Yer üzündə çox millət yaşayır, lakin öz milli kimliyini qoruyub saxlaya bilməyənlərin dövləti, dili bir vaxtlar məhv olub və bu xalqlar digər xalqların içində assimilyasiyaya məruz qalıblar. Azərbaycan xalqına qarşı da uzun illər qeyd etdiyimiz mənfur siyasət həyata keçirilib: bizim torpağın istər zəngin sərvəti, istərsə də düşünən beyinləri daim güclü dövlətlərin “tamahı”nı cəlb edib. Ona görə də tariximiz boyu yaşadığımız çoxsaylı müharibələr qaçılmaz olub: zəfərlərimiz çoxdur və daim də zəfər çalacayıq, çünki Allah bu torpağın qorunması, insanlarının səfərbər olunması məqsədilə hər dəfə ən çətin məqamlarda güclü sərkərdələr yetişdirir! Yüksək elmi biliyi, dünyagörüşü olan insanların Allaha inamı daha böyükdür, çünki bu insanlar elmi araşdırmalar nəticəsində əmin olurlar ki, Allahın insanlara buyurduqlarının hamısı Yer üzərində insanlığı, mənəviyyatı qorumağa xidmət edir. Milli kimliyimizi – türkçülüyümüzü, demokratiyamızı, milli birliyimizi, milli qürurumuzu Allaha olan inamımızdan, islam dinimizdən kənarda təsəvvür etmək mümkün deyil: dini təfəkkürümüz bizi daim azğınlığa, itaətə boyun əyməməyə səsləmiş və kölə xislətliləri tənqid etmişdi: “Allah yolunda savaşın sizinlə savaşanlarla...” , “Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxardın onları. Fitnəkarlıq adam öldürməkdən daha betərdir... Savaşsalar, öldürün onları. Budur kafirlərin cəzası”.
Tarixi zəfərlərimiz çoxdur. Ancaq dövlətimiz SSRİ-nin tərkibində olduğu zamanlar (1922–1991-ci illər) hansı uğurmuz olmuşdusa hamısı sovetlər birliyinin adına yazılırdı. 18 oktyabr 1991-ci ildə SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edib (1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüququ varisidir). SSRİ-nin dağılma ərəfəsində münbit şəraitin olmasını fürsət bilmiş, dünyanın idarə edilməsində pay sahibi olmaq iddiasında olan dövlətlərin maraqlarına xidmət edəcək “alət” rolunu oynamağı milli xarakterinə höpdurmuş ermənilər Azərbaycanın döyünən ürəyi, milli qürur mərkəzi olan Qarabağ uğrunda döyüşlərə (I Qarabağ müharibəsi) başladılar. I Qarabağ müharibəsinin (1988–1994) əsas məqsədi SSRİ-nin tərkibindən ayrılan Azərbaycandan daha çox ərazi qopardaraq erməni ərazisini genişləndirmək və böyük ermənistan arzusunun reallaşması istiqamətində irəliləmək idi. Həmin dövrlərdə ermənilərə sovetlər birliyinin hərbi bazalarından çoxlu sayda silah-sursat miras qalmışdı, eləcə də xaricdə yaşayan ermənilər tərəfindən müharibəyə hazırlıq istiqamətində yardımlar edilmişdı... Bu dövrlərdə Azərbaycan xalqı gözləmədiyi xəyanətlə baş-başa qalmışdı... Hərbi gücün düşmən tərəfinin xeyrinə olmasına baxmayaraq Azərbaycan xalqı I Qarabağ Müharibəsində məğlub olmadı: 1994-cü ildə atəşkəs elan edildi ("Bişkek protokolu" imzalandı). I Qarabağ Müharibəsində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, çoxlu sayda soydaşlarımız ata-baba yurdlarından köçkün düşdü..., milli qürur məkanımıza çevrilən Şəhidlər Xiyabanları salındı... Uzun illər Azərbaycan xalqı qisas-intiqam hissi ilə yaşadı: şüuraltına yığılmış, sıxışdırılmış travmalar nəhayət ki, 2020-ci ildə vulkan kimi püskürdü: Sərkərdəmiz İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatını icra edən Azərbaycan ordusu tarixi zəfər çaldı: itirilmiş torpaqlarımız qayıtdı..., 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirildi... Bu qələbəni bizə Azərbaycan dövləti, xalqı var olduqca milli qürur simvollarına çevrilərək yad ediləcək Şəhidlərimiz, Qazilərimiz, Veteranlarımız və digər döyüş iştirakçılarımız yaşatdı.
