“Leonardo” kompaniyası bildirib ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub: “İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya - Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir.
Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo”dan C-27J-nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Bu Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”.

Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında cəmi 2 İL-76 hərbi-nəqliyyat təyyarəsi mövcuddur. İL-76-dan xeyli kiçik olan C-27J Azərbaycan Hərbi Hava Qüvvələrinin yüngül nəqliyyat təyyarələrinə olan ehtiyacını ödəyəcək.
“Leonardo” Azərbaycanın C-27J nəqliyyat təyyarəsini alması ilə ümumilikdə 17 ölkənin bu təyyarəni aldığını açıqlayıb. Satışın məbləği və ya sövdələşmənin dəyəri barədə məlumat verilməsə də, bu satışın İtaliya ilə Azərbaycan arasındakı sıx enerji əlaqələri ilə bağlı olduğu bildirilib.
Azərbaycan İtaliyanı təbii qazla təmin etmək üçün Trans-Adriatik Boru Kəmərindən istifadə edir. Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Şahdəniz qaz yatağından təbii qazı Türkiyə ərazisindən keçməklə Yunanıstan və Albaniyaya daşıyan boru kəməri layihəsidir. Bu layihənin son hədəfi İtaliyadır.

Bundan əlavə, Azərbaycan “Leonardo”nun M-346 təlim-döyüş təyyarələrinə də böyük maraq göstərir. 2020-ci ilin fevralında Bakı Roma ilə 10 ədəd təyyarənin alınması ilə bağlı niyyət məktubu imzalayıb.
Cari C-27J taktiki nəqliyyat təyyarəsindən istifadə edən müştərilər arasında İtaliya, Litva, Meksika, Peru, Slovakiya, Mərakeş, Zambiya, Rumıniya, Keniya, Çad, Bolqarıstan, Yunanıstan, Sloveniya və Avstraliyanın hava qüvvələri var.
ABŞ-da təyyarə Sahil Mühafizəsi və ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən idarə olunur.
“Alenia” C-27J “Spartan”, “Leonardo-Finmeccanica” şirkəti (2016-cı ilə qədər keçmiş “Alenia Aermacchi”) tərəfindən hazırlanmış və orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutularaq istehsal edilmiş hərbi nəqliyyat təyyarəsidir. O, “Aeritalia” G.222 təyyarəsinin bazasında hazırlanıb və daha böyük “Lockheed Martin” C-130J “Super Hercules”də istifadə edilən mühərriklər və müxtəlif digər sistemlərlə təchiz olunub.
Dizayn, C-130J “Super Hercules”in “Rolls-Royce” AE2100-D2A mühərrikinə və 6 qanadlı pərvanəyə əsaslanır. Sözügedən mühərrik ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı verir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük götürmə qabiliyyəti 11 ton olan təyyarə 46-60 personalı daşımaq qabiliyyətinə malikdir.

Standart nəqliyyat konfiqurasiyasına əlavə olaraq, C-27J-nin dəniz patrulu, axtarış-xilasetmə, C3 ISR (komanda-idarəetmə, rabitə, kəşfiyyat, müşahidə və nəzarət), atəş dəstəyi üçün xüsusi variantları hazırlanıb. C-130 ilə uyğun gələn yükləmə sistemi ilə təchiz edilmiş C-27J, 2,2 m hündürlüyə malik palletləri 4550 kq-a qədər və ya 3,65 m uzunluğunda olan platformaları 6000 kq-a qədər daşıya bilir.

“Leonardo”nun məlumatına görə, C-27J-lər hazırda 16 ölkə tərəfindən idarə olunur və ikimühərrikli təyyarə 170.000 uçuş saatına çatıb.
İtaliya Hərbi Hava Qüvvələri təyyarənin əsasən iki müxtəlif versiyasının hazırlanmasını maliyyələşdirir. C-27J EW-Jedi, quru qoşunları üçün radioelektron təhlükələri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş radioelektron mübarizə (EW) versiyasıdır. Hazırda 3 ədəd “Jedi” təyyarəsinin istehsalı planlaşdırılır.

EW-Jedi radioelektron təhlükələri, xüsusən də quru qoşunlarını hədəf alan Əldəqayırma Partlayıcı Qurğuları (ƏPQ) aradan qaldırmaq üçün nəzərdə tutulub. ƏPQ-lər düşmən qüvvələri tərəfindən yerləşdirilmiş və partlayıcı ləvazimatlarla təchiz edilmiş partlayıcılardır. Onlar quru qoşunları üçün böyük təhlükə yaradır və hərbi əməliyyatların təhlükəsizliyinə ciddi təsir göstərə bilər. C-27J EW-Jedi, radioelektron mübarizə qabiliyyətindən istifadə edərək, ƏPQ kimi radioelektron təhlükələri zərərsizləşdirməyə qadir olan bir təyyarədir. Radioelektron mübarizə qabiliyyətinə malik təyyarə və ya sistem bu cür radioelektron təhlükələri, məsələn, ƏPQ-nin tətikləyici mexanizmlərini söndürməklə, siqnal ötürülməsini bloklamaqla və ya düşmənin rabitə şəbəkələrini pozmaqla aradan qaldırmağa və ya zərərsizləşdirməyə çalışır.

İkinci versiya “Pretorian” adlandırılan MC-27J “Multi-mission Aircraft” adətən xüsusi təyinatlılar üçün hazırlanmış versiyadır. Bu versiya xüsusi tapşırıqlar üçün xüsusi qabiliyyətlər təklif etmək üçün nəzərdə tutulub. Bu təyyarələrdə texnikanı daşımaq və təyyarəyə inteqrasiya etmək üçün bir pallet sistemi mövcuddur. Bu o deməkdir ki, müəyyən bir texnika və ya silah sistemi təyyarənin içərisində pallet üzərində daşına bilər. Texnikanın lazım olduqda asan yüklənməsi və ya çıxarılması üçün rahatlıq təmin edilir. “Pretorian” versiyası dəqiq idarə olunan sursat daşıya bilir. Bu isə onun müəyyən hədəfləri dəqiqliklə vura bilən idarə olunan sursatlardan istifadə edə bilməsi deməkdir.

Habelə 2020-ci ilin noyabr ayında “Leonardo” əməliyyat səmərəliliyini və performansı artırmaq üçün yeni avadanlıq, sistemlər və aerodinamik həllər ilə C-27J “Next Generation” proqramını işə salıb. Hazırda şirkət tərəfindən müştərilərə bu versiya da təklif olunur. Azərbaycanın məhz bu versiyaya üstünlük verdiyi düşünülür.
Firuz Bağırov
Ordu.az