Ordu.az xəbər verir ki, Fumio Merilend ştatının Kemp Devid şəhərində keçirilən üçtərəfli sammitdə ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yoon Suk Yeol ilə görüşüb.
Birgə mətbuat konfransında danışan Kişida xatırladıb ki, Yaponiya ABŞ-nin Havay əyalətindəki meşə yanğınlarından zərər çəkənlər üçün bölgəyə 2 milyon dollar humanitar yardım edəcək.
Kişida Rusiya-Ukrayna müharibəsinin beynəlxalq nizamın əsaslarını sarsıtdığını, Şimali Koreyanın nüvə raket təhdidlərinin və Şərqi və Cənubi Çin dənizlərində status-kvonu zorla dəyişdirmək cəhdlərinin davam etdiyini bildirib.
Belə şəraitdə üçtərəfli strateji əməkdaşlığın genişləndirilməsini zəruri və qaçılmaz kimi xarakterizə edən Kişida Yaponiya, Cənubi Koreya və ABŞ-nin müdafiə sahəsində əməkdaşlıqlarını yeni səviyyəyə qaldıracaqlarını vurğulayıb.
Yaponiya Baş naziri Şimali Koreyanın raket sınaqları üçün kəşfiyyat məlumatlarının paylaşılması və xəbərdarlıq sistemi ilə bağlı daha əvvəl razılaşdıqlarını və bu sahədə ilk addımların ilin sonuna qədər atılacağını qeyd edib.
Kişida, həmçinin Hind-Sakit okean hövzəsində dəniz təhlükəsizliyini artırmaq məqsədilə iqtisadi təhlükəsizlik və region ölkələrinin imkanlarının inkişafı üçün koordinasiya sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəldiklərini bildirib.
Sevinc Əliyeva
Ordu.az