İtaliyadan Ukraynaya SAMP/T HHM sistemi tədarükü

2023/03/SAMPT-3356753178.jpg
Oxunub: 273     16:22     10 Mart 2023    
İtaliyanın xarici işlər naziri Antonio Tajani İtaliya və Fransanın birgə hazırladığı SAMP/T hava hücumundan müdafiə sisteminin yaxın iki ay ərzində Ukraynaya təhvil veriləcəyini bildirib.

İtaliyanın xarici işlər naziri Antonio Tajaninin verdiyi məlumata əsasən, İtaliya SAMP/T hava hücumundan müdafiə sisteminin 7-8 həftə ərzində işə salınmasını gözləyir. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna şəhərlərinə qarşı son raket hücumlarından sonra ABŞ-dan daha çox hava hücumundan müdafiə sistemi tədarük etməyi xahiş edib.


Ukrayna Müdafiə Nazirliyindən alınan məlumata görə, 2023-cü il fevralının əvvəlində Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin şimalındakı Kramatorsk şəhərinə çoxlu sayda raketlə hücum edib. Bundan əlavə, Ukraynanın müxtəlif bölgələri Rusiyanın “İsgəndər” ballistik raketləri ilə vurulub.

SAMP/T HHM sistemi

SAMP/T sistemi "Eurosam", MBDA və "Thales" tərəfindən birgə hazırlanmış hava hücumundan müdafiə raket sistemidir. Bundan əlavə, SAMP/T Sinqapur tərəfindən də istifadə olunur. SAMP/T ballistik raketlərə, qanadlı raketlərə, döyüş təyyarələrinə və PUA kimi təhlükələrə qarşı təsirli olan "Aster-15" və "Aster-30" hava hücumundan müdafiə raketlərindən istifadə edir.

SAMP/T hava hücumundan müdafiə raket sistemi 2008-ci ilin iyulunda İtaliya və Fransa ordularında istifadəyə verilib. 2020-ci ilə qədər İtaliya silahlı qüvvələrinin cəmi 20 ədəd SAMP/T sistemi olub. SAMP/T batareyası hər biri 8 ədəd raket daşıyan buraxılış qurğusu, 1 komanda idarəetmə bloku, 1 radar maşını, 1 generator maşını və 1 ədəd texniki xidmət və təmir maşını ilə koordinasiyalı şəkildə işləyir.


SAMP/T-nin istifadə etdiyi "Aster" raketləri Böyük Britaniya ilə yanaşı, Fransa və İtaliyada da aktiv istifadədədir. Orta hündürlük üçün istifadə edilən "Aster-15" 30+ km uçuş məsafəsinə, maksimum 13 km yüksəkliyə, "3 Mach" maksimum sürətə və 310 kq ağırlığa malikdir. Yüksək hündürlükdə və uzaq mənzilli hədəflər üçün istifadə edilən "Aster-30" isə 120 km mənzilə, maksimum 20 km yüksəkliyə, "4,5 Mach" maksimum sürətə və 450 kq çəkiyə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Ukrayna   SAMP/T  


Bizi "telegram"da izləyin