Zaporojye AES-də nə baş verir? Təhlükənin ölçüləri hansılardır?

2023/07/2023--1689315019.jpg
Oxunub: 409     15:20     14 İyul 2023    
Avropanın ən böyük stansiyası olan və Ukraynanın şərqində yerləşən Zaporojye Atom Elektrik Stansiyasının yeni Çernobıl hadisəsinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar var. Sovet İttifaqı tərəfindən inşa edilən və partlayış təhlükəsi günü-gündən artan elektrik stansiyasında təxribat qorxusu bütün dünyaya təsir edib, Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) elektrik stansiyasının kritik ərazilərinə giriş üçün şərtləri çətinləşdirib.

Rusiyanın Ukraynanı işğal etməsi adi zorakılıqları ilə davam edərkən, Moskvanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasında təxribat törədilməsi barədə şayiələr yayılmağa başladı. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun elektrik stansiyasına bomba yerləşdirdiyini bildirib.

Zelenski ötən günlərdə etdiyi çıxışında Ukrayna xüsusi xidmət orqanlarına istinad edərək bildirib: “Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasında bir neçə enerji blokunun damına partlayıcı qurğuya bənzər əşyalar yerləşdirib. Ola bilsin ki, onların obyektə hücumu simulyasiya etmək üçün fərqli ssenarisi var. Dünya görür ki, Zaporojye Elektrik Stansiyasına yeganə təhlükə Rusiyadır”.

Daha sonra Ukrayna ordusunun “əməliyyat məlumatları” olaraq xarakterizə etdiyi bəyanatda 3-cü və 4-cü reaktor bloklarının damlarına partlayıcı qurğuların yerləşdirildiyi bildirilib. Ukrayna Prezidentinin bu xəbərdarlığı ilə Ukrayna Səhiyyə Nazirliyinin rəsmiləri bölgə sakinlərinə hər an gələ biləcək evakuasiya qərarına hazır olmaları barədə məlumat veriblər. AEBA-nın rəsmi bəyanatında bildirilir ki, agentliyin bölgədəki mütəxəssisləri elektrik stansiyasına baxış keçirib, mina və ya partlayıcı qurğu kimi hər hansı obyektin izinə rast gəlinməyib.

AEBA baş direktoru Rafael Qrossi obyektdə minaların olmadığını qəti şəkildə müəyyən etmək üçün stansiyanın daha çox ərazisinə çıxışın lazım olduğunu, 3-cü və 4-cü reaktor bloklarının dam örtüyünün bu baxımdan çox vacib olduğunu bildirib.

Qrossi açıqlamasında qeyd edib: “Bu böyük atom elektrik stansiyasının yerləşdiyi ərazidə hərbi gərginlik və fəaliyyətlər artdıqda, mütəxəssislərimiz faktları yerində yoxlaya bilməlidir. Onların müstəqil və qərəzsiz hesabatları yerlərdə mövcud vəziyyətə aydınlıq gətirməyə kömək edəcək. Bu, təsdiqlənməmiş iddiaların və əks iddiaların olduğu bir vaxtda həyati əhəmiyyət kəsb edir”.

Vladimir Putinin sözçüsü Dmitri Peskov əsas hücumun Ukrayna ordusu tərəfindən törədilə biləcəyini və Rusiyanın bu hücuma qarşı durmağa çalışdığını bildirib. Kremlin sözçüsü verdiyi açıqlamada deyib: “Vəziyyət çox gərgindir, çünki ciddi nəticələrə səbəb olan təxribat təhlükəsi tamamilə realdır. Bu təhlükəni aradan qaldırmaq üçün bütün tədbirlər görülür”.

“Rosenergoatom” təşkilatına məsləhətçilik edən ekspert Renat Karçaa Kiyev elektrik stansiyasına nüvə tullantıları ilə işləyən silahlarla hücum ediləcəyini açıqlayıb. Karçaa Rusiya mediasına verdiyi açıqlamada bildirib: “Ukrayna ordusu iyulun 5-də axşam saatlarında uzun mənzilli, yüksək dəqiqlikli silahlardan və kamikadze hücum Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməklə Zaporojye stansiyasına hücum etməyə çalışacaq”.

Təhlükənin ölçüləri

Məlumdur ki, sovet dövründə inşa edilən infrastruktur obyektləri mümkün müharibəyə tab gətirəcək şəkildə tikilib. Zaporojye Atom Elektrik Stansiyası bu ümumiləşdirmədə istisna təşkil etmir. Mütəxəssislər atom elektrik stansiyasının müharibə və təbii fəlakətlər kimi vəziyyətlərə tab gətirəcək şəkildə inşa edildiyini bildirirlər.

Rusiya 2022-ci ilin fevralında işğalın başladığı zaman Zaporojye Elektrik Stansiyasını da ələ keçirdi. Toqquşmaların elektrik stansiyası ətrafına keçməsindən bəri BMT münaqişə tərəflərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edir. Zaporojyedə baş verə biləcək fəlakətin yaratdığı narahatlıq 1986-cı ildə yenə Ukraynada baş verən və ətraf ölkələrə təsir edən Çernobıl faciəsini xatırladır.

Lakin ekspertlər deyirlər ki, Zaporojyedə təxribat nəticəsində baş verə biləcək partlayış Çernobılla müqayisə oluna bilməz. Avropa Nüvə Birliyinin rəhbəri Leon Cizelj CNN-ə açıqlamasında deyib ki, stansiyanın zədələnməsi ehtimalı çox azdır.

Cizelj qeyd edib ki, stansiya zədələnərsə, bu, Çernobıl faciəsi kimi bütün Avropaya yayılmayacaq, yalnız ətrafda yaşayan ukraynalılara təsir edəcək. Avropa Nüvə Birliyinin rəhbəri bildirib ki, bu ssenaridə fəlakətin nəticələri 2011-ci ildə Fukuşimada baş vermiş qəzanın nəticələri ilə müqayisə oluna bilər.

Cizelj həmçinin vurğulayıb ki, altı reaktoru fəaliyyətsiz vəziyyətdə olan elektrik stansiyası təsadüfi artilleriya atəşi ilə zədələnə bilməz. Onun sözlərinə görə, obyekt yalnız yüksək bacarıq tələb edən qəsdən hücumlarla zədələnə bilər.

London İmperial Kollecinin nüvə materialları üzrə eksperti Mark Venman bildirib ki, Zaporojye Elektrik Stansiyası hava hücumlarına və zəlzələlərə tab gətirə biləcək şəkildə inşa edilib.

“Sky News”a danışan Kembric Universitetinin nüvə mühəndisliyi professoru Euqene Şvaqeraus aylar əvvəl ehtiyat tədbiri olaraq bağlanan reaktorların artıq təhlükə yaratmadığını deyib. Şvaqeraus radioaktivlik baxımından ən təhlükəli materiallardan biri olan yod-131 izotopunun indi daha təhlükəsiz izotopa çevrildiyini bildirib.

Kembric Universitetinin nüvə mühəndisliyi professoru vurğulayıb ki, obyektdəki böyük partlayış ən çox “elektrik stansiyasının dayanacaq sahəsi”nə təsir edəcək. Son həftələrdə Kaxovka bəndinin partlaması ilə Zaporojyenin soyuducu suyunun səviyyəsinin təhlükəli həddə düşmə ehtimalı da müzakirə mövzusu olub.

Elektrik stansiyası rəsmilərinin açıqlamaları soyuducu suyun səviyyəsində heç bir problemin olmadığını göstərdi. Mövcud reaktorların ehtiyat tədbiri olaraq aylar əvvəl dayandırılması, stansiyanın soyuducu su ehtiyatının sabit olması, stansiyanın dayanıqlı olması kimi faktorlar daha bir nüvə fəlakəti ehtimalını xeyli azaldır.

Divarlar nüvə materialı sızdıracaq şəkildə zədələnsə belə, materialların çoxu köhnə olduğuna və radioaktivliyinin bir hissəsini itirdiyinə görə, partlayışın ətraf ərazilərdən kənara təsir etməsi mümkün hesab edilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Zaporojye  


Bizi "telegram"da izləyin