Ordu.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov “Lenta.ru”ya müsahibəsində deyib.
O bildirib ki, Rusiya tərəfdaşlarının Ukraynada nizamlanmaya dair bir çox təkliflərini bölüşür, lakin Qərb və Kiyev istənilən sülh təşəbbüslərini rədd edir.
Lavrov qeyd edib ki, Ukraynada nizamlanma üçün zəruri olan məsələlərlə bağlı Rusiya Federasiyasının mövqeyi dəyişməyib.
"Yevgeni Priqojinin uğursuz qiyamı fonunda Kopenhagendə G7 ölkələri, Braziliya, Hindistan, Çin, Türkiyə və CAR-ın “gizli toplantısı” barədə məlumat yayılıb və burada Ukrayna üzrə sülh danışıqlarının bu ilin iyul ayında başlaya biləcəyinin müzakirə edildiyi iddia edilib. Rusiyanın tərəfdaşlarından - iclas iştirakçılarından da oxşar siqnallar aldınızmı və bu proqnozu bölüşürsünüzmü? Danışıqlar başlasa, İstanbul sənədinin hansı müddəaları Moskva üçün aktual olaraq qalır?"suallarına cavabında Lavrov belə siqnalların daxil olmadığını söyləyib.
Onun sözlərinə görə, Kiyevin və onun qərbli kuratorlarının hərbi əməliyyatları gücləndirmək yolu ilə getmək barədə inadkar istəyini nəzərə alsaq, bu məlumatın etibarsız olduğunu düşünmək üçün bütün əsaslar var. "Dəfələrlə vurğuladığımız kimi, Rusiya heç vaxt xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün siyasi vasitə kimi dialoqdan imtina etməyib. Bizim nizamlanma ilə bağlı baxışımıza gəlincə, hələ xüsusi hərbi əməliyyat başlamazdan əvvəl biz onun məqsədlərini aydın şəkildə qeyd etmişdik. Bu, Donbass əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyası, bu ölkənin ərazisindən gələn təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasıdır. 2022-ci ilin fevral-aprel aylarında Kiyevlə aparılan danışıqlar zamanı anlaşma əldə olunub ki, Ukrayna bitərəf qoşulmama statusuna qayıtmalı, NATO-ya üzv olmaqdan imtina etməli və qeyri-nüvə statusunu təsdiq etməlidir. Bundan əlavə, Xerson və Zaporojye vilayətlərinin və Donbassın “xalq respublikalarının” sakinlərinin Rusiya ilə siyasi birlik lehinə iradələrini sərbəst ifadə etmələri ilə bağlı yeni ərazi reallıqları tanınmalıdır. Kiyev hakimiyyəti Ukraynada rusdilli vətəndaşların və milli azlıqların hüquqlarını, o cümlədən rus dilinin rəsmi statusunu təmin etməlidir", deyə Rusiya XİN başçısı vurğulayıb.
Ordu.az