Dövlətimizin diqqəti və qayğısı bu seçilmiş insanlara nə qədər yüksək səviyyədə olsa da yenə də müharibə sonrakı posttravmatik stress pozuntularının (PTSP) yaşanılması qaçılmazdır. Müharibə sonrakı posttravmatik stresslərin aradan qaldırılması istər frontal, istərsə də fərdi yanaşma kontekstində dərin psixoloji təhlilllər və tədqiqatlar tələb edir. PTSP – psixi sağlamlıq üçün təhlükəli, qorxulu, olduqca böyük mənəvi-psixoloji fəsadlara səbəb olan pozuntulardır. Bu pozuntular aradan qalxmadıqca zaman-zaman şüuraltındakı “toxum”larını daha geniş psixi sahələrə şaxələndirərək dəhşətli hadisələrin yaşanmasına səbəb ola bilər, məsələn, suisid, eləcə də problem yaşayan insan tərəfindən onun ətrafındakı insanların həyatları üçün də təhlükə...
Posttravmatik stress səbəbləri müxtəlif ola bilər: həyatdakı travmatik hadisələr, zorakılıq, ölüm-insan itkisi, müharibələr, təbii və ya ontropogen fəlakətlər və s. Posttravmatik stress yaşanması ehtimal olunan insanlar risk qrupuna daxil edilərək mütəxəssislər tərəfindən nəzarətə götülür və zaman-zaman onlara psixoloji yardım göstərilir. I Qarabağ Müharibəsi sonrası yaşanan posttravmatik stresslərin aradan qaldırılması istiqamətində psixoloji təcrübəsizlik səbəbindən lazımi səviyyədə iş həyata keçirilməsə də nəzəri araşdırmaları və bəzi praktik uğurları inkar etmək olmaz. Lakin, II Qarabağ Müharibəsi sonrası istər frontal, istərsə də fərdi şəkildə xeyli işlər görüldü. Uğurlu işlərin olmasına baxmayaraq problemlər yenə də qalır və qalacaq. Çünki, elə elm sahələri mövcuddur ki, tədqiqat üçün aktual olan problemlər araşdırıldıqca tədqiqat sferası daralırsa psixologiya elminin və psixoloji xidmətin tədqiqat sferası dövrü dəyişikliyə analoji bağlılıq səbəbindən həndəsi silsilə ilə artmağa davam edir: yaşanan xatirələr, travmalar və digər psixi təsirə malik hadisələrin izləri yaddaş hüceyrələri vasitəsilə nəsildən-nəslə ötürülür. Müharibələr məhz belə hadisələrdəndir ki, onun vurduğu fəsadlar tək tarixi kitablarda qeydə alınmır, qan yaddaşımızda da əbədi həkk olunur.
Döyüşçülərin psixi travmalarını digər insanların travmalarından fərqləndirən əsas cəhətə diqqət yetirək: müharibədə onlar ölümə hazırlıq proqramı ilə döyüşə qatılıblar... bu proqram sağ qalanlarda şüuraltına sıxışdırılıb..., lakin, "münbit" şəraitdə qabarır və proqram işə düşür...!!! Ona görə də müharibədən sonra hansısa stressogen faktor yaşanan zaman müharibə iştirakçılarının suisid törətməsi hallarına cidd yanaşmaq tələb olunur ki, psixoloji sirayət baş verməsin. Hələ vaxtilə də ikinci dünya müharibəsi döyüşçülərinin və onların ailə üzvlərinin mühitə identifikasiyası problemi psixoanalitik Eriksonun (ing. Erik Homburger Erikson) diqqətini cəlb etmişdi. Erikson müharibə iştirakçısı olan pasientləri barədə qeyd edirdi ki, “...müharibə şəraitində əsgərlər öz rollarına alışır, lakin müharibədən qayıtdıqdan sonra cəmiyyətdə normal şəxsiyyətlərarası münasibətlərə adaptasiya çətinliyi yaşayırlar və bu çətinliyi keçə bilməyənlər nevroz xəstəliyinə tutulurlar...”.
