ABŞ-dan sonra İsrail açılımı| Türkiyə zərbə PUA-ları bazarında liderliyə yüksəlir

2023/03/55-1678174408.jpg
Oxunub: 7677     11:31     07 Mart 2023    
Türkiyənin Pilotsuz Uçuş Aparatı (PUA) platformaları sahəsində ixrac performansı ABŞ-dan sonra İsrail müdafiə sənayesini də çaşdırıb.

2015-ci ilə qədər PUA-ların ixracında ABŞ, Çin və İsrail önə çıxsa da, bu sahədə işlərini sürətləndirən Türkiyə 8 ildən sonra 30-dan çox ölkəyə PUA ixrac etməyi bacarıb.

Türkiyənin PUA sahəsindəki ixrac uğuru xüsusilə ABŞ və İsrailin zərbə tipli PUA-larının ixrac siyasətinin sual altına düşməsinə səbəb olub. ABŞ, bəzi istisnalarla, indiyədək MQ-1 “Predator” və MQ-9 “Reaper” kimi PUA-ları çox yüksək qiymətlərlə yalnız çox yaxın olduğu Fransa, Böyük Britaniya və İtaliya kimi strateji müttəfiqlərinə ixrac edib.

İsrail isə ABŞ-dan daha çox ölkəyə PUA-lar ixrac edib. Lakin məlum olduğu kimi, onların hamısı silahsız vəziyyətdədir və yalnız kəşfiyyat və müşahidə missiyasını yerinə yetirə bilir.


Çinin demək olar ki, “PUA istəyirəm” deyən hər kəsə bu platformaları ixrac etdiyini söyləmək mümkündür. Ancaq Çindən tədarük etdikləri PUA-larda böyük keyfiyyət problemləri yaşayan ölkələr bu platformalardan səmərəli istifadə edə bilməyib. Əslində, İndoneziya kimi Çin PUA-larını tədarük edən ölkələr daha sonra Türkiyədən PUA-lar tədarük edib. Bundan əlavə, Çindən müdafiə tədarükü həyata keçirən ölkələr həm də ABŞ-ın sanksiyalarının və ya sanksiya təhdidlərinin hədəfi olub.

Xülasə, Türkiyənin bazara daxil olmasından öncə Fransa, Britaniya, İtaliya və Hollandiya kimi ABŞ-ın “elit müttəfiqi” olan ölkələr yüksək xərclərlə də olsa, ABŞ-dan zərbə tipli PUA-lar ala biliblər. Qalan ölkələr isə döyüş qabiliyyəti olmayan İsrail PUA-ları ilə keyfiyyət problemi olan Çin PUA-larının tədarükü arasında qalıb.

Türkiyənin bazara daxil olması ilə yuxarıda adı çəkilən, arada olan ölkələr keyfiyyət baxımından ABŞ, qiymət baxımından isə Çin PUA-ları ilə rəqabət aparan türk müdafiə sənayesi şirkətlərinin hazırladığı PUA platformalarına böyük maraq göstərib.


Türkiyə xüsusilə “Bayraktar TB2”, ANKA və AKINCI tipli PUA-ların ixracatı üçün indiyə qədər 30-dan çox ölkə ilə 40-dan çox ixrac müqaviləsi imzalayıb. Bu PUA-larla yanaşı, ROKETSAN çox ciddi sursat satışı həyata keçirib.

Bu vəziyyət ilk olaraq ABŞ-da mübahisələrə səbəb olub. Türkiyənin müdafiə sənayesi sektorunda çox ciddi qlobal bazar payını ələ keçirməsi səbəbiylə ABŞ müdafiə mütəxəssisləri ABŞ-ın PUA ixracı ilə bağlı siyasətini yumşaltmalı olduğunu müdafiə edirlər. Lakin Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi bir neçə ölkənin tələbinin ABŞ tərəfindən rədd edilməsi ABŞ Müdafiə Nazirliyində Pentaqonun silah satışı üzrə baş mütəxəssisi vəzifəsində çalışan Haydi Qrantın istefası ilə nəticələnib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) direktoru vəzifəsində çalışan Qrant 2021-ci ilin oktyabrında istefa verib.


Uzun müddətdir səssizliyini qoruyan İsrail müdafiə sektoru keçən həftə səssizliyini pozub. İsrailin müdafiə şirkəti IAI-nin vitse-prezidenti Ron Tryfus “Heron MK 2” PUA-sının zərbə versiyasını Avstraliyaya sata biləcəklərini açıqladı. İsrail PUA-ların ixracı ilə bağlı ABŞ-dan daha sərt siyasət aparır. Əslində internetdə axtarış edərək İsrail zərbə PUA-larının fotoşəkilini tapmaq mümkün deyil. İnternetdə axtarış aparsanız, həmişə mərmisiz PUA fotolarına rast gələcəksiniz.

Bununla belə, İsrailin PUA ixracı ilə bağlı siyasətini yumşaltmaq qərarı boş yerə verilən bir qərar deyil. Son zamanlar bir çox Asiya ölkəsi PUA-ları Türkiyədən tədarük edir. Üstəlik, bu ölkələrin açdığı bəzi tenderlərdə İsrail və Türkiyə PUA-ları yarışıb. Lakin onların əksəriyyətində sursat daşıdığı üçün Türkiyə PUA-larının xeyrinə qərar verilib.

Ola bilsin ki, ABŞ PUA platformalarının yaratdığı bazar payı ilə o qədər də maraqlanmır. Çünki PUA-dan daha çox gəlir əldə etməyə imkan verən müxtəlif müdafiə məhsulları var. Ancaq İsrailin müdafiə ixracatında PUA-lar çox əhəmiyyətli bir bazar payına sahibdir. Ona görə də deyə bilərik ki, İsrail bu qərarı rəqabətə davamlı olmaq üçün verib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin