XX əsrin dünya siyasəti ilə bağlı araşdırmaların əksəriyyəti iki müəyyənedici faktora diqqəti cəlb edir. Bunlardan birincisi həm Avropada, həm də Sakit okeanda böyük dağıntılara səbəb olan dünya müharibələri, digəri isə atom bombasının törətdiyi dağıntılarla başlayan nüvə silahlanmasının mərkəzində yer alan rəqabətin qalıcı hala gəlməsidir.
İkinci Dünya müharibəsinin ayaq səsləri eşidilməyə başladığı bir vaxtda Qərbdə, xüsusən də ABŞ-də elm dünyasını narahat edən əsas amil nasist Almaniyasının dağıdıcı və öldürücü silah hazırlaması idi. İlk dəfə 1930-cu illərin əvvəllərində gündəmə gələn alman kimyaçıları Otto Hahn və Fritz Strassmann tərəfindən 1938-ci ildə aparılan tədqiqatlar nəticəsində uranda nüvə parçalanması aşkar edildi. Bu inkişaf həm də atom bombasının hazırlana bilmə ehtimalını artırdı.
Manhetten Layihəsi və Hiroşimaya hücum
Bu dövrdə macar əsilli alim Leo Szilardın neytronla idarə olunan birləşmələrin nüvə bombaları üçün enerji təmin edə biləcəyi ilə bağlı araşdırması müzakirələri yüksək səviyyəyə qaldırdı. Szilardın araşdırması təbii uranla zəncirvari reaksiyanın mümkün ola biləcəyini və beləliklə, dağıdıcı bombanın hazırlana biləcəyini göstərdi. Nasist Almaniyasının belə bir eksperiment riskinin fərqində olan Szilard və Viqnerin təşəbbüsləri ilə sonrakı illərdə “Eynşteyn-Szilard məktubu” olaraq xatırlanacaq bir məktubla sözgedən narahatlıqlar ABŞ Prezidenti Franklin D. Ruzveltlə paylaşıldı.
Bu dövrdə formalaşan komitənin “uranın ən böyük dağıdıcılıqla bomba istehsalı üçün mənbə ola biləcəyi” hesabatı da ABŞ-də yeni bir layihənin başlanmasının mənbəyi oldu. 1942-ci ildə Ruzveltin dəstəyi və Britaniya ilə Kanadanın əməkdaşlığı sayəsində ABŞ ordusunda general-mayor Lesli Qrovsun rəhbərliyi altında Manhetten Layihəsi başladıldı. Əsas məqsədi ilk atom bombasının dizaynını təmin etmək və düşmən fəaliyyətlərini izləmək olan Manhetten Layihəsinin başında Kaliforniya Texnologiya İnstitutunda işləyən və Amerika fizika məktəbinin qurucu adlarından biri olan Robert Oppenheymer yer alırdı. Onun rəhbərliyi altında aparılan işlərdə uranın zənginləşdirilməsi nəticəsində 2 növ atom bombası hazırlandı.
1945-ci ilin iyulunda Nyu-Meksikoda keçirilən ilk təcrübədən üç həftə sonra ABŞ 6 avqust 1945-ci ildə “Enola Gay” adlı bombardmançı təyyarədən Hiroşimaya ilk atom bombası hücumunu həyata keçirdi. “Little Boy” adlı bomba şəhərin 70 faizini məhv etdi, Naqasaki isə ilk hücumdan 3 gün sonra “Fat Man” adlı bomba ilə hədəfə alındı. Yüz minlərlə insanın həyatını itirdiyi tarixdəki ilk və yeganə atom bombası hücumu İkinci Dünya müharibəsinin qırılma nöqtəsi oldu. Yaponiya qeyd-şərtsiz təslim olmaq məcburiyyətində qaldı.
Yenidən formalaşan beynəlxalq qüvvələr balansı
Almaniya və Yaponiya təhlükəsinin aradan qalxması, Britaniyanın başçılıq etdiyi Avropa ölkələrinin İkinci Dünya müharibəsindən tükənmiş və gücünü itirmiş şəkildə çıxması ilə beynəlxalq qüvvələr balansı yenidən formalaşmağa başladı. XX əsrin əvvəllərindən qlobal siyasətdə təsirini artıran və hər iki dünya müharibəsinin nəticəsini müəyyən edən aktora çevrilən ABŞ ilə yanaşı, Sovet İttifaqı da müharibədən sonrakı nizamın ən mühüm aktoruna çevrilməyə başladı. Belə bir şəraitdə ABŞ administrasiyası həm iqtisadi və hərbi imkanları, həm də İkinci Dünya Müharibəsinin başa çatdığını elan edən dağıdıcı atom bombasına malik olması ilə Sovet İttifaqından fərqlənə bilərdi. Lakin İkinci Dünya müharibəsindən sonrakı dövrdə ortaya çıxan əlamətlər yeni rəqabətin Vaşinqton-Moskva xəttində baş tutacağını göstərirdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-nin Hiroşima və Naqasakiyə hücumlarından sonra nüvə silahlarının ləğvi ilə bağlı çağırışlarına baxmayaraq, Vaşinqton administrasiyası atom silahı sınaqlarını və araşdırmalarını davam etdirdi. Atom bombası və bunun yaratdığı təhlükəsizlik dilemması sayəsində güc balansı ilə bağlı parametrlərin Vaşinqtonun xeyrinə formalaşması Moskvanı əks hücuma sövq etdi. Əslində Sovet İttifaqı 1949-cu avqustun 29-da “İlk Şimşək” adlı bombanı sınaqdan keçirdi. Beləliklə, Soyuq müharibənin əlamətlərinin başladığı bir vaxtda həm Vaşinqton, həm də Moskva nüvə güclərinə çevrilməkdə əhəmiyyətli üstünlük əldə etdilər.
Atom bombası ilə hidrogen bombası arasındakı fərq
1952-ci ildə ABŞ Marşall adalarında “Ivy Mike” kimi tanınan ilk hidrogen bombasını sınaqdan keçirdi. Beləliklə, Vaşinqton administrasiyası 1942-ci ildən bəri davam etdirdiyi nüvə proqramı sayəsində daha dağıdıcı təsirlərə malik yeni bir bomba hazırladı.
Atom bombasından 500 dəfə güclü olan hidrogen bombasına bəzən atom bombası ilə eyni məntiqlə yanaşılır. Ancaq ABŞ-nin Hiroşimada istifadə etdiyi “Little Boy” uran-235-dən hazırlanıb və zəncirvari reaksiya zamanı buraxılan enerjinin nüvəni alovlandırdığı sistemə əsaslanır. Naqasakidə istifadə edilən “Fat Man” nüvəsində plutonium-239-a malikdir və “Little Boy” kimi bir zəncirvari reaksiya nəticəsində ayrılan enerji ilə alovlanır. Başqa sözlə, tarixdə istifadə edilən ilk atom bombaları atomların parçalanması prosesi kimi tanınan nüvə birləşməsinin məntiqi ilə işləyir.
“Hidrogen bombası daha mürəkkəbdir. Termonüvə bombaları kimi də tanınan hidrogen bombalarının işləmə üsulu nüvə parçalanması və nüvə birləşmə reaksiyası adlanan iki mərhələnin nəticəsidir. Nüvə parçalanmasında uran və ya plutonium kimi elementlər zəncirvari reaksiya yaratmaq üçün parçalanır, nüvə birləşmə reaksiyasında isə birdən çox atom nüvəsi birləşərək daha ağır bir atom meydana gətirir. Beləliklə, daha böyük bir enerjinin yaranmasına səbəb olur. Yəni, parçalanma bombası kiçik atomları böyük parçalar halına gətirir. Beləliklə, partlayışın təsiri də artır”.
