm də böhran bölgələrində xidmət almaqla istifadə edə bilərlər. Kəşfiyyat və informasiya texnologiyaları kimi ekstremal təcrübə tələb edən sektorlar hərbi kompaniyaların yüksək məbləğlərə əmək müqavilələri bağladığı sahələrdir. Dövlətin güclü bürokratiyaya və nəzarət mexanizminə malik olması bu kompaniyaları nəzarətdə saxlayır. Məsələn, ABŞ Əfqanıstanda kəşfiyyat sahəsində erkən xəbərdarlıq təmin edən PTDS və “King Air” kimi hava platformalarını ÖHK-lər vasitəsilə sahədəki qoşunlarına, hətta müttəfiqlərinə də ayırıb. Beləliklə, Birləşmiş Ştatlar sistemə istismar, texniki xidmət və ya personal hüquqları kimi əlavə yük gətirən xərclərdən qurtuldu.

ABŞ hərbi bazalarda fiziki təhlükəsizlik vəzifələrini Amerika hərbi qulluqçuları yerinə hər cür təhlükəsizlik təchizatı olan hərbi kompaniyalara verdi. Vəzifələrini yerinə yetirməyən kompaniyalara qarşı maliyyə sanksiyaları tətbiq edildi. Döyüş missiyaları “Blackwater”ın qalmaqallarından alınan dərslərə görə Amerika hərbi qulluqçuları tərəfindən yerinə yetirildi. Digər tərəfdən, adını “Academi” olaraq dəyişdirən “Blackwater” Venesuelada Prezident Nikolas Maduronun hakimiyyətə gətirilməsi kimi vəzifələrə can atdı, Amerika administrasiyaları isə bu cür istəklərə müsbət yanaşmadı.

İkinci tip dövlətlər hərbi imkanları məhdud olan, lakin yaxşı iqtisadi vəziyyətdə olan və rejimin təhlükəsizliyinə üstünlük verən dövlətlərdir. Maraqlıdır ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Blackwater”dan xidmətlər alıb. Bu kompaniyalar ordu sıralarından ayrılmış hərbi qulluqçulara pilotluq kimi xüsusi vəzifələri yerinə yetirmək üçün vasitəçilik edərək, bu ölkələrin dövlət təhlükəsizliyinə deyil, rejimin davamlılığına qatqı təmin edir. Körfəz ölkələri bu çərçivədə ÖHK-lərdən faydalanır.

Bu sahədə üçüncü tip dövlətləri araşdırmaq lazımdır. Bu ölkələr hərbi kontekstdə strukturlaşmamış, milli gəlirləri aşağı olan, təbii sərvətlərin bolluğuna baxmayaraq, rifahı olmayan dövlətlərdir. Bu dövlətlərin əksəriyyəti Afrikadadır və ÖHK-lərin bədxah davranışlarına həssasdır. “Vaqner”in Afrikanın şimalından cənubuna qədər mərkəzi oxda yerləşən Afrika dövlətləri ilə müqavilələr imzalaması diqqət çəkir. Çinin bu sahəyə verdiyi kreditlər və ya investisiyalarla yanaşı, Rusiyanın “Vaqner” vasitəsilə hərbi nəzarəti də diqqət çəkir. Əslində, Afrika ölkələrində müstəmləkəçilik əleyhinə mövqelərinə görə Fransa və Rusiyaya üstünlük verən liderlər var.

Əgər dövlət zəifdirsə, ÖHK-nin həm müstəqil, həm də qeydiyyatda olduğu öz dövlətinin xeyrinə hərəkət etməsi mümkündür. Ən yaxşı nümunə Liviyadır. BƏƏ-nin maliyyəsi ilə Xəlifə Həftəri dəstəkləyən “Vaqner” Liviyada neft aypara bölgəsini əhatə edən Sirte-Cufra xəttinə və onun şərqinə nəzarət edir. Daha əvvəl Həftərin tələblərini yerinə yetirən və ödənişini alan “Vaqner” Türkiyənin müdaxiləsindən sonra müstəqil hərəkət etməyə və Suriya, Sudan kimi ölkələrdən gətirdiyi az maaşlı milislərin köməyi ilə Həftərin gündəmini öz gündəmi istiqamətində qurmağa başladı. Bu halda zəif işəgötürən ÖHK-nin tabeliyinə məhkum olur.

ÖHK qiyamının mümkün nəticələri

Məsələn, Priqojinin uğursuz “Vaqner”in qiyamı və Moskvaya doğru irəliləməsi təbii olaraq bu kompaniyalardan xidmət alan dövlətlərdə tərəddüd yaratmışdı. Digər tərəfdən, Priqojin və Utkinin öldürülməsi ilə de-fakto olaraq “Vaqner”in ləğv olunması və üzvlərinin Rusiya Müdafiə Nazirliyinə tabe olmağa başlaması mühüm hadisədir. Beləliklə, Rusiya ÖHK-lərlə müqavilə bağlayacaq dövlətlərin ünvanına çevrilir. Əslində Tripolidəki Milli Birlik Hökumətinin Rusiyanın Liviyadakı səfiri ilə görüşməsi və növbəti həftə naməlum təyyarənin “Vaqner”ə hava hücumu təşkil etməsi diqqət çəkir.

Dövlətlər təbii olaraq uzunmüddətli perspektivdə döyüş missiyaları olan ÖHK-lərə üstünlük verməyəcəklər. Bununla belə, onlar təcrübə tələb edən sahələrdə ÖHK-lərdən faydalanmağa davam edə bilərlər. Snouden hadisəsindən alınan dərs kimi, bu qeyri-döyüş hərbi kompaniyaları da daha çox nəzarət altında saxlanılmalıdır. Digər tərəfdən, zəif dövlətlər ölkə və təhlükəsizlik yardımını ÖHK-lərdən daha çox etibar edə biləcəkləri digər dövlətlərdən axtardılar.

Xidmət alan dövlətlərin ÖHK-dən asılılığı artdıqca həssaslığı da artır. Bu kontekstdə ÖHK-lər “təhlükəsizliyi təmin etmək” adı altında dolayı yolla zəif və qeyri-sabit dövlətləri idarə etməyə başlaya bilər. Bundan əlavə, Rusiya kimi dövlətlər öz nəzarətləri altında olan ÖHK-lərdən öz milli maraqları üçün istifadə edərkən qanunsuz tələblərini diktə edə bilərlər. Bu kompaniyaların tabe olduqları öz dövlətlərindəki kəşfiyyat orqanları ilə sıx əlaqələri olduğu məlumdur.

ÖHK-lərin qiyamı isə xidmət etdikləri dövlət və ya silahlı qrup qarşısında öz tələblərini reallaşdırmaqdır. İşgüzar münasibətlər bağlanan kimi tərəflərin imkanları və xidmət göstərdikləri dövlətin institusionallaşması və imkanları həlledici olur. Əgər xidmət təminatçısı xidmət alandan daha institusional və bacarıqlıdırsa, o, nəzarəti öz üzərinə götürə bilər. Qiyam anlayışını nəzərdən keçirərkən “Vaqner”in timsalında öz dövlətinə qarşı qiyam edən kompaniyaları da nəzərə almaq lazımdır.

Eyni məntiqlə, bu kompaniyalar qabiliyyət və imkanların müqayisəsi ilə özlərini güclü görən kimi həmişə qiyamı bir seçim kimi görə bilirlər. Nəhayət, nəzarət və hesabatlılıq kimi təcrübələr aradan qalxan kimi qiyam mümkün görünür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÖHK   Vaqner   Akademi  


Bizi "telegram"da izləyin