Paşinyanın təşvişindən sonra Putinin İlham Əliyevə zəngi və Talışdan verilən cavab: “Müzəffər Ordumuz cavab verəcək!”

2023/03/1679238185.jpg
Oxunub: 1346     18:59     19 Mart 2023    
Üç gün öncə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutdu. Kremlin yaydığı məlumatda telefon danışığının Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutması qeyd olunmur. Buna əsasən deyə bilərik ki, söhbətin təşəbbüskarı Moskva olub. Məlumata görə, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bununla bağlı Putinlə İlham Əliyev arasında qarşılıqlı razılıq əldə olunub, yoxsa Rusiya və Azərbaycan prezidentlərinin praktiki tədbirlərlə, başqa sözlə, sabitliyin təmin olunması şərtləri ilə bağlı fikirləri o qədər də müqayisə oluna bilməz? Bunu demək çətindir.

Maraqlıdır ki, telefon danışığı İlham Əliyevin Ankaraya səfərindən sonra olub, o, Türk Dövlətləri Təşkilatının Assambleyasında çıxış edib, həmçinin Ermənistanla problemlərdən danışıb. Dövlət başçısı bildirib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub: “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır”. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır və 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Prezident İlham Əliyevin Ankaradakı çıxışında kifayət qədər açıq mesajlar var idi. İrəvanda da Azərbaycanın bu istiqamətdə konkretlik tələb etdiyini yaxşı bilirlər. Vaxt qazanmağa çalışan rəsmi İrəvan nəticədə gərginliyi artırır. Eskalasiya riskinin yüksək olduğunu vurğulayan Ermənistanın baş naziri Nikol Paşinyan martın 13-də telefon danışığında Rusiya prezidentinə özünün yaratdığı gərginliklə bağlı məlumat verib, üstəlik “narahat” olduğunu bildirib. Bəs Putin-İlham Əliyev telefon danışığı Ermənistanın “narahatlığı”nı dağıdıb, yoxsa onu artırıb?

Martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində bu suallara tam cavab verərək bildirib: “Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək”, - deyən dövlət başçısı vurğulayıb ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək: “Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.

Ukrayna müharibəsi kontekstində hərbi-siyasi gərginliyin artan meyllər göstərdiyini nəzərə alsaq, Moskva üçün hazırda Qafqazın sabitliyi strateji əhəmiyyət kəsb edir. Çində hakimiyyətinin reproduksiyasını martda başa çatdıran Çin prezidenti Si Cinpinin martın 20-də Moskvaya gəlməsi də diqqət çəkir. Çin daha canlı xarici siyasət və bəlkə də hərbi-siyasi ambisiya nümayiş etdirir və Moskva səfəri istər-istəməz Qafqaz regionunda oyunçuların davranışlarına təsir edəcək bəzi diqqətəlayiq tendensiyaları ortaya çıxara bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Putin   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin