Baydenin Kiyevə Rusiya işğalının birinci ildönümündə tarixi səfəri ABŞ dəstəyinin davamını və qətiyyətini nümayiş etdirmək məqsədi daşıyırdı. Polşadan 10 saatlıq qatar səfəri tələb edən və Rusiyanın hücum ehtimalına baxmayaraq həyata keçirilən “gizli” səfər ABŞ prezidentinin aktiv döyüş bölgəsinə getməsi ilə həm də cəsarət nümayişi kimi təqdim edilib. Putinə meydan oxumaq mənasına gələn səfəri ilə Bayden Rusiyanın “strateji məğlubiyyətini” təmin etmək üçün “sona qədər dəstək” siyasətində qərarlı olduğunu göstərib.
5 saatlıq səfəri zamanı Bayden indiyə qədərki 25 milyard dollarlıq hərbi yardımdan əlavə, 500 milyon dollarlıq yeni hərbi yardım paketi və Rusiyaya qarşı əlavə sanksiyalar barədə də bəyanat verdi. ABŞ Ukraynaya ən çox yardım göstərən ölkə olsa da, ÜDM ilə müqayisədə Estoniya, Latviya, Litva və Polşa ən çox kömək edən ölkələr kimi seçilir. Bayden Kiyevdən sonra bu ölkələrin də daxil olduğu “Varşava 9” sammitində iştirak edib. NATO-nun ən yeni üzvləri üçün 5-ci maddə zəmanətinin vurğulayan Bayden, alyansın ortaq müdafiəsi və demokratiya baxımından Ukraynaya yardımın vacibliyini ifadə edib.
Baydenin keçən ilin martında işğaldan dərhal sonra Varşavada etdiyi çıxışda “Bu adam (Putin – red.) hakimiyyətdə qala bilməz” sözləri Moskvada onun rejim dəyişikliyi istədiyinə dair müzakirələrə səbəb olmuşdu. Bu il isə Ukraynada Rusiyanın qələbəsinin olmayacağı, demokratiyaların avtokratiyalara qalib gələcəyi və Putinin səhv hesablama apardığı kimi ifadələr gündəmdədir. Bayden Putini Ukraynaya daxil olanda NATO-nun cavab verməyəcəyini düşünən diktator və avtokrat kimi təsvir edib. Danışıqlardan bəhs etməyən Bayden sərt mesajlarla Putinə barmaq da silkələməyi unutmayıb.
Putin illik çıxışında Qərblə müharibə vəziyyətində olduqlarını və Rusiyanın əsas hədəf olduğunu müdafiə edib. Hər şeyin planlaşdırıldığı kimi getdiyini iddia edən Putinin verdiyi birlik mesajının rus xalqı arasında nə qədər reaksiya gördüyünü anlamaq çətindir. Putin “Moskva stadionu”nu dolduran 200 min insana deyib ki, müharibə Rusiya üçün ekzistensial mübarizədir. Daha sonra Çin xarici işlər naziri Vanq Yini qəbul edən Putinin Çin lideri Si Cinpinlə bağlı isti mesajları onun Qərbə qarşı tək olmadığını göstərmək məqsədi daşıyırdı.
Putin Rusiyanın yazdan etibarən yerinə yetirmədiyi nüvə silahlarını məhdudlaşdıran “Yeni START” müqaviləsindən çıxdığını da açıqladı. Hazırda 6000-dən çox nüvə silahına malik olan Rusiyanın qarşıdakı dövrdə nüvə silahlarını məhdudlaşdıran sazişə qayıtması ehtimalı çox azdır. Aydındır ki, Putinin bu qərarı beynəlxalq sistemə daha çox qeyri-sabitlik gətirəcək. Rusiyanın sazişdən çıxması dünya üçün təhlükəli bir risk sahəsi yaradır, çünki bu, iki gücün nüvə silahlanmasında konyukturadan müstəqil və proqnozlaşdırıla bilən əlaqələr qurmasını qeyri-mümkün edən qərardır.
Ukrayna müharibəsində yaz aylarında əməliyyatların şiddətlənəcəyi gözlənilir və artıq münaqişənin danışıqlar və diplomatiya yolu ilə həllindən danışanlar çox azdır. Ən azından Bayden və Putinin qarşılıqlı sərt ritorikası bunu nümayiş etdirir. İşğal cəhdinin birinci ildönümündə hər iki tərəf güclü olduqları, dost ölkələrin onları tək qoymadıqları və müharibəni “sona qədər” davam etdirə biləcəkləri mesajını vermək niyyətində idi. Deyə bilərik ki, Bayden və Putinin söz dueli hələlik nəzarətdən çıxmayıb. Ancaq aydındır ki, müharibə qısa zamanda bitməyəcək, çünki diplomatik həllə can atan ABŞ və danışıqlara hazır olduğunu deyən Ukrayna və ya Rusiya yoxdur.
Bayden administrasiyasının Ukraynanı strateji və ideoloji mübarizənin bir hissəsi kimi dəstəkləməsi də danışıqlar yolu ilə həllin mümkünlüyünü azaldır. Demokratiyaların avtokratiyalara qarşı mübarizəsini vurğulamaq Ukraynanın suverenlik uğrunda mübarizəsini daha geniş çərçivəyə qoyur. O da aydındır ki, Kiyevin məğlub olması Avropanın gələcəyini təhlükəyə atacaq və münaqişəni yayacaq. ABŞ-ın Ukraynadakı qətiyyəti həm də Çini onun cəhd edə biləcəyi hər hansı hərbi hərəkətə qarşı qorxutmaq məqsədi daşıyır. Qərb alyansını yaşatmaqla ABŞ-ın qlobal liderliyini davam etdirməsi Vaşinqtonun prioritetləri siyahısında birinci yerdədir.
Ukrayna müharibəsinə belə bir çərçivədən baxdıqda, ABŞ-ın danışıqlardan əvvəl yuxarıda qeyd etdiyimiz strateji hədəflərə üstünlük verdiyini görürük. Rusiyanın uzun sürən müharibədə zəifləməyə davam etməsi və Çinin Qərbin birliyindən ehtiyat edərək daha sakit davranması Vaşinqtonun maraqlarına uyğundur. Rusiya və Ukraynanın danışıqlar masası arxasına oturması üçün şərtlər yerinə yetirilməsə də, Bayden administrasiyasının danışıqlar, sülh və həll yolu kimi sözlərdən istifadə etməməsi ABŞ-ın Rusiyanın strateji məğlubiyyətinə üstünlük verdiyini göstərir.
Amerika hərbi yardımlarının qeyd-şərtsiz həyata keçirilməsinə etirazlarını bildirməyə başlayan respublikaçılar Baydenin strategiyasını çətinləşdirə bilər. Daxili çətinliklər Baydenin Avropa müttəfiqlərinə təzyiqini də azaldır. Bayden ölkə daxilində problemlər yaşayarsa, Ukraynaya “sona qədər” dəstəyin hər iki partiya tərəfindən qəbul edilmədiyi görüntüsü daha çox formalaşacaq. Belə olan halda Baydenin Avropaya təsiri zəifləyə və onun Putinlə sərt ritorik müharibəsi Qərb ittifaqını yaşatmaqdansa, barmaq silkələməkdən o yana getməyən bir addım kimi yadda qala bilər.
Asif Cəfərov
Ordu.az