1952-ci ildə “Ivy Mike” hidrogen bombasını hazırlayan ABŞ-dən sonra Britaniya da həmin il ilk nüvə sınaqlarına başladı. 1954-cü ildə ABŞ 15 meqaton gücündə partlaya bilən “Castle Bravo” adlı hidrogen bombasını sınaqdan keçirdi. 1960-cı ildə Fransanın Sahara səhrasında ilk atom bombasını sınaqdan keçirməsindən sonra Sovet İttifaqı da 1961-ci ildə tarixin ən böyük hidrogen bombası (50 meqaton) kimi tanınan “Çar Bombası”nı sınaqdan keçirdi. Sözügedən hidrogen bombası Hiroşimaya atılan atom bombasından 3333 dəfə daha böyük təsirə malik idi.
Təhdid qavrayışı və nüvə silahlanması
Bu inkişafların göstərdiyi kimi, Hiroşima və Naqasakidəki hücumların yaratdığı təhlükə qavrayışı və Qərb Bloku ilə Şərq Bloku ölkələri arasında rəqabət nüvə silahlanma prosesini tətikləyən bir qırılmaya səbəb oldu. Əslində, nüvə silahının əldə edilməsi dövlətlərin gücünə və imkanlarına birbaşa təsir etməklə yanaşı, həm də təhlükəsizlik dilemması yaratdı. İkiqütblü sistemdə olan dövlətlərin qəbul etdiyi təhdid səviyyəsi silahlanma yarışını və xüsusən də nüvə silahlanmasını artırdı.
1946-cı ildə Vaşinqtonun sahib olduğu atom bombası və 1952-ci ildə inkişaf etdirdiyi hidrogen bombası ilə pozulan qüvvələr balansı Moskvanın 1949-cu ildə başlayan sınaqları ilə cavab tapdı. Yəni həmkarlarının silah və imkanlarından necə istifadə edəcəyini bilməyən və buna görə də təhlükəsizlik dilemması ilə üzləşən opponentlər ya nüvə proqramına üz tutdular, ya da alyanslara daxil olmaqla öz təhlükəsizliyini təmin etməyə diqqət yetirdilər. Nəhayət, nüvə silahlanması rəqabəti təkcə bu iki dövlətlə məhdudlaşmırdı və demək olar ki, domino effektinə gətirib çıxarırdı. ABŞ və Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilə yanaşı, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya kimi ölkələr zamanla nüvə silahına sahib oldular.
Realist nəzəriyyəçilərin fikrincə, nüvə silahları təhlükəsizlik və təhdid kontekstində rəqiblər üçün risk yaratsa da, mümkün bir münaqişənin ortaya çıxardığı ağır xərclər nəzərə alındıqda Kuba Raket Böhranı nümunəsində olduğu kimi dövlətləri münaqişədən qaçmağa məcbur edir və çəkindirmə baxımından da əhəmiyyətli rol oynayır. Digər tərəfdən, nüvə silahlarının yaratdığı risk həm Soyuq müharibə dövründə, həm də bu gün də davam edir. İkinci Dünya müharibəsindən sonra qlobal sistemin nisbətən kövrək olduğu bir şəraitdə Vaşinqtonun nüvə silahına malik olmasının yaratdığı risklər nüvə silahını SSRİ üçün strateji hədəfə çevirmişdi.
Əslində, BMT-nin nüvə fəaliyyətlərinə son qoyulması çağırışları və nüvə silahlarının qadağan edilməsi ilə bağlı imzalanan müqavilələr də bu riski minimuma endirmədi. Soyuq müharibənin parametrləri zəifləsə də, nüvə silahı hələ də ciddi risk olaraq qalır. Moskvanın Ukrayna-Rusiya müharibəsində nüvə hücumu ssenarilərini gündəmə gətirməsi sözügedən riskin hələ də davam etdiyini göstərir.
Firuz Bağırov
Ordu.az