3 SUAL| Səudiyyə-İran yumşalması və onun mümkün təsirləri

2023/03/mutak-1678899845.jpg
Oxunub: 256     15:15     18 Mart 2023    
İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Bu barədə ötən gün Çinin vasitəçiliyi ilə görüş keçirən İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd Aiban tərəfindən birgə bəyanatda bildirilib.

Bazar ertəsi Çinin paytaxtı Pekində başlayan danışıqlar nəticəsində əldə olunan razılaşma çərçivəsində İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirliklərini yenidən açacaq.

Bəs iki ölkə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan saziş nə üçün vacibdir?

1. Regional təhlükəsizliyə necə təsir edəcək?

Səudiyyə Ərəbistanı administrasiyası 2016-cı ildə şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfəri terrorçu fəaliyyətlərinə görə edam etdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. İranda edam hökmünə cavab olaraq keçirilən etirazlarda Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluq binaları fəallar tərəfindən yandırılıb. Yəməndə 2015-ci ildə başlayan vətəndaş müharibəsi səbəbindən onsuz da gərgin olan münasibətlər bu hadisədən sonra kəsilib.

ABŞ-da yerləşən Milli İctimai Radionun (NPR) internet saytındakı təhlildə qeyd olunub ki, münasibətlərin normallaşması Yəməndə İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında 8 ildir davam edən qarşıdurmaya son qoymağa kömək edə bilər. Həmçinin qeyd olunub ki, diplomatik addımlardan sonra İran husilərə silah tədarükünü azalda bilər.

İki ölkənin yenidən dialoqa başlamaq qərarının Suriyadakı vətəndaş müharibəsinə də müsbət təsir göstərə biləcəyi diqqətə çatdırılıb. Müharibədə İran və Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir, Səudiyyə Ərəbistanı isə üsyançıların tərəfindədir.

Həmçinin iki ölkə arasında yaxınlaşmanın Yaxın Şərqdə şiə-sünni qarşıdurmalarını yumşalda biləcəyi bildirilib. Qeyd olunub ki, hər iki ölkə 1979-cu ildə İran İslam İnqilabından sonra müsəlmanların liderliyi uğrunda mübarizə aparır. Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “Telegraph” 2019-cu ildə Səudiyyə Ərəbistanında neft emalı zavodlarına edilən hücumlardan sonra təriqətlər arasında gərginliyin artdığını xatırladıb. ABŞ və Səudiyyə Ərəbistanı raket və PUA hücumlarında İranı günahlandırıb, Tehran administrasiyası isə bu ittihamları təkzib edib.

2. ABŞ və Çin üçün bunun əhəmiyyəti nədir?

“Telegraph” ABŞ-ın neftin 10%-ni Səudiyyə Ərəbistanından idxal etdiyinə, Çinin isə enerji ehtiyacının böyük hissəsini İran və Körfəz ölkələrindən qarşıladığına diqqət çəkib. NPR-in xəbərində Səudiyyə Ərəbistanının müdafiə və silah sənayesində də ABŞ-dan asılı olduğu bildirilib.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” (WSJ) Pekin rəhbərliyinin belə bir görüşə ev sahibliyi etməklə Vaşinqtonun bölgədəki gücünə zərbə vurduğunu yazıb. Qeyd olunur ki, bu sürpriz inkişaf Vaşinqtona xəbərdarlıqdır. Yəni ABŞ-ın Yaxın Şərqdəki tarixi roluna və hərbi təsirinə baxmayaraq, Çin orada yüksələn iqtisadi və diplomatik gücdür.

Digər tərəfdən, xəbərlərdə Tehran-Ər-Riyad razılaşmasının ABŞ üçün müsbət təsirlərinin ola biləcəyi qeyd edilib. Bildirilib ki, Yaxın Şərqin sabitləşməsi ilə Vaşinqton Sakit okeanda təsirini artırmağa çalışan Çinə qarşı resurslarını orada cəmləşdirə bilər.

3. Reaksiyalar necə oldu?

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib: “Biz regionda gərginliyin azaldılması üçün istənilən səyi dəstəkləyirik”.

Digər tərəfdən, Kirbi “Bu, Çinlə bağlı deyil” deyərək ABŞ-ın bölgədəki çəkindirmə və diplomatik fəaliyyətlərinin də razılaşmanın müvəffəqiyyətlə əldə edilməsinə töhfə verdiyini müdafiə edib.

İran və Səudiyyə Ərəbistanı arasında danışıqları koordinasiya edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi deyib: “Bu, dialoqun qələbəsi, sülhün qələbəsi və dünyanın belə keşməkeşli vaxtında böyük bir müjdədir”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada razılaşmanın müsbət qarşılandığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının bəyanatında deyilir: “İran və Səudiyyə Ərəbistanı arasında mehriban qonşuluq münasibətləri Körfəz regionunun sabitliyi üçün zəruridir”.

Yəməndəki Husilərin danışıqlar qrupunun rəhbəri və sözçüsü Məhəmməd Əbdüs Salam razılaşmadan razı qaldıqlarını bildirib.

Livanın böyük güclərindən biri olan “Hizbullah” da razılaşmanı “müsbət inkişaf” kimi qiymətləndirib.

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş razılaşmadan məmnun olduqlarını bildirib və göstərdiyi səylərə görə Pekin administrasiyasına təşəkkür edib.

Misir Xarici İşlər Nazirliyi də Tehran və Ər-Riyad arasında atılan addımın regionda gərginliyin azaldılmasına kömək edəcəyini bildirib.

İraq Xarici İşlər Nazirliyinin “Twitter” hesabında verilən açıqlamada iki ölkə arasında razılaşmanın diplomatik əlaqələrdə yeni səhifə açdığı bildirilib.

Omanın Xarici İşlər Nazirliyi də İran, Səudiyyə Ərəbistanı və Çinin birgə üçtərəfli bəyanatını alqışladığını açıqlayıb.

Çin, İran və Səudiyyə Ərəbistanının cümə günü yaydığı birgə bəyanatda, Tehran və Ər-Riyad arasında 2021-2022-ci illər müzakirələrinə ev sahibliyi edən İraq və Omana da səylərinə görə təşəkkür edilib.

Bundan başqa, Qətər, İordaniya, Bəhreyn, Fələstin, Əlcəzair və Pakistan, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası Tehran-Ər-Riyad razılaşmasından razı qaldıqlarını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   İran  


Bizi "telegram"da izləyin