Paşinyan-Zaxarova “atışması”nda vicdan və qarşısıalınmaz çöküş – BAXIŞ BUCAĞI

2023/01/16717-1673954455.jpg
Oxunub: 389     14:28     17 Mart 2023    
“Əgər Rusiya Qarabağ əhalisinin (qanunsuz məskunlaşmış – red.) təhlükəsizliyini təmin edə bilmirsə, problemin həlli məqsədilə əlavə beynəlxalq dəstək üçün BMT Təhlükəsizlik Şurasına müraciət etsin”. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 15-də hökumətin iclasında bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın beynəlxalq mexanizmlərin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifini “inanılmaz söz oyunu” adlandırıb: “Yayınmadakı möcüzələr... Başqa ifadə tapa bilmirəm. Nə nəzərdə tutduğuna dair heç bir fikir yürütməyə və dediklərini təhlil etməyə cəhd etməyəcəyəm. Razılaşmaları və sazişləri də xatırlatmayacağam. Çünki bu ifadə o qədər izaholunmazdır ki, onu izah etmək fikrində deyiləm. Bu, inanılmaz söz oyunudur. Mənə elə gəlir ki, burada heç nəyi uydurmaq lazım deyil. Ölkəmizin üzərinə düşən bütün öhdəliklər dəqiq yazılıb. Siz buna düzgün diqqət yetirmisiniz. Bu öhdəliklər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında yazılıb. Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, hansı öhdəliyi ölkəmiz üzərinə götürüb, hansını yox. Bu qədər. Rusiya sülhməramlıları ondan asılı olan hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın. Bunu öz məsul olduğu zonada edir. Əlbəttə ki, burada bir çox şey bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalıdır və məqsədi ümumi uğur olmalıdır. Biz Ermənistan tərəfinin bəyanatlarına 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Ona görə də, biz Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”.

Zaxarova bəyan edib ki, 10 noyabr tarixli sənəddə Rusiya tərəfinin öhdəlikləri açıq şəkildə göstərilib. Yəni Zaxarovanın sözlərindən belə çıxır ki, Rusiya tərəfi geniş mənada status-kvonu təmin etmək öhdəliyini daşıyır, ayrı-ayrı, belə deyək, “yerli” epizodlar isə erməni tərəfinin üzərinə düşən öhdəlikdir. Təbii ki, Zaxarovanın sözləri Qarabağdakı seperatçıları silahlandıran və bununla yanaşı Laçın yolu ilə bağlı danışıqlardan imtina edən manipulyativ Ermənistan hakimiyyətinə sərf etmir, habelə o, müəyyən mənada “iş bölgüsü” formalaşdırır. Habelə bu çərçivədə problem şübhəsiz ki, Zaxarova deyil, bölgədəki reallıq və o reallıq çərçivəsində problemlərimizin həllidir. Azərbaycanın daxili məsələsi üzərində “iş bölgüsü”nün aparılması da qəbuledilməzdir.

Hazırda Ermənistanda Paşinyanın açıqlamalarına istinadən Aİ missiyasının genişləndirilməsi və ya başqa missiyanın formalaşdırılması üçün ilk növbədə “əvəzlənmə” ilə bağlı bir bəyanatın verilməli olduğunu ifadə edənlər artır. Məhz bu çərçivədə Ermənistanın daxili və xarici “iradəsi” ilə bağlı dəyişikliyin nəzərdən keçirilməsi müzakirə masasındadır. Lakin əgər belə bir bəyanat yoxdursa, o zaman belə bir “iradə”nin hələlik olmadığı qənaətinə də gəlmək olar. Mümkündür ki, Rusiya ilə təsir və qarşıdurma mübarizəsində olan hansısa tərəf Rusiyanın “uğurla” məğlub olduğu bölgədə məsuliyyəti öz üzərinə götürməyəcək. Yəni heç kim bu minvalla Rusiya və “şıltaq” strateji müttəfiqinin planlarının çökməsinə mane olmayacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zaxarova   Təxribat  


Bizi "telegram"da izləyin