Müharibələr zamanı yaşanan travmalar sosial, siyasi, iqtisadi, fizioloji, psixoloji və digər müxtəlif istiqamətlərdə təhlil edilir. Qeyd edilənlər içərisində ən mürəkkəbi hərbi psixoloji travmalardır (HPT). Təsnifatına görə HPT-lər növbəti şəkildə qruplaşdırılır: kəskin, 2) yarımkəskin (orta), 3) xroniki. Kəskin HPT davranış reaksiyaları əsasən 2 formada özünü göstərir: a) adaptasiya olunmuş, b) adaptasiya olunmamış (dezadaptasiya). Dezadaptasiya davranış reaksiyaları akronim (yun. άκρος “ifrat”, όνυμος “ad”) COSR (Combat and Operational Stress Reaction) hesab edilir. Posttravmatik hərbi stress pozuntuları xroniki qrupa aid edilir.
II Qarabağ Müharibəsi döyüşçüləri arasında posttravmatik hərbi stress pozuntusu yaşayanların bəzi problemlərinin təhlilini aşağıdakı nümunələrdə göstərək
(məqalənin müəllifi – Lamiyə Qurbanovanın övladı II Qarabağ Müharibə Veteranıdır və nümunələr (1,2,3) də (anonimlik gözlənilməklə) müəllifin pasientlərinə aiddir).
Nümunə 1. Susid riskinə daxil olan pasient yuxularında şəhidlərlə söhbət etdiyini və ağ, səliqəli geyimdə, üzləri təlaş olmuş, nur üzlü ruhların hansı döyüş yoldaşlarına (döyüşlərdə əsgərlərin üzlərinin tüklü olması, paltarların çirklənməsini və digər çətinlikləri yadına salırdı...) aid olduğunu tanımadığından xəcalət hissi, narahatçılıq, vicdan əzabı yaşadığını qeyd edirdi. Psixoanalizdə yuxuların təhlili metodikasından istifadə edilərək pasientin yuxularındakı şəhid ruhlarının kimliyinin təyini prosesi həyata keçirildikdən və onlarla bağlı hansı yarımçıq xatirənin və ya prosesin tamamlanmadığı aşkarlanaraq lazımi xidmət istiqaməti seçilib, eləcə də digər kompleks psixoloji xidmət tədbirləri həyata keçirilərək pasientə yardım edilib.
Nümunə 2. Bioloji varlıq kimi hər kəsin şüuraltı təbəqəsində nüfuzunu qoruma instinkti mövcuddur və bu instinkt insanı müxtəlif səpkili fəaliyyətlərə təhrik edir, insan qələbə eyforiyasına olan ehtiyacını ödəməyə çalışır. Çünki, hər hansı məğlubiyyət hissi orqanizmə həm psixoloji, həm də fizioloji tərəfdən neqativ təsir göstərir. Məğlubiyyət zamanı dofamin və endorfinin miqdarı azalır, yorğunluq, ağrı, stress hormonu olan kortizolun miqdarı çoxalır və adrenalinlə qarışaraq qorxunu daha da artırır (bu proses isə ümumilikdə, orqanizmin immunitetinə mənfi təsir göstərir), sinir toxumaları qanı özünə doğru çəkir, nəticədə əzələlər zəifləyir, beyinin hippokamp (yun. hippocampos – baş beyinin bir hissəsi olub, emosiyaların və yaddaşın formalaşmasında aktiv iştirak edir) adlanan hissəsi aktivləşir və yaddaşda uğursuzluqla bağlı neqativ xatirələr qabarır, bu xatirələr də bütün ömrü boyu ağır yük kimi insanı qarabaqara izləyir. Döyüşçü pasient də həyati problemlər qarşısında məğlubiyyət sindromu yaşayırdı. Posttravmatik stress pozuntusu yaşayan döyüşçü pasientin özügerçəkləşdirməsi arzusunu (döyüşə gedərkən sevmədiyi işlə məşğul olurmuş və döyüşdən qayıtdıqdan sonra da sevmədiyi həyatı yaşayacağını düşünərək həyata, sosial ünsiyyətinə qarşı apatiya yaşayırdı) həyata keçirilməsinə yardım etməklə və bu prosesə ailə üzlərini də cəlb etməklə, eləcə də şüuraltındakı neqativ yükləri pozitivə yönəltməklə uğura nail olunub.
