Madrid Aİ-nin ən böyük təlim təyyarələri parkını daha da böyüdür - Daha 16 ədəd PC-21 sifarişi

2023/03/1679216089.jpg
Oxunub: 307     14:53     19 Mart 2023    
İspaniya "Pilatus Aircraft" şirkətindən əvvəlki sifarişinə əlavə olaraq daha 16 ədəd PC-21 təlim təyyarəsi sifariş edib.

Ordu.az xəbər verir ki, iki tərəf arasında müqavilə İspaniyanın Mursiya şəhərindəki Aviasiya Akademiyasında imzalanıb.

Müqaviləyə həmçinin PC-21 simulyatoru, iki kokpit prosedur təlimatçısı, əlavə missiyanın planlaşdırılması, məlumat axtarış sistemləri və pilot təlimi proqramı daxildir. Satınalmanın məbləği 445 milyon avrodur.

İspaniya ilk PC-21 təlim təyyarəsi sifarişini 2020-ci ilin əvvəlində verib. Bu sifarişlə İspaniyaya 24 ədəd PC-21 təlim təyyarəsinin çatdırılması nəzərdə tutulurdu. "Pilatus" 2022-ci ilin yayında İspaniyaya 24 ədəd PC-21 sifarişinin son partiyasını çatdırıb. Bu təyyarələrdən razı qalan İspaniya əlavə olaraq PC-21 sifarişi verib. Avropanın ən böyük PC-21 təlim təyyarələrinin parkı hazırda İspaniyada yerləşir.


Akademiyanın Hava Əməliyyatları Qrupunun komandiri polkovnik-leytenant İldefonso Martínez-Pardo Qonzales razılaşmadan sonra aşağıdakı açıqlamaları verib: "Etibarlı və səmərəli enerji təchizatı, aerodinamika, təhlükəsizlik sistemləri və avionika PC-21-i universal təlim təyyarəsi edir. Təyyarə ən sadədən tutmuş ən təkmil vəziyyətədək uçuş təliminin hər mərhələsini yerinə yetirə bilir”.

"Aviaciondigital"ın xəbərinə görə, sifariş edilən 14 ədəd PC-21 Aviasiya Akademiyasına təhvil veriləcək. Digər 2 ədəd PC-21 isə Silahlanma və Təcrübə Logistika Mərkəzinə (CLAEX) çatdırılacaq. Çatdırılacaq 2 ədəd PC-21 eksperimental, uçuş sınaq təlimləri və tədqiqat və təkmilləşdirmə fəaliyyətləri üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   PC-21  


Bizi "telegram"da izləyin