BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün gəldiyi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Putin BƏƏ ilə münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib. BƏƏ dövlət başçısı görüşdən sonra sosial media hesabında etdiyi paylaşımda qeyd edib: “Bu gün mən BƏƏ və Rusiya arasında ikitərəfli münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Sankt-Peterburqda Prezident Putinlə görüşdüm. BƏƏ qlobal sülh və sabitliyə doğru dialoq və diplomatiya yolu ilə siyasi həllə nail olmağa yönəlmiş bütün səyləri dəstəkləməyə davam edir”.
Putin isə Ukrayna böhranında humanitar problemlərin həllinə töhfə verən Al Nəhyana təşəkkür edib. Rusiya Prezidenti qeyd edib: “Ukraynada əsirlərin mübadiləsi ilə bağlı hadisələr zamanı humanitar məsələlərin və digər bu kimi humanitar məsələlərin həllində göstərdiyiniz səylərə görə sizə təşəkkür etmək istərdim”.
Al Nahyan Putinə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və Ukrayna böhranında vasitəçi kimi ona hər zaman dəstək verməyə hazır olduqlarını qeyd edib. İki lider dünyanın digər ölkələri ilə əməkdaşlıq körpüləri qurmaq və tərəfdaşlıq əlaqələrini gücləndirmək istəklərini vurğulayıblar. BƏƏ Prezidenti deyib ki, iki ölkə arasında münasibətləri gücləndirmək və ikiqat artırmaq üçün daha sakit dünyaya ehtiyac var.
Ukrayna Prezidenti Zelenski ilə də çoxsaylı telefon danışığı aparan Nəhyan Rusiyaya səfərindən sonra böhranın həlli prosesində mühüm rol oynayıb. Putinlə görüşünün sonunda Nəhyan bu il BƏƏ-yə bir milyondan çox rusiyalı turist gözlədiklərini də qeyd edib.
Rusiya-BƏƏ ticarətində rekord səviyyə
Rusiyanın ticarət və sənaye naziri vəzifəsini icra edən Baş nazir müavini Denis Manturov Rusiyanın BƏƏ ilə ticarət dövriyyəsinin sürətlə artdığını və keçən il rekord səviyyə təşkil edərək bütün zamanların ən yüksək səviyyəsinə çatdığını bəyan edib. Manturov bildirib ki, Qərbin Moskvaya qarşı sanksiyalarına baxmayaraq, iqtisadi əməkdaşlıq günü-gündən inkişaf edir. Açıqlamaya görə, 2022-ci ildə 68% artaraq 9 milyard dollara çatan ticarət həcmi rekord qırıb.
Əbu-Dabidə keçirilən IDEX 2023 beynəlxalq müdafiə sərgisi çərçivəsində çıxış edən Manturov deyib: “Ölkələrimiz arasında tərəfdaşlıq artır və bu müsbət tendensiya Rusiya-BƏƏ ticarətinin statistikasında da özünü göstərir”. ABŞ Moskvanın ticarətini məhdudlaşdırmaq üçün Körfəz dövlətinə təzyiqi artırsa da, BƏƏ hələ də Rusiyanın ən çox kommersiya əlaqələri qurduğu ərəb ölkəsidir.
Manturovun açıqlamasına görə, Moskvanın Əbu-Dabiyə ixracı 71 faiz artaraq 9 milyard dollar səviyyəsini keçib. BƏƏ bazarında 4000-dən çox Rusiya şirkəti fəaliyyət göstərdiyi halda, BƏƏ Rusiyada 60 layihəyə sərmayə qoyub.
Rusiya qızılına sanksiyalar
Ukrayna müharibəsi səbəbindən sanksiyalara məruz qalan Rusiyanın ən çox BƏƏ-yə qızıl ixrac etdiyi bildirilir. Avropa İttifaqının 27 üzvü Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini müharibə səbəbindən dondurub. Rusiya gömrük qeydlərinə görə, BƏƏ Rusiya qızılı üçün ən mühüm ticarət mərkəzinə çevrilib. BƏƏ 4,3 milyard dollar dəyərində 75,7 ton Rusiya qızılı idxal edib ki, bu da Ukrayna müharibəsinin başlamasından bu yana minə yaxın qızıl tədarükünün təfərrüatlarını əks etdirir. Ukraynada münaqişənin başlanmasından sonra bir çox transmilli banklar, logistika provayderləri və qiymətli metal emalı zavodları Londona göndərilən Rusiya qızılının emalını dayandırıblar. London Külçə Bazarı Assosiasiyası 2022-ci il martın 7-dən etibarən Rusiya istehsalı olan külçələrə qadağa qoyub. Daha sonra Britaniya, Avropa İttifaqı, İsveçrə, ABŞ, Kanada və Yaponiya da Rusiya külçələrinin idxalına qadağa qoyub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qızıl tədarükü üzrə mütəxəssisi Luis Mareçal Rusiya qızılının mənşəyini gizlətməklə əridildikdən və yenidən formalaşdırıldıqdan sonra ABŞ və Avropa bazarlarına qayıtması ehtimalı barədə xəbərdarlıq edib. Rusiyanı daha da təcrid etmək üçün Vaşinqton administrasiyası ABŞ-nin sanksiya tətbiq etdiyi qurumlarla iş görən ölkələrə G7 bazarlarına çıxışı itirəcəkləri barədə xəbərdarlıq edib.
Ukrayna müharibəsi bütün dünyaya hər cəhətdən təsir etsə də, Qərbə qarşı olan bir çox ölkəni iqtisadi tərəfdaşlığa sürüklədi. Gündən-günə böyüyən Rusiya, Çin və bəzi ərəb ölkələri Avropanın sanksiyalarına cavab olaraq iqtisadi əməkdaşlıq edir. Önümüzdəki dövrdə güclənməsi və böyüməsi gözlənilən Şərq iqtisadiyyatı sayəsində ölkələrin beynəlxalq siyasi arenada daha çox söz sahibi olacağı düşünülür.
Sevinc Əliyeva
Ordu.az