Nümunə 3. Döyüşdən qayıtdıqdan sonra N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçmə zərurəti ilə üz-üzə qalmış əsgər vaxtilə bu hərbi hissədə çiyin-çiyinə onunla xidmət etmiş döyüş yoldaşlarının artıq hər gün lövhədə asılmış şəkilləri ilə görüşərək onların şəhidlik zirvəsinə ucaldığını ancaq özünün onlarla bir yerdə niyə şəhid olmaması sualı ilə özünü qınayaraq suisid riski yaşayırdı. Hərbi hissənin psixoloqu tərəfindən göndərişlə məzuniyyət verilərək bu sindromdan hərbi hissədən kənarda psixoloqların kompleks yardımı nəticəsində psixi sağlamlığını bərpa etmiş döyüşçü pasient digər hərbi hissəyə köçürülərək xidməti borcunu uğurla yerinə yetirib.
Hər üç nümunədə psixoloji yardım məqsədilə psixoanalizdən aparıcı metod olaraq istifadə edilib: nümunə 1-də psixoanalizdə yuxuların yozumu+psixoanalitik terapiya metodikası istifadə edilib, nümunə 2-də psixoanaliz vasitəsilə “sıxışdırılma” müdafiə mexanizminin “sublimasiya” müdafiə mexanizmi ilə əvəzlənməsinə yardım edilib, nümunə 3-də pasientə psixoanaliz+psixoanalitik terapiya tətbiq edilib. Bu metodikalara (psixoanaliz və psixoanalitik terapiya) nə üçün üstünlük verildiyini elmi baxımdan aşağıdakı şəkildə əsaslandıraq.
Şəkil 1-dən görünür ki, psixika üç təbəqəyə ayrılıb (psixoanalizə görə): 1 – şüuraltı təbəqə; 2 – senzura; 3 – şüuri. Şüuraltı təbəqədəki “+” və “-” işarəli məlumatlar hərəkətdədir və senzura təbəqəsindən keçərək şüuri təbəqənin köməyilə reallaşmaq istəyir, reallaşma baş vermədikdə psixoloji yüklənmə baş verir və psixoloji neytrallıq pozulur. Psixoloji neytrallığın pozulmaması üçün psixoloji müdafiə mexanizmi (termin ilk dəfə 1984-cü ildə Z.Freyd tərəfindən işlənib) işə düşür. Psixoloji müdafiə (və ya özünümüdafiə) - psixikaya doğru yönəlmiş neqativ təsirlərin gücünün minimuma endirilməsini həyata keçirən, qoruyucu xarakterli prosesdir. Müdafiə mexanizmlərinin əsasını psixoloji müqavimət, dayanıqlıq təşkil edir. Müdafiə mexanizmləri sadə (ilkin) və mürəkkəb (ikincili) ola bilər.
Psixoloji müdafiənin əsas funksiyası şəxsiyyətin şüurunu neqativ təəssüratlardan qorumaqdan ibarətdir.
Psixoloji müdafiə mexanizmləri çoxdur, ən populyarları:
1) proyeksiya (lat. projectio – qabaqlamaq) – insan öz səhvlərini, hisslərini, fikirlərini və s. xəyalən başqasına yükləyir;
2) reqressiya (lat. regressus - əkshərəkət) – neqativ təsirə qarşı müqavimət xarakterli impulslar göndərilir, daha çox uşaqlarda, zəif tiplərdə, infantil şəxslərdə özünü göstərən haldır (məsələn, özünü yalandan xəstə kimi aparmaq...);
3) izolyasiya – psixoloji gərginlik yaşadan hadisə unudulmasa da, onun barəsində düşünməmək, bu haqda düşüncələri özündən uzaq tutmaq;
4) identifikasiya (lat. identificāre – eyniləşdirmək) – baş vermiş neqativ halı başqalarının da yaşadığını düşünüb təsəlli tapmaq, məsələn, “ellə gələn toy-bayramdır” (atalar sözü);
5) səmərələşdirmə – gərginlik yaradacaq halın gücünü azaldacaq təskinliklərdən istifadə etmək, məsələn, “əl ətə çatmayanda xarabdır deyilər” (atalar sözü);
6) intellektualizasiya – insan hissi elementləri özündən uzaqlaşdıraraq hər şeyi intellektual ölçülərlə, sakitliklə dəyərləndirir (yəni, insan hadisələrə emosiyaların iştirakı olmadan, neytral baxır);
7) təxəyyül – fantaziyalarında, xəyallarında arzulanan gələcəyi yaradaraq rahatlıq tapmaq;
8) sublimasiya – arzuolunmaz impulsları arzulanan istiqamətə yönəltməyi bacarmaq;
9) sıxışdırılma – neqativ məsələlər şüuraltına sıxışdırılır (guya unutdu, əslində unudulmur),
10) kompensasiya – hansısa neqativi pozitivlə tarazlamağa çalışmaq;
11) əvəzləmə – öz gərginliyini kiminsə üstünə atmağa imkan verir, məsələn, evdə böyük uşaq danlananda hirsini özündən kiçikdən çıxmağa çalışır;
12) məqsədəuyğunluq – baş verənləri xeyrə yozmağa imkan verir.
