Ordu.az-ın xəbərinə görə, “Vətənin Qurtuluşu Hərəkatının” lideri, Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan deyib ki, o, müxalifət haqqında danışmaq istəmir.
Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan yaxın vaxtlarda hərbi eskalasiyaya başlaya bilər. O, yeni müharibə təhlükəsindən xəbər verir” sözlərinə Manukyan belə cavab verib: “Mən bu müzakirələrdə çox da dərinə varmaq istəmirəm, amma müharibə riski həmişə var, orada yeni heç nə yox idi. Xüsusilə ona görə ki, Ermənistan ordunun yenidən qurulması, modernləşdirilməsi və yenidən döyüş qabiliyyətinə malik olması üçün heç bir səy göstərmir. Hər zaman təhlükə var”.
“Nikol Paşinyan eyham vurub ki, 2023-cü ilin sonuna qədər Azərbaycanın tələbləri yerinə yetirilməlidir” sözlərinə cavab olaraq o qeyd edib: “Anlaşılandır... Hər iki tərəf qırmızı xətt üzərində dayanıb. Müharibə həmişə bir ehtimaldır”.
“Arayik Harutyunyan Qarabağın Azərbaycanın tələb etdiyi inteqrasiya yolu ilə gedə biləcəyini istisna edir” cümləsinə cavab olaraq Manukyan deyib: “Təbii ki, inteqrasiya ola bilməz. Qarabağ məsələsi nə Arayikdən, nə İlham Əliyevdən, nə də Putindən asılı deyil. Bu, artıq uzun müddət qalacaq beynəlxalq məsələdir”.
Alpər Mövludoğlu
Ordu.az