Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi vəsait ayrılan ölkələri açıqlayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-iyun dövründə Türkiyə 17 ölkəyə hərbi resurslarda ümumilikdə 280,5 milyon türk lirəsi ayırıb.
Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, dost və müttəfiq ölkələrlə imzalanan Hərbi Maliyyə Əməkdaşlıq Sazişləri və Nağd Yardım Tətbiq Protokolları çərçivəsində 17 ölkəyə (Azərbaycan, Albaniya, Banqladeş, Bosniya və Herseqovina, Burundi, Efiopiya, Qambiya, Gürcüstan, Monteneqro, Qırğızıstan, Kosovo, Şimali Makedoniya, Özbəkistan, Somali, Tunis, Ukrayna, İordaniya) vəsait ayrılıb.
“Somali Silahlı Qüvvələrinin yenidən qurulması çərçivəsində vəsaitlər ayrılıb. Sülhə Dəstək və Müdafiə Əməliyyatları çərçivəsində Türkiyə silahlı qüvvələri tərəfindən Bosniya, Kosovo, Somali, Liviya, Livan, İraq və Azərbaycanda ümumilikdə 11 missiya yerinə yetirilir”, - deyə məlumatda bildirilib.
2022-ci ildə Türkiyə 355,6 milyon lirə məbləğində hərbi maliyyə yardımı göstərib. Bu il veriləcək hərbi maliyyə yardımının məbləğinin təxminən 600 milyon lirə olacağı gözlənilir. Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələri bir çox ölkənin hərbi personalına təlim dəstəyi də verir.
Sevinc Əliyeva
Ordu.az