Psixoanaliz vasitəsilə şüuraltında mövcud olan travmaların hansı müdafiə mexanizmi vasitəsilə “gizlədildiyi” aşkarlanır və prosesin pasient tərəfindən dərk edilməsinə, psixikanın transformasiyasına yardım edilir. Psixoanalizdə yuxugörmənin yozulması prosesinə də geniş yer verilir (təbii ki, əgər pasient onu tez-tez narahat edən və yadda saxladığı yuxulardan şikayət edirsə...). Yuxugörmənin yozulması metodikası psixoanalizin ən böyük nailiyyəti hesab edilir: “...yuxugörmənin yozulması ruhi həyatda bişüurun dərkinə aparan şahanə yoldur” (Ziqmund Freyd). Yuxugörmənin yozulması məqsədilə tətbiq edilən ən populyar metodlar: 1)“yuxugörmənin material”larının (yuxugörmə zamanı ruhun işlədiyi səhnələr, obyektlər, heyvanlar, proseslər, hadisələr və s.) real həyat hadisələri və ya personajlarla əlaqəsinin təyin edilməsi metodu, 2) azad assosiasiyalar metodu (yuxunu yada salaraq ardını real həyatda təxəyyül təsvirindən istifadə etməklə tamamlamaq); 3) dialoq metodu (pasientlə psixoanalitikin dialoqu əsasında yuxunun təhlilinə əsaslanır).
Qeyd edildiyi kimi, psixoanaliz vasitəsilə şüuraltında sıxışdırılmış, dərk edilməyən, “gizlənmiş” səbəblər təyin edilir. Bu metod bəzən çox uzun müddət tələb edə bilər. Lakin, posttravmatik hərbi stress pozuntuları yaşayan insanlara əksər hallarda qısa vaxt ərzində kifayət qədər müsbət təsir edəcək üsul tətbiq edilməlidir. Bu zaman psixoanaliz+psixoanalitik terapiyanın seçilməsi məqsədəuyğundur, çünki psixoanaliz vasitəsilə şüuraltı travmaların səbəbi aşkarlanır və psixoanalitik terapiya vasitəsilə də pasienti dinləyə-dinləyə psixoterapevt onun söylədiklərinin interpretasiyasını həyata keçirir. Psixoanalitik terapiya zamanı pasient uzanmamalıdır, seans psixoterapevtlə “üz-üzə” həyata keçirilməlidir, terapevt öz mimkası ilə də pasientə öz dəstəyini nümayiş etdirməlidir (psixoanalizdə isə psixoterapevt neytral mövqedə dayana bilərdi). Psixoanalitik terapiyada da psixoanaliz kimi sözlə müalicə üsulundan istifadə edilir: pasient onu narahat edən həyəcan, gənginliklər, emosiyalar və s. haqqında terapevtə məlumat verir və bu proses həyata keçirildikdə terapevt elə şərait yaradır ki, pasient danışdıqca psixoloji baxımdan yüngülləşsin. Qətiyyən pasienti hər hansı problemi yaşadığına görə günahlandırmaq olmaz. Hətta bəzi məsələləri birlikdə müzakirə edərək ortaq məqsədlərə gəlmək olar. Psixoanalitik terapiyanın metodları əsasən növbəti prinsiplərə əsaslanır: 1) insayt-orientasiyalı (anlamaq xarakterli) psixoanalitik terapiya; 2) supportiv (dəstək xarakterli) psixoanalitik terapiya. İlkin variantda adlarından da göründüyü kimi, pasientin problemləri araşdırılır, ikinci variantda isə dəstək nümayiş etdirilir. İkinci variantda psixoterapevt aktiv disskusiya etməyi bacarmalıdır, hətta tez-tez pasienti hansısa uğurlarına görə tərifləməlidir və s. Psixoanalitik metodlar istənilən halda aşağıdakı mərhələləri keçməlidir: 1) konfrantasiya (fransız sözü olub mənası qarşıdurmadır) – bu zaman psixoterapevt təyin etməlidir ki, pasient şüuraltında nəyə qarşı senzura yaradıb; 2) aydınlaşdırma – psixoterapevt hissə-hissə hər bir şeyi təsnif etməli, yerbəyer etməlidir; 3) interpretasiya; 4) mükəmməl şəkildə emal etmək (yardım etmək, həll etmək və s.).
