Vaşinqtonun hava şarı “qorxu”su davam edir: “Daha bir sirli şarı izləyirik”

2023/05/gizem-1683098453.jpg
Oxunub: 2097     13:19     03 May 2023    
Vaşinqton ABŞ və Çin arasındakı casus şar böhranından sonra bir müddətdir başqa bir sirli şarı izlədiklərini açıqlayıb.

Pentaqonun bazar ertəsi verdiyi açıqlamada, təxminən 11 kilometr yüksəklikdən uçan şarın heç bir manevr etmədiyi və onun xarici ölkə tərəfindən idarə edildiyinə dair heç bir işarənin olmadığı bildirilib.

Hava şarının kimə məxsus olmasının hələ müəyyən edilmədiyi və səlahiyyətlilərin işlərini davam etdirdiyi qeyd olunub.

Nazirliyin açıqlamasında həmçinin bildirilib: “Balon kritik müdafiə infrastrukturu və ya həssas ərazilərdən birbaşa keçməyib. Bu, yerdəki mülki şəxslər və ya hərbçilər üçün təhlükə yaratmayıb”.

Şəxsiyyətləri açıqlanmayan 3 məmur ABŞ-ın “NBC News” telekanalına danışaraq Havay adaları üzərində uçan şarın təxminən bir həftədir izləndiyini bildirib.

Balonun Çinə aid olmadığını düşünən mənbələr obyektin Meksikaya doğru hərəkət etdiyini qeyd edib. ABŞ-ın Hind-Sakit Okean Komandanlığından anonim şəxs cümə günü 3 F-22 döyüş təyyarəsinin Havay adaları üzərində nəzarət uçuşu həyata keçirdiyini bildirib.

Qurum rəsmisi bildirib ki, hava şarının keçidinin təqib edildiyi və bunun heç kimə təhlükə törətmədiyi anlaşılıb. ABŞ hərbi qırıcıları indiyədək 4 obyekti yerə endirib.

Bu obyektlərdən birincisi fevralın 4-də Cənubi Karolina ştatı yaxınlığında, ikincisi fevralın 10-da Alyaska üzərində, üçüncüsü fevralın 11-də Kanada hava məkanında, sonuncusu isə fevralın 12-də ABŞ-ın Miçiqan ştatındakı Huron gölü üzərində vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin