Türkiyənin T625 “Gökbey” ümumi məqsədli helikopteri – ARAŞDIRMA (FOTOLAR)

2023/05/TUSAS-3369496112.jpg
Oxunub: 938     12:31     24 May 2023    
2010-cu il iyunun 15-də Türkiyənin Müdafiə Sanayesi İcra Komitəsinin (SSİK) qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin və digər qurumların ehtiyacını qarşılamaq məqsədilə “Özgün” Helikopter Proqramı adlı layihə əsasında çalışmalara başlanıb.

2013-cü il yanvarın 3-də SSİK tərəfindən proqramın büdcəsi və təqvimi razılaşdırılıb, 2013-cü il iyunun 26-da isə SSM ilə TUSAŞ arasında müqavilə imzalanıb. Yüksək hündürlükdə və yüksək temperaturda, gündüz və gecə şəraitində, hətta ən çətin iqlim və coğrafiyalarda belə effektiv fəaliyyət göstərə bilən T625 “Gökbey” ümumi məqsədli helikopteri milli resurslar və imkanlardan istifadə edilməklə dizayn və istehsal olunur.

“Atak” helikopterinin istehsalı zamanı qazanılan bilik, təcrübə və qabiliyyət əsasında başladılan “Özgün” Helikopter Proqramı çərçivəsində transmissiya, pərlər və enmə avadanlıqları ilə bərabər korpus və avionika kimi mühüm sistemlərin dizaynı və istehsalı da tamamilə milli resurslardan istifadə edilməklə həyata keçirilir.


Helikopter vasitəsilə nəqliyyat, pilot təlimi, VIP və yük daşınma, havadan təcili yardım, daxili və sərhəd təhlükəsizliyi, sahil nəqliyyat xidməti, meşələrin mühafizəsi, axtarış və xilasetmə, o cümlədən yanğınsöndürmə vəzifələrinin yerinə yetirilməsi mümkün olacaq.

Yerli imkanlarla hazırlanan və istehsal edilən ilk ümumi məqsədli helikopter T625 “Gökbey” ilk uçuşunu 2018-ci ilin sentyabrın 6-da saat 06:00-da həyata keçirib və 2021-ci ildə kütləvi istehsala başlaması gözlənilir.

Helikopterin EASA (Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatı) və SHGM (Mülki Aviasiya Baş İdarəsi) tərəfindən sertifikatlaşdırılması üzrə işlər proqramla davam edir. T625 “Gökbey” təkcə günümüzün deyil, həm də gələcəyin əməliyyat tələblərini nəzərə alaraq qabaqcıl avionika ilə üstün performans və idarəetmə keyfiyyəti üçün nəzərdə tutulub.

“Gökbey” yüksək yük tutumlu geniş kabin sahəsi ilə bütün dünyada mülki və hərbi istifadəçilərin müxtəlif missiya profillərini yerinə yetirmək üçün asanlıqla konfiqurasiya edilə bilər.


Geniş missiya diapazonu

T625 “Gökbey” helikopteri karqo, VIP daşıma, təcili yardım, axtarış və xilasetmə əməliyyatları kimi müəyyən edilmiş missiya profillərini yerinə yetirmək üçün müxtəlif kabin içi yerləşdirmə seçimlərinə malikdir. Geniş kabin sahəsi və böyük yükgötürmə qabiliyyəti ilə T625 “Gökbey” bütün dünyada mülki və hərbi operatorlar üçün müxtəlif missiya profillərini yerinə yetirmək məqsədilə asanlıqla uyğunlaşdırıla bilər.

Baxım asanlığı

T625 “Gökbey” helikopteri struktur, avionik və mexaniki sistem dizaynları çərçivəsində əməliyyat hazırlığını maksimuma çatdırmağı və texniki xidmət xərclərini minimuma endirməyi hədəfləyir. TUSAŞ İnteqrasiya edilmiş Logistika Dəstək Xidmətləri tərəfindən hazırlanan T625 “Gökbey” Baxım Xidməti Planları və mütəxəssis personalın dəstəyi ilə gözlənilməz vəziyyətlərə nəzarət etməyi və səmərəliliyi artırmağı hədəfləyir.

Taktiki-texniki xüsusiyyətləri

Uzunluğu - 15.87 m
Kütləsi - 6050 kq
Asma yanacaq çəni - 280 kq
Ekipaj - 2 nəfər
Desant - 12 nəfər
Kreyser sürəti - 306 km/saat
Müksimum uçuş yüksəkliyi - 6069 m
Uçuş məsafəsi - 740 km
Havada qalma müddəti - 3.8 saat

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gökbey  


Bizi "telegram"da izləyin