Nəticə olaraq qeyd edilməlidir ki, HPT yaşayanlarla problemin ağırlıq dərəcəsi və pasientin fərdi-psixoloji resursları nəzərə alınmaqla psixoanaliz, psixoanalitik terapiya və digər kompleks psixoloji xidmət tədbirləri həyata keçirilə bilər. Qızıl qayda isə ondan ibarətdir ki, “nəticəsi uğurlu olan hər bir metod düzgün seçilmişdir!” Həyata keçirilən psixoloji xidmət işi
aşağıdakı mərhələləri özündə əks etdirir:
1. HPT-nin yaranma səbəbi, tarixçəsi barədə ətraflı məlumat toplamaq lazımdır ki, növbəti addımlar zamanı həssas məqamlara toxunulmasın;
2. Pasientin fərdi-psixoloji keyfiyyətləri haqqında ətraflı məlumata malik olmaq (psixoloji portretin dəqiq psixodiaqnostikasını həyata keçirmək);
3. Psixoloji xidmət proqramının seçilməsi və tətbiqi prosesi.
Qazilərin, veteranların normal həyata reabilitasiyasına müsbət təsir edən aşağıdakı addımlar HTP yaşayanlara göstərilən psixoloji yardımın uğurunu daha da artırır və
prosesi asanlaşdırır:
• döyüşdən evə qayıdanların layiqli şəkildə qarşılanması;
• döyüşdə iştirak edənlərin sosial statuslarının və döyüşmələrinin sosial əhəmiyyətinin ictimaiyyət tərəfindən tanınması, dəyərləndirilməsi;
• döyüşdə iştirak edənlərin statuslarının daha yüksək olmasının ictimaiyyət tərəfindən qəbullanması;
• döyüş iştirakçlarının hər hansı həssas duruma qarşı fərqli psixi reaksiyalar nümayiş etdirmələrinin anlayışla qarşılanması;
• döyüş iştirakçılarının aktiv ictimai işlərə cəlb edilməsi;
• ailədə döyüş iştirakçılarına maksimum qayğı və məhəbbətlə yanaşılması (psixoloji rahatlıq üçün əlverişli psixoloji iqlimin yaradılması);
• döyüş iştirakçılarının iştirak etdiyi hər hansı şəxsiyyətlərarası konfliktə dərhal müdaxil edib onun konstruktiv həllinə yardım edilməsi;
• zaman-zaman döyüş iştirakçılarının cəmiyyətdə yaşadıqları sosial stratifikasiyanın (lat. stratum “lay” + facio “edilən”) aradan qaldırılması.
Açar sözlər: posttravmatik hərbi stress pozuntusu, psixoanaliz, psixoanalitik terapiya, psixoloji müdafiə, transformasiya, şüuraltı
Ədəbiyyat siyahısı:
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya (dərs vəsaiti). Bakı, Çinar-çap, 2002, 620 s.
2. Əliyev R.İ. Psixologiya (dərs vəsaiti). Bakı, Nurlan, 2008, 352 s.
3. Qasımoğlu N. Qurani Kərim. Bakı, “Azərbaycan”, 1993, 368 s.
4. Qurbanova L.M. Psixi sağlamlıq (dərs vəsaiti). Bakı, Azəri (Sumqayıt), 2019, 216 s.
5. Караяни А. Г. Военная психология (учебник и практикум для вузов), Москва, Юрайт, 2021, 593 с.
6. Bişkek protokolu. https://az.wikipedia.org/wiki/Bi%C5%9Fkek_protokolu
7. Vətən müharibəsi. https://president.az/az/pages/view/azerbaijan/karabakh2
Qurbanova Lamiyə Mehdi qızı, ADPU-nun Ümumi psixologiya kafedrasının dosenti, ps.f.d.
Ordu.az