Ordu.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Bakıdan və İrəvandan təcili sülh əldə olunması ilə bağlı alınan siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ bir sıra mürəkkəb mövzuların həlli yollarını tapmalıyıq”, - deyə o, bu ölkələr arasında sülhün bərqərar olmasına hansı problemlərin mane olduğu sualını cavablandırıb.
Diplomatın qeyd etdiyi kimi, bunlardan ən mühümü Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın qanunvericilik çərçivəsində hamının qəbul etdiyi hüquqların müdafiəsi məsələləridir. “Tərəflər bu məntiqi 1991-ci ildə Almatı bəyannaməsinin qarşılıqlı şəkildə təsdiqlənməsindən sonra qəbul ediblər. Sazişin həyata keçirilməsi üçün beynəlxalq dəstək mexanizmi də tələb olunur ki, bu da Ermənistan və Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almayacaq”, - Qonçar əlavə edib.
O, Rusiyanın sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal dəstək verdiyini vurğulayıb. “Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti [Vladimir Putin], Azərbaycan prezidenti [İlham Əliyev] və Ermənistanın baş naziri [Nikol Paşinyan] arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək, həmin sənədin hazırlanmasında Bakı və İrəvana fəal dəstək verir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri daim görüşürlər”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib.
Sevinc Əliyeva
